Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 17:57:00
BANM tələbələri SOCAR AQŞ-nin "Tələbə Təqaüdü Müsabiqəsi"nin qalibi olub

Bakı Ali Neft Məktəbinin iki tələbəsi SOCAR AQŞ-nin 2020-2021-ci tədris ili üçün elan etdiyi “Tələbə Təqaüdü Müsabiqəsi”nin qalibi olub.

 

AzEdu.az xəbər verir ki, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Vüsal Kərimov və Türkan Əliyeva müsabiqənin bütün mərhələlərini uğurla keçiblər.

 

SOCAR AQŞ-nin Əməliyyatlar və İnsan Kapitalı bölməsinin məsul əməkdaşlarından ibarət Münsiflər heyəti tərəfindən onların  bilik və bacarıqları yüksək qiymətləndirilib. 

 

Qaliblər aldıqları aylıq təqaüddən başqa, gələcəkdə SOCAR AQŞ-də karyera qurmaq imkanlarından da yararlana biləcəklər. Eyni zamanda, onlar təşkil olunan təlim və tədbirlərdə də iştirak hüququ qazanıblar.

 

Tələbələr hər iki mərhələnin sual-cavab baxımından çətin və məsuliyyətli olduğunu, texniki sualların üstünlük təşkil etdiyini bildiriblər. Buna baxmayaraq, onlar I və II mərhələdən uğurla keçməyə müvəffəq olublar. Vüsal Kərimov və Türkan Əliyeva əldə etdikləri təqaüdə görə müsabiqənin təşkilatçılarına təşəkkür edib və etimadı doğruldacaqlarını qeyd ediblər.

 

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbi ilə SOCAR AQŞ arasında imzalanmış anlaşma memorandumuna əsasən, 2015-ci ildən etibarən BANM-in Neft-qaz mühəndisliyi ixtisasının tələbələri hər il “Tələbə Təqaüdü Müsabiqəsi”ndə iştirak edirlər.

 

Qeyd edək ki, SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.