https://www.zirve.edu.az/
24.02.2020 16:27
Yaranışın yeni formulu: Şərq hikməti və ya “Mühəndislik fəlsəfəsi”
Çap et

Əgər  XX əsrdə Qərbdə Anri Berqson “Yaradıcılıq təkamülü”nü yaradıbsa, XXI əsrdə  Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni  yaratdı.

 

Boris  Qusev akademik, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı

 

Sizə bir Şərq müdriki, yaratdığı hikmət xəzinəsinin sehri ilə bəşər övladına kamilliyə gedən yolun yolçusuna çevrilib ucalığı fəth etmək imkanı verən və onun sirrinə vaqif olmağın mümkünlüyünü göstərən  həmyerlimiz, dünyanın bir sıra ölkələrində nəşr olunan 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dək elmi məqalə və patentin müəllifi və həmmüəllifi, dünya şöhrətli alim-filosof  Əhəd  Canəhmədovun  olduqca maraqlı, tamam fərqli, yeni fəlsəfi baxışlarla zəngin “Mühəndislik fəlsəfəsi” adlı fundamental əsərindən söhbət açmaq istəyirəm...  Kitab dünya şöhrətli alim, Rusiya Mühəndislik Akademiyasının prezidenti, akademik Boris Qusevin əsərə yazdığı ön sözlə başlanır. Kitabın elmi redaktoru olmaq təklifi alan alim əsərlə tanış olduqdan sonra razılıq verə biləcəyini bildirsə də, bu tanışlıq nəinki onu elmi redaktor olmağa, hətta ön söz yazmağa vadar etmişdir. Akademik qələmə aldığı “Ön söz”də əsəri fəsil-fəsil təhlil edərək olduqca maraqlı fikirlər qələmə almış, bəzi hallarda heyrətləndiyini ifadə etmişdir... Elə qələmə aldığım məqalənin başlığına akademik B.Qusevin heyrətinin təsdiqi olan bir fikrini epiqraf kimi vermək qərarına gələndə özüm də bu müdrikliyin, bu hikmətin heyrətini yaşayırdım... Yəqin ki, oxucu da bu heyrətin, bu qeyri-adiliyin səbəbini bilmək intizarındadır... Nədir Əhəd Canəhmədov fəlsəfəsinin mahiyyəti?! Sual maraqların ifadəsi olduğu qədər, maraqlar da sualların ifadəsidir...

 

 

Əhəd Canəhmədov hələ uşaq yaşlarından qeyri-adiliyin, cavabsız sualların cavablarının ardınca düşüb... Olduğu sferada birincilik, ilkçilik qətiyyəti onu həmişə mövcudluğu bilinməyən, lakin var olan  həqiqətlərdən insanları  xəbərdar etməyə sövq edib... Dərinliklər  fatehi olmaq arzusu heç vaxt onu rahat buraxmayıb... Yer kürəsi onun düşüncələrinin miqyası üçün “kiçik” olub. Ona görə o, göylərin ənginliklərinə baş vurmaq, səmaların dərinliklərində düşüncələrini tapmaq, istəklərini reallaşdırmaq üçün elmin gücündən bəhrələnməyi qarşısına məqsəd qoyub...

 

Tribolgiya kimi nadir elm sahəsi üzrə Azərbaycanın ilk alimi olmaq ona nəsib olub. Tribalogiya hərəkət deməkdir. Hərəkət isə varlığın fəlsəfəsidir. Hərəkətin hikmətini varlığında mövcud olan müdriklik və bir qədər də inadkarlıq hissləriylə birləşdirən alim yaranışın əsas hərəkətverici qüvvəsi kimi mühəndislik fəlsəfəsini kəşf edib... və əslində hər şey də elə bundan başlanıb...  Əhəd Canəhmədovun fəlsəfəsi yaranışın əsasında mütləq bir mühəndislik fəlsəfəsinin dayandığını iddia edir. Hər bir varlıqda bir ölçü, hər hərəkətdə bir əndazə, bir çərçivə mövcuddur. Kainatı təşkil edən sonsuz qalaktikaların mövcudluğu və onların heyrətamiz dəqiqliklə hərəkəti heç şübhəsiz ki, sonsuz ölçülər, dəqiq hesablamalar, ölçülüb-biçilmiş parametrlər, bir sözlə  İlahi mühəndisliyə əsaslanaraq var olmuşdur... Təbiətin nizamlı varlığı, təkrarlanan davamlılığı hesablanmışdır... Cəmiyyətin qanunauyğunluqları verilmiş parametrlər əsasında davam edir... Musiqinin sehrli gücü 7 notun düzülüşünün nizamına əsaslanır... Dünyanın əşrəfi olan insanın mövcudluğu belə onun müxtəlif həyati parametrlərindən ibarətdir. Ürəyin vurğusu, arterial qan təzyiqinin həddi, qanda şəkərin miqdarının norması və sairə və ilaxır... Verilən normativlərin ciddi  pozulması mövcudatın sonluğudur. Hətta insan qəlbini riqqətə gətirən poeziyanın özü də ölçülərdən ibarətdir... Alimlərin son zamanlar gəldiyi nəticələr də Əhəd müəllimin fəlsəfi düşüncələrinin mütləq həqiqət olduğunu təsdiq edir. Dünya alimləri zəlzələlərin baş vermə səbəblərindən biri kimi Yer üzərində yüklənmələrin nizamsız olaraq artdığını göstərirlər. Belə ki, dünyanın ayrı-ayrı hissələrində aparılan tikintilərin, çıxarılan yeraltı sərvətlərin -bir sözlə, təbiətə edilən sonsuz təsirlərin nəticəsi olaraq  Yer kürəsinin tarazlığı  pozulur və planetimizin parametrlərinin bərpası və qanunauyğun hesabatların göstəricilərinə uyğunlaşdırılması üçün zəlzələlər, daşqınlar, vulkan püskürmələri baş verir... Necə deyərlər, dünyanın tarazlığı, mühəndisi hesablamaları fəlakət hesab etdiyimiz hadisələrlə bərpa edilir ki, məhvə məhkum olmasın... Bəzi alimlər Yer üzərində mövcud olan dağları və silsilələri dünyanın tarazlığını saxlayan çəki daşları hesab edirlər... Beləliklə, Əhəd müəllimin fəlsəfi nəzəriyyəsi vəhdət və mübarizədə, məkan və zamanda, təsadüf və zərurətdə - bir sözlə, bütün mövcud varlıqların əsasında mühəndislik fəlsəfəsinin dayandığını sübut edir...

 

 

Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktoru, mexanik-filosof, akademik Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” - məkan, zaman və həyatın mənası haqqında elmi-fəlsəfi traktatdır. Əsər Zaman, Məkan və həyatın mahiyyəti haqqında hikmət çeşməsidir...  Müəllif oxucunu zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onu orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır.  Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına istinad edilərək “Kainat niyə mövcuddur?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” kimi fundamental suallara cavab axtarılır. Traktatda ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında, eləcə də bu kimi digər mühüm suallara cavab verilir, elm və biliklə keçilmiş yolun dərk edilməsi üçün bilgi aşlanır. Əsər haqqında danışmaq olduqca çətindir... Çünki kitab haqqında yazılan məqaləyə kitabı olduğu kimi əlavə etmək lazımdır ki, oxucu nə demək istədiyini anlasın və səndən razı qala bilsin. Əsər elə bir vəhdət halında  ərsəyə gətirilib ki, onun ayrı-ayrı hissələrindən söz açmaqla həmin vəhdətin pozulacağından ehtiyat etməyə bilmirsən... Ümumiyyətlə, Əhəd Canəhmədovun fəlsəfəsi vəhdət fəlsəfəsidir... O, olduğu kimi görünməyi, göründüyü kimi olmağı tələb edir... Ona görə də kitabın fəsilləri barədə ümumi məlumat verməklə oxucunu bu hikmət xəzinəsi barədə yalnız xəbərdar etmək imkanına malikəm... Bu nəzəriyyə mütləq sülhə, dəqiq hesablara, mühədis ölçülərinə əsaslanır... Bu fəlsəfə sadə aksiomdur, mürəkkəb isbata ehtiyacı yoxdur... Bu A nöqtəsindən B nöqtəsinə qədər olan məsafənin B nöqtəsindən A nöqtəsinə qədər olan məsafəyə bərabər olması qədər sadə, lakin ən böyük və ən bariz həqiqətdir!

 

Düşünürəm ki, kitab haqqında oxucuya müfəssəl məlumat vermək missiyası ilə əlinə qələm götürən hər kəs mənim hislərimi keçirər, mənim kimi düşünərdi... Əhəd müəllim haqlı olaraq əsərin girişində oxucusuna xitabən yazır: “”Mühəndislik fəlsəfəsi” sizin qəlbinizdə heyrət doğurmayıbsa və sizin şüurunuzu riqqətə gətirməyibsə, deməli, siz onu başa düşməmisiniz”. Bəli, onu başa düşmək üçün i əsəri mütləq oxumaq, mənimsəmək və  mütailə etmək lazımdır.  Hər kəsə bu hikmət xəzinəsindən bəhrələnməyi arzulayıram...

 

 

 

“Mühəndislik fəlsəfəsi” 12 fəsildən ibarətdir. I fəsil “Kainatın yaranması haqqında düşüncələr” adlanır. Bölmədə kainatın yaranması haqqında mövcud olan nəzəriyyələr  təhlil edilir və məsələyə mahiyyət etibarı ilə mühəndislik fəlsəfəsinin ölçüləri əsasında yeni, daha çox həqiqət kəsb edən qiymət verilir... II fəsil  “İnsan mövcudiyyatının sirləri”, III fəsil “Materiyanın təkamülü”, IV fəsil “Həyatın qədim sirri”, V fəsil “İnsan mövcudluğunun mənası”, VI fəsil “Şüurun və beyinin qarşılıqlı münasibəti”, VII fəsil “Orta əsrlərdə türkdilli dünyada təbiətşünaslıq”, VIII fəsil “Keçmiş gələcəkdən fərqlənir”, IX fəsil “Xaos və nizam”, X fəsil “Dünyagörüşlərin yeni paradiqmaları. Açılmış sistemlərin entropiyası və özünütəşkili. Sistemlərin fraktal xüsusiyyətləri.”, XI fəsil “İncə dünyanın astanasında efir, fiziki vakum və fırlanan sahələr ” və ,nəhayət, XII fəsil “Dünyanı informasiya idarə edir” adlanır. Fəsillərin adları əslində əsərin əsl mahiyyəti barədə mükəmməl informasiya verir. Kitabın sonunda Əhəd müəllimin hikmət xəzinəsindən süzülən müdrik kəlamları əsər boyu heyrət içində olan oxucunun mühəndislik fəlsəfəsi barədə başa düşdüyü həqiqətlərin təsdiqi sonluğudur. Məncə, akademik Əhəd Canəhmədovun bu əsəri dünya fəlsəfi fikir tarixində tamamilə yenilikdir. Yaranışın yeni formulunu yaratmaq, əvvəlki nəzəriyyələri təhlil edərək onlara tənqidi sferadan yanaşmaqla mütləq həqiqətə söykənən yeni nəzəriyyə irəli sürmək və onu əsaslandırmaq Azərbaycan elminin dünya elm tarixinə yeni və fundamental hədiyyəsi hesab etmək olar. Yuxarıda qeyd etdiyim kimi, əsərin vəhdətini pozmamaq baxımından onun ayrı-ayrı hissələri barədə ayrı-ayrılıqda danışmaq istəməzdim. Lakin Əhəd müəllimin böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə bağlı ortaya qoyduğu həqiqətləri paylaşmaya bilmirəm. Beləliklə, alim “Mühəndislik fəlsəfəsi”nin “Orta əsrlərdə Türkdilli dünyada təbiətşünaslıq”adlı  VII fəslində yazır:

 

Orta əsrlər astronomiyasının, fəlsəfəsinin, riyaziyyatının inkişafında parlaq rol Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusiyə məxsusdur...

 

...1256-cı ildə monqol ordusu Əssasinlər qalasını mühasirəyə alıb dağıdan zaman Hülakü xanın qoşunu Tusinin məhbus kimi saxlandığı “Almut” qalasını tutdu. Hülakü xan Tusinin bir alim və mütəffəkir kimi haqqında kifayət qədər informasiyaya malik idi. “Alamut” qalasından azad olunduqdan sonra Tusi Hülakü sarayının ən mötəbər adamlarından birinə çevrilir...

 

 

... Aydın məsələ idi ki, Nəsrəddin Tusiyə astronomik məsələləri Hülakü xana izah etmək, ondan rəsədxananın tikintisi üçün icazə və vəsait almaq çətin idi. Bu barədə Karl Marks yazır: “Xoca Nəsrəddin Marağa şəhərində rəsədxananın tikintisinə başlamaq istəyən zaman nəzərdə tutulan xərclərin miqdarını elan edəndə Hülakü soruşur: “Bəyəm ulduzlar haqda elm o qədər lazımdır ki, bu miqdarda vəsaiti rəsədxananın tikintisinə sərf edirsən?” Cavabında Nəsir demişdi: “Gəlin belə edək: tutaq ki, kimsə tam məxfi şəkildə dağa qalxır və oradan iri boş ləyəni buraxır, böyük gurultu eşidilir. Buna görə Hülakü xanın ordusunda çaxnaşma başlayır. Nəsrəddin Hülakü ilə bunu müşahidə edir və özlərini sakit aparırlar. Onda Nəsrəddin Hülaküyə aşağıdakı sözlərlə müraciət edir: “Biz bu səs-küyün səbəbini bilirik, ordu isə bilmir; biz rahatıq, ordu isə həyəcan keçirir, eyni ilə də  göydə baş verən hadisələrin səbəbini biz biləndə yerdə rahat olacağıq”. Bu sözlər Hülaküyə təsir etmiş və o rəsədxananın tikintisinə 20 000 dinar ayırmağa qərar vermişdir”.

 

Müşahidələr üçün Marağa torpağını seçilmişdir, rəsədxananın tikintisi 1260-cı ildə başa çatmışdı. Göy cisimlərini müşahidə etmək üçün astronomik cihazlar hazırlanmışdı.

 

...Hülakü xanın əmri ilə rəsədxanada Bağdaddan, Mosuldan, Suriyadan və Xorasandan gətirilmiş kitablar toplanmışdır. Rəsədxanada çalışmağa tanınmış astronom alimləri gəlmişdi...

 

Nəsrəddin Tusi ömrünün sonuna kimi Marağa rəsədxanasının rəhbəri olmuşdur. Atasının ölümündən sonra 1274-cü ildə rəsədxanaya onun oğlu Sədrəddin Nasir Tusi rəhbərlik etmişdir. Marağa rəsədxanasının aldığı nəticələr təkcə öz dövrü üçün deyil, həm də sonrakı iki-üç əsrlər üçün son dərəcə dəqiq idi.

 

 

Bununla bağlı tanınmış ingilis alimi A.Berri özünün “Astronomiyanın müxtəsər tarixi” (1946) kitabında yazırdı: “Burada Nəsrəddin Tusinin ümumi nəzarəti altında böyük astronomlar kütləsi çalışdı. Onların istifadə etdikləri alətlər ölçüsünə və konstruksiyasının mötəbərliyinə görə, çox güman ki, Kopernikin dövründəkindən yaxşı idi. Onları ilk dəfə yalnız Tixo Brayenin alətləri üstələmişdir.

 

Çoxillik astronomik müşahidələr nəticəsində Marağa rəsədxanasının alimləri tərəfindən “Zic Elxani” adlı astronomik kataloq tərtib edilmişdir. Kataloq dörd hissədən ibarət idi: “Tarixin hesablanması haqda”, “Planetlərin (ulduzların) hərəkətinin öyrənilməsi haqda”, “Hər adamın zaman və taleyinin öyrənilməsi haqda”, “Digər astronomik elmlərin, o cümlədən məşhur şəhərlərin coğrafi koordinantlarının mühüm cəhdləri haqda”. Qeyd etmək lazımdır ki, bu mühüm astronomik əsər Qərbi Avropada XVII-XVIII əsrlərdə dəfələrlə nəşr olunmuşdur.

 

Nəsrəddin Tusi təkcə astronomiyanın nəzəri və müşahidə məsələləri ilə məşğul olmamışdı, o həm də məşhur fars astronomu Əbdürəhman Sufinin 964-cü ildə yazdığı “Suvarul Kəvakib” (“Kahkəşanların növləri”) əsərini tərcümə etmişdir. Sufi də İsfahanda çalışanda yunan astronomlarının əsərlərini yunan dilindən ərəb dilinə tərcüməsində iştirak etmişdi.

 

...Marağa rəsədxanası astronomlarının işinə əsaslanan bir çox alimlər bir fakta əhəmiyyət verirlər ki, Nəsrəddin Tusinin “Tusi cütü” deyilən həndəsi fiquru planetlərin hərəkəti üzərində işləyən zaman sonralar Kopernik tərəfindən istifadə edilmişdir. Bu düzxəttli rəqs hərəkətinə iki toxunan kürənin fırlanma hərəkətəninin riyazi yenidənqurma üsuludur. Hazırda bu mexanizmi Tusi prinsipi adlandırırlar. Əgər kiçik dairəni böyüyün daxilində sürüşməsiz fırlatsaq onda birincinin istənilən nöqtəsi qarşılıqlı yerdəyişmələrin bir dövrəsi ərzində ulduzabənzər əyrixətli fiquru – hiposiklodi təsvir edər (cızar). Dairələrin diametrlərinin 1-in 2-yə nisbətində fiqura iki qarşılıqlı perpendikulyar xəttə çevrilir. Bu hadisə Kopernikə Nəsrəddin Tusinin əsərlərindən məlum idi. Onun əsasında yaranmış mexanizmi 1908-ci ildə Byurl Fransada, Buxarest Almaniyada daxiliyanma mühərrikinə daxil etsələr də, cəhdləri uğursuz olmuşdur.

 

 

Yeri gəlmişkən, Tusi mexanizminin hərəkətin yenidən qurulması üçün kompressorlara uğurla tədbiq edilməsini akademik Əhəd Canəhmədov həyata keçirib.

 

Müəyyən mənada mübahisəli situasiya yaranır: görəsən, Kopernik “Tusi cütü” haqqında hansısa ərəb, yaxud yunan mənbələrindən öyrənmiş, yoxsa özü bunu fikirləşmişdi? Qeyd etməliyik ki, o, öz əsərlərində həvəslə ərəb alimlərindən əb-Battani, əl-Biturci, İbn Rusduya diqqət yetirmişdi, ancaq Tusi haqda bir söz belə deməmişdi. Kopernikin “Göy sferalarının dolanması haqqında”, “Kiçik şərhlər” əsərlərində Ayın hərəkət nəzəriyyəsi Tusi nəzəriyyəsi ilə eynidir, həmçinin planetlərin hərəkəti nəzəriyyəsi də Tusidəki nəticələri verir. Dahi amerika alimi, fizik-astronom, Nobel mükafatı laureatı Stiven Vainberq hesab edir ki, Kopernik gəncliyində İtaliyada oxuyan zaman Tusinin əsərlərinin nəticələri haqda bilirdi.

 

Bundan əlavə o, yunan dilini də yaxşı bilirdi. Şübhə yox ki, o, Marağa rəsədxanasının əsərlərindən, o cümlədən Nəsrəddin Tusinin əsərlərindən xəbərdar idi, bu əsərlər yunan və sonralar fransız dilinə tərcümə olunmuşdu. Marağa rəsədxanasına aid çoxsaylı məqalələr müəllifləri hesab edirlər ki, Kopernik Avropada etdiyi elmi inqilaba görə marağalıların fəaliyyətinə borcludur. Yəni, Marağa rəsədxanasının irsi Kopernik tərəfindən diqqətlə öyrənilmişdi, şübhə yoxdur ki, polşalı alim Marağa rəsədxanasının “ən yaxşı və istedadlı nümayəndəsi” olmuşdur.

