Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 11:31:00
“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?-TƏHLİL

 

 

“Virtual məktəb” şəhər və rayon məktəblərində nə qədər əlçatan olsa da, kənd üçün müəyyən problemlər yarada bilər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

 

 

O, təhsil sahəsində aparılan islahatların effektivliyi haqqında fikirlərini bildirib:

 

 

“XX əsrin son onilliklərində və yaşadığımız XXI əsrdə təhsilin (öyrənmənin və öyrətmənin) təbiəti, yeni tədris paradiqması və qlobal təhsil trendləri ilə bağlı məsələlər daha ciddi müzakirə müstəvisinə çıxarılıb.

 

 

XXI əsrdə artıq baş verən və baş verəcək metadəyişikliklər dünya təhsil sistemini yeni sınaqlar və çağırışlar  qarşısında qoyur, təhsildə zaman-zaman yeni yanaşmaların ortaya qoyulmasını zəruri edir. Yuval Noah Harari "XXI əsr üçün 21 dərs" adlı tədqiqatında qeyd edir ki, bu gün doğulan körpə 2050-ci ildə 30+ yaşında olacaq. Əgər hər şey yaxşı olsa, 2100-cü ildə də buralarda olacaq, hətta o, XXII əsrin aktiv vətəndaşı ola bilər. Biz bu körpəyə nə öyrədək ki, 2050-ci ilin və ya XXII əsrin dünyasında yaşaya bilib tərəqqi etsin?” Həqiqətən, düşündürücü sualdır”.

 

 

Aqşin Məmmədov vurğulayır ki, təhsil yüksək insan kapitalı və texnologiyalar vasitəsilə iqtisadi artımın drayverinə çevrilməkdədir:

 

 

“Bu səbəbdən aparıcı dövlətlər təhsildə yeni yanaşmalar axtarışındadır. Məsələyə yeni dünya və yeni insanı formalaşdırmaq hədəfi kontekstindən yanaşanda dünya təhsil sisteminin çağırışlarına cavab vermək və yaranan problemləri önləmək üçün Azərbaycanın təhsil sistemində də bu istiqamətdə konkret addımların atılması zəruri və təqdirəlayiqdir”.

 

 

O, “Virtual məktəb” layihəsi haqqında fikirlərini bölüşüb:

 

 

“Aprelin 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilməsi də pandemiya ilə bağlı yaranan mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib.

 

 

Qeyd edim ki, layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

 

“Virtual məktəb” layihəsinin əsas faydalarını bir neçə istiqamətdə qeyd etmək olar. Bu layihənin ən böyük üstünlük və yeniliklərdən biri zəruri bilik, vərdişlərin və kompetensiyaların qazanılmasında təhsil almaq istəyənlərin əsasən müstəqil və onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşmasıdır. İkincisi, bu layihə müəllim-şagird, müəllim-tələbə arasında virtual əlaqəni və məlumatlara (biliyə) əlçatanlığı təmin edir, üçüncüsü, hər iki tərəf arasında qarşılıqlı məsuliyyəti artırır. Dördüncüsü, hər iki tərəfə üçüncü tərəfin (direktor, dekan və s. məsul şəxsin, həmçinin valideynin) nəzarətini, bununla da tədrisin keyfiyyətinə birbaşa onlayın baxışı mümkün edir. Eyni zamanda şagird, tələbələrin birgə layihələrdə daha interaktiv iştirakını, tədrisin praktikliyini təmin edir. Onların tədris prosesində fikrini yayındıran telefonla oynamaq, danışmaq və s. bu kimi pis vərdişlərinin qarşısını alır və müəllimə dərsi daha interaktiv aparmağa kömək edir”.

 

 

Baş məsləhətçi bu layihənin müəllim, şagird və tələbələr  tərəfindən mənimsənilməsi üçün internetə çıxışlarının olmasını ilə izah edir:

 

 

“Bu, şəhər və rayon məktəblərində nə qədər əlçatan olsa da, kənd məktəbləri üçün müəyyən problemlər yarada bilər. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu ilin iyun-iyul aylarında yeni imtahan modeli ilə bağlı apardığı sorğu nəticəsində müəyyən edilmişdi ki, keçən il imtahanlarda xarici dillər üzrə tətbiq edilən dinləmə qurğusu xüsusilə region (kənd) məktəbliləri üçün müəyyən problemlər yaradıb, onların əksəriyyəti bu suallara cavab verməkdə çətinlik çəkiblər. Bu da kənd məktəblərində linqafon kabinetlərinin az sayda olması və hətta müəllimlərin onlardan istifadəsinin aşağı səviyyədə olması ilə birbaşa bağlı idi. Yəni eyni problemi “Virtual məktəb” layihəsi ilə yaşaya bilərik.

 

 

Bunun üçün Təhsil Nazirliyi digər qurumlarla (məsələn, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi və Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ilə) birgə aztəminatlı ailələrlə bağlı sosial layihə həyata keçirə bilər: yəni onların internetə pulsuz çıxışını təmin etmək, güzəştli şərtlərlə onlara kompüter vermək və s. olar. Bundan başqa, Təhsil Nazirliyi onlayn, distant tədris sahəsində qabaqcıl (məsələn, Finlandiya) təcrübəni öyrənməli və bu təcrübəni milli şərtlərə uyğu tətbiq etməli, müəllim və şagird/tələbələrin (öyrədən və öyrənənlərin) İT biliklərinin artırılması üçün müəyyən layihələr həyata keçirməli, müəllimlər üçün davamlı olaraq təlimlər, ixtisasartırma kursları və seminarlar təşkil etməlidir. Çünki bu layihə müəllimdən ilk növbədə yeni təlim metodlarını, dərsin diferensiallaşdırılmasını mənimsəməyi tələb edir”.

 

 

Qeyd edək ki, COVİD-19 pandemiyasının yarada biləcəyi təhlükəli vəziyyətin qarşısını almaq məqsədi ilə 20 aprelədək ölkəmizdə tədris və bununla bağlı bütün məsələlər təxirə salınıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları