https://www.zirve.edu.az/
13.05.2020 14:17
Şura üzvü: "Təhsillə bağlı verilən qərarlar daha çox  zamandan asılıdır"
Çap et

“İctimia Şura olaraq dəfələrlə Təhsil  naziri Ceyhun Bayramovla, müavinlər və şöbə müdirləri ilə görüşüb müxtəlif mövzularda müzakirələr aparmışıq. Bu dəfəki videokonfrans təbii ki, pandemiyanın yaratdığı müvəqqəti təsirlərin aradan qaldırılmasının daha optimal yollarının düşünülüb, razılaşdırılması və ümumi rəyə gəlinməsi ilə bağlı idi”.

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, Şuranın Təhsil naziri ilə birgə baş tutan videokonfransında müzakirə olunan məsələlərdən danışıb.

 

“Məlum olduğu kimi ictimai iştirakçılığın məqsədlərindən biri də qərarların qəbulu zamanı ictimai rəyin öyrənilməsi, vətəndaşların qanuni maraqlarının nəzərə alınması və hüquqlarının müdafiəsidir. Təhsil Nazirliyi yanında İctimai Şura sosial təcrid şəraitində belə bu istiqamətdə fəaliyyətini dayandırmayıb, maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsi və ümumiləşdirilməsi istiqamətində onlayn görüşləri vasitəsilə müzakirələr aparıb.

Nazirlə İctimai Şura üzvləri arasında videokonfrans bizimlə ilk formatda olsa da ilk görüşümüz deyil. Dəfələrlə Nazirlə, müavinlər və şöbə müdirləri ilə görüşüb müxtəlif mövzularda müzakirələr aparmışıq.

Bu dəfəki videokonfrans təbii ki, pandemiyanın yaratdığı müvəqqəti təsirlərin aradan qaldırılmasının daha optimal yollarının düşünülüb, razılaşdırılması və ümumi rəyə gəlinməsi ilə bağlı idi.

 

Əlbəttə, burada hər hansı bir konkret qərar qəbul edilməsindən söhbət gedə bilməzdi və proseslərin sonrakı gedişi ilə bağlı, vəziyyətə müvafiq olaraq hansı addımların atılması əsas müzakirə predmeti idi. Müzakirələr zamanı əsasən tədrisin məsafədən təşkili, təhsilə əlçatanlığın təmin olunmasının daha səmərəli üsul və formaları, təhsilalanların qiymətləndirilməsi, imtahanların keçirilməsi, yay tətilinin təşkili, əlavə dəstəkləyici vasitələrdən və çevik modellərdən istifadə olunması imkanları və təhsil ictimaiyyətini, bütövlükdə cəmiyyəti maraqlandıran bir çox digər məsələlərlə bağlı Şura üzvlərinin, rəy və təklifləri dinlənildi, Nazir yekun sözündə hər bir təkliflə bağlı mülahizələrini bildirdi.

Hesab edirəm ki, işgüzar şəraitdə keçən görüşdə səsləndirilən təkliflər növbəti vəzifələrin həyat keçirilməsində müəyyən əhəmiyyət kəsb edə bilər”.

Şura üzvü təhsillə bağlı verilən qərarların daha çox zamanla bağlı məsələlər olduğunu qeyd edərək  təhsilin dövlətinin prioritet istiqaməti olduğunu da vurğualyıb.

 

“Düzdür, sonradan videokonfransda müzakirə olunan çoxsaylı məsələlərdən bir qisminə, o cümlədən məktəbdaxili qiymətləndirmə, imtahanların müddəti və keçirilməsi, imtahana salınan suallar, tədris ilinin uzadılıb, uzadılmaması və bu kimi digər məsələlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən növbəti brifinqində Nazir və DİM Direktorlar Şurasının sədri tərəfindən müəyyən aydınlıq gətirildi, bununla belə bəzi məsələlər barədə dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamana bağlı olan məsələdir. Təkcə onu deyə bilərəm ki, hadisələrin sonraki gedişatından asılı olmayaraq təhsil dövlətin prioritet sahəsi olub və olaraq qalmaqdadır.

 

Ciddi sarsıntılar yaratmış qlobal pandemiya şəraitində Ölkə başçısının Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 20,0 (iyirmi) milyon, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün 10,0 (on) milyon manat ayrılması bunun bariz nümunəsidir”.