Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 13:03:00
Gənc alimlər ermənilərin son təxribatları ilə bağlı bəyanat yaydılar

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdikləri təxribatla ilə bağlı bəyanat yayıb.

 

AzEdu.az xəbər verir ki, bəyənatda deyilir:

 

“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini və dinc mülki əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutmuş, nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olmuş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühüm ziyan dəymişdir.

 

 

Atəşkəsin tələblərini kobud sürətdə pozaraq Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri Ermənistan dövlətinin təcavüzkar siyasətini və beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymamasını bir daha nümayiş etdirir. Bu günədək BMT Təhlükəsizlik Şurasının qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən şərtsiz və tamamən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə açıq-aşkar hörmətsizlik və saymamazlıq nümayiş etdirən işğalçı Ermənistan sonuncu təxribat əməli ilə BMT-nin Baş katibinin COVİD-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsünə qarşı da mövqeyini ortaya qoymuş oldu. İşğalçıya qarşı alternativ tələblər bütün beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul olunmuş sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul etdiyi 1416 saylı və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi 2216 saylı qətnaməsində də əksini tapsa da təcavüzkar azğınlıq nümayiş etdirməklə beynəlxalq normalara və sənədlərə açıq-aşkar meydan oxumaqda davam edir.”

 

 

Bəyanatda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edilərək təcavüzkara qarşı konkret sərt addımlar atılması, beynəlxalq hüquq normalarına uyğun ciddi sanksiyalar tətbiq etməklə bağlı kəskin mövqe ortaya qoyulması tələb olunub.

 

 

Bəyanatda qeyd edilir ki, Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bu konvensiyanı imzalamış ölkələrin, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya seyrçi mövqe sərgiləməsi pislənilmiş, həmçinin, vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək haqqını özündə saxlaması bəyanatda əksini tapmışdır.