Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 16:21:00
“Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür” -SƏDR MÜAVİNİ  

 

“Məktəblərin bağlanması heç də müəllim-şagird əlaqələrinin kəsilməsinə gətirib çıxarmadı”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr  müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

 

O, Təhsil Nazirliyi və DİM-in bəyanatına uyğun olaraq,  xarici universitetlərdə təhsillərini  davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi məsələsinə münasibət bildirib.

 

 

“Emossional gərginlik vəziyyətində hər hansı bir narahatlıq yaratmağa lüzum yoxdur.

 

 

Respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində belə bir birgə qərarın qəbul edilməsi Təhsil Nazırliyi və DİM tərəfindən təhsilalanlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

 

 

Vətəndaşların təhsil almaq hüquqlarnı təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan  məzunlara müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi barədə qərar Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında da bildirildiyi kimi  mövcud vəziyyətlə əlaqədar  olub, tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün yarana biləcək  hər hansı bir çətinliyin aradan qaldırılması məqsədinə xidmət edir. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı  bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin təqdim edilməsi tələb olunur.

 

Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir”.

 

 

Nadir İsrafilov İctimai Şuranın bu qərarın qəbul edilməsində böyük rolu olduğunu deyib:

 

 

“Onu da əlavə edim ki, xaricdə təhsil almaq hüququ qazanmış builki məzunlar və onların valideyinləri tərəfindən Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bizə edilən çoxsaylı müraciətlər əsasında həmin kateqoriyadan olan məzunlara ümumi təhsil haqqında dövlət sənədi verilməsi ilə bağlı Təhsil Naziri cənab Ceyhun Bayramova ünvanladığımız müraciətimizin nəticəsi olaraq aidiyyati qurumların birgə qərarı ilə məsələ müsbət həllini tapıb.

 

 

Onu da xatırladım ki,  məktəblərin bağlanması heç də müəllim-şagird əlaqələrinin kəsilməsi olmayıb, əksinə müvəqqəti yaranan böhranlı vəziyyətdən çıxış yolu kimi təbii hadisənin cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsirini minimuma endirmək,  digər ehtiyat mexanizmlərinə istinad etməklə vəziyyəti normal axara salmaq istiqamətində fəaliyyəti daha da stimullaşdırıb.

 

Mütəmadi yayımlanan teledərslər, digər mümkün vasitələrlə yanaşı, təkcə, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ölkənin ən iri onlayn platforması olan “Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb. Bu günlərə kimi portalda 1,5 milyon dəfədən artıq dərs keçirilib, virtual siniflərdə 1,3 milyonyondan artıq dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.

 

 

İmtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması və həmin şəxslərin yekun qiymətləndirilməsinin aparılaraq onlara attestat verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, belə bir qərara gəlinməsi zərurətdən doğan vacib bir addım kimi qiymətləndirilməli,  bunun nə kimi müsbət və ya  mənfi tərəfləri barədə fikirlər müqayisə və ya  mübahisə obyekti ola bilməz”.

 

 

Qeyd edək ki, 7 iyuldan başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları