https://www.zirve.edu.az/
19.09.2020 17:20
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)

2020-ci ilin 19 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) iki qocaman müəllimin təqaüdə ayrılması münasibətilə tədbir keçirilib.

MDU-dan AzEdu.az-a bildirilib ki, mövcud şərtlər nəzərə alınmaqla açıq hava şəraitində təşkil olunan tədbir MDU-nun Mühəndislik fakultəsinin müəllimləri Əli Məmmədov və Mirzə Gumayevə həsr olunub.

Qocaman müəllimləri ehtiramla salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəllim əməyinə yüksək qiymət verilməsindən bəhs edib. Uzunmüddətli əmək fəaliyyəti olan mütəxəssislərin zəngin təcrübəsindən faydalanmağın əhəmiyyətini bildirən rektor hər iki pedaqoqun universitetin yaradılmasında və inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıb. Təqaüdə ayrılan hər iki müəllimin universitetdə ali təhsilli mütəxəssislərin hazırlanmasında böyük əməyi olduğunu qeyd edən Ş.Bayramov onların yetirməsi olan çoxsaylı məzunun hazırda cəmiyyət həyatının inkişafında fəal iştirak etdiyini bildirib.

Qocaman pedaqoqların 60 ilə yaxın müəllimlik fəaliyyətləri dövründə dövlətə və xalqımıza sadiq vətəndaş yetişdirilməsində yaxından iştirak etdiklərini vurğulayan rektor hər iki şəxsi zəngin təcrübəyə malik təhsil işçisi və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında fəal rol oynayan ziyalı kimi xarakterizə edib.

Universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələri, magistrantları və məzunları adından təşəkkürünü çatdıran Ş.Bayramov yorulmaz, səmərəli və nümunəvi fəaliyyətləri ilə hər iki şəxsin sözün əsl mənasında müəllim adını ucaltdıqlarını bildirib. Pedaqoqlara cansağlığı və uzun ömür arzulayan rektor onları universitetlə əlaqələri qoruyub saxlamağa, keçiriləcək tədbirlərdə fəal iştirak etməyə və MDU-nun növbəti mərhələdə də inkişafına töhfələr verməyə dəvət edib.

Qocaman müəllimlərə və ağsaqqal ziyalılara göstrəilən yüksək diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirən Əli müəllim və Mirzə müəllim öz həyatlarını təhsilə həsr etdiklərindən fəxarət hissi keçirdiklərini qeyd ediblər. Universitetin keçdiyi inkişaf yolu barədə danışan hər iki pedaqoq MDU-nun yaxın gələcəkdə yeni dövrün tələblərinə uyğun inkişaf etməsi üçün ciddi zəminlərin olduğunu vurğulayıblar. Onlar universitetin mövcud infrastrukturunun daha da inkişaf etdirilməsini və gələcəkdə doktorantura səviyyəsi üzrə də mütəxəssis hazırlığının həyata keçirilməsini arzuladıqlarını bildiriblər. Hər iki müəllim bundan sonra da MDU-nun fəaliyyətinə mümkün töhfələr verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Səmimi formatda keçən görüşdə Əli müəllim və Mirzə müəllimin tələbəsi olmuş MDU əməkdaşları öz xatirlələrini bölüşüblər.

Tədbirdə təqaüdə ayrılan Əli Məmmədova və Mirzə Gumayevə MDU-nun fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.