https://www.zirve.edu.az/
29.07.2020 10:00
Distant Təhsilin Çatışmazlıqları, Yeni Nazirdən Gözləntilər-Ekspert açıqladı
Çap et

Koronavirusun pandemiyasının yayılması bir çox sahələrə mənfi təsir göstərdi. Bütün bunlar Azərbaycandan da yan keçmədi. Digər sahələr kimi təhsil sahəsi də koronavirusun ziyanları ilə üzləşdi. Mart ayında ölkədə ənənəvi təhsilin dayanması ilə distant təhsilə keçidin əsası qoyuldu və tədris internet üzərindən aparıldı. Bəs koronavirus Azərbaycanda təhsil sahəsinə nə dərəcədə ziyan vurdu? Distant təhsil bunun qarşısını ala bildimi?

Bütün bunlarla bağlı təhsil eksperti Elçin Əfəndi  öz fikirlərini bildirib:

“Məlum olduğu kimi mövcud durumda sırf pandemiya vəziyyətindən asılı olaraq təhsilimiz ənənəvi qaydadan distant təhsil formasına keçib. Mart ayından etibarən Təhsil Nazirliyinin distant təhsillə bağlı ilk layihəsi televiziya üzərindən oldu.  Sonra isə “Microsoft Teams” proqramı vasitəsilə dərslərin keçirilməsi nəzərdə tutuldu və dərslər tədris olundu. 2019/2020-ci tədris ilinin ikinci yarımilliyi məhz distant formada həyata keçirildi və tədris ili yekunlaşdırıldı. Koronavirusun dünyada pandemiya elan olunması ilə dərslərin dayanması şagirdlərin, müəllimlərin və təhsil cameəsinin dərslərdən geri qalmasına gətirib çıxardı. Ənənəvi qaydada olan dərslərin dayanması səbəbindən çıxış yolu distant təhsil oldu. Amma distant təhsil də əlçatanlığı tam təmin etmədi. Çünki, ölkə üzrə distant təhsilə qoşulmaq üçün bütün respublikanın internetlə təmin olunması vacibdir. Bundan əlavə, hər bir ailədə müvafiq informasiya texnologiyaları olmalıdır ki, hər kəs rahatlıqla dərslərə qoşulub tədris ala bilsin. Başqa bir problem də ondan ibarətdir ki, məsələn, bir ailədən eyni vaxtda 3 nəfər internetin zəif olması səbəbilə dərslərə qoşula bilmir.”

 

Ekspertin fikrincə, qeyd olunan bütün problemlərə baxmayaraq koronavirus pandemiyası Azərbaycanda təhsil sahəsinə tam ziyan vura bilmədi:

 

‌”Ümumi götürsək ki, koronavirus bizdə təhsilə ziyan vurdu və biz, ümumiyyətlə, təhsil ala bilmədik fikri yanlışdır. Çünki, Təhsil Nazirliyinin vaxtında atdığı adekvat addımlar yüz faiz olmasa da, 60-70 faiz təhsil alan şəxsləri təhsillə təmin etdi. Bu baxımdan bizə ziyansız ötüşdü. Ancaq qarşıdakı vaxtlarda pandemiya davam edərsə, yoluxma halları yüksək olarsa, və bu səbəbdən növbəti tədris ilində də distant təhsil davam edərsə, o zaman bütün qeyd olunan problemlərin aradan qaldırılması və təhsilin ölkə üzrə əlçatanlığının tam təmin edilməsi üçün mütləqdir ki, yeni təhsil naziri Emin Əmrullayev də müvafiq dövlət qurumları ilə birlikdə müəyyən addımlar atacaq.” – deyə ekspert bildirib. (bilgisel.az)