 

Olduqca maraqlı olan bu tarixi faktı araşdırıb meydana çıxaran akademik Əhəd Canəhmədov bir növ Nəsrəddin Tusinin haqqını mənimsəyən Avropa alimlərinə üsyan edir və tarixi həqiqətləri olduğu kimi ortaya qoyur...  Bir sözlə, bu gün elmdə Kopernikin adı ilə bağlı olan Ayın və Planetlərin hərəkəti nəzəriyyələri əslində Nəsrəddin Tusiyə məxsusdur. Əhəd müəllim bu həqiqətin təsdiqi üçün amerika alimlərinin araşdırmalarını, eləcə də tarixi faktları tapıb əsl mahiyyəti olduğu kimi  təqdim edir... əslində bu, həm də həqiqətin təsdiqidir...  

 

Azərbaycan elm tarixinə şöhrət gətirəcək “Mühəndislik fəlsəfəsi” əsəri, əslində elmdə hadisədir. Görkəmli Azərbaycan alimi Əhəd Canəhmədovun fəlsəfi düşüncələri dünya elmində mövcud olan nəzəriyyələri bir daha təhlil edərək ümumiləşdirmiş və onların mühəndislik fəlsəfəsinin gözü ilə təkrar, lakin yeni mahiyyətini ortaya qoymuşdur. Yeni fikirlər və yeni yanaşmalar  “Mühəndislik fəlsəfəsi”nin əsas süjet xəttidir. Əslində bu xətt deyil, yeni bir yoldur və bu yolda bir sığmazlıq müşahidə olunur...

 

Nəsimilik Əhəd müəllimin  həyat qayəsidir... Ona görə deyə bilərik ki, akademikin başladığı yol, aləmlərin zərrələrdən ibarət olmasını iddia edən böyük Nəsiminin fəlsəfi ideya və düşüncələrinin davamıdır. Cəmiyyətin kamil və cahil insanlardan ibarət olması kimi ali həqiqətin müəllifi olan Nəsiminin fikrinin davamı olaraq Əhəd müəllim, bir damla mürəkkəbin insan əlində malik olduğu   qüvvənin gücünü göstərir... Bir damla mürəkkəblə yazılan söz alimin əlində elmə, aqilin əlində hikmətə, hökmdarın əlində fərmana, cahilin əlində isə fəlakətə çevrilə bilər... Bu, sıradan, sadə misallardan biridir... Əhəd müəllimin “Mühəndislik fəlsəfəsi” əsəri əvvəldən axıra qədər belə hikmətlər, heyrətamiz həqiqətlərdən ibarətdir...

 

Kitabın əvvəlində verilən “Minnətdarlıq” da  diqqətimi cəlb etdi... Maraqlıdır, alim əldə etdiyi bu uğurlara görə kimə minnətdardır?! Kitabın ərsəyə gəlməsində əməyi keçənlərin hamısına  adbaad  ehtiramını bildirib Əhəd müəllim...

 

 Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə mühəndislik fəlsəfəsi üzrə orijinal məsləhətlərinə, hərtərəfli və dəyərli dəstəyinə görə səmimi minnətdarlıq bildirən müəllif mənə uşaqlıq xatirələrimdə yaşayan bir  hadisəni xatırlatdı...  1980-ci illərin əvvələri idi... Əmim, professor Əyyub İskəndərovla onun dostu, görkəmli jurnalist Nəsir İmanquliyevin Pirşağıdakı bağ evində qonaq idik. Akademik Arif Paşayevlə həmin müqəddəs ocaqda tanış olduq. O, mənə və əmim oğluna fizikadan suallar verir, cavablarımızı qiymətləndirirdi... Sonra bizə  televizