https://www.zirve.edu.az/
05.08.2020 12:01
Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır  

EA Mərkəzi Elmi Kitabxanada elmin davamlı və sistemli inkişafının təmin edilməsi məqsədi ilə Akademik fondların təşkili nəzərdə tutulur.


Kitabxanadan AzEdu.az-a verilən məlumata görə, Akademik fondlara Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda akademik elmi dünya miqyasında tanıdan Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir.

 

Hazırda kitabxanada bu qəbildən Yevgeniy Eduardoviç Bertels, Boris Nikolayeviç Zaxoder, Y.A.Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır. MEK Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərliyi və hörmətli akademiklərimizə müraciət edir.

 

Akademik kolleksiyalar beynəlxalq aləmdə qəbul edimiş biblioqrafik standartlara görə kataloqlaşdırılacaq, kolleksiyaya daxil olan hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi inventar ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq. Biobiblioqrafik Elektron Məlumat Bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq. Kolleksiyaların vaxtaşırı, əlamətdar və tarixi günlərdə müvafiq qaydada sərgiləri, təqdimat-mərasimləri keçiriləcək.

 

Xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək, kolleksiyaların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün zəruri şərait təmin olunacaq.Beynəlxalq elmi əlaqələrdə kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi aparılacaq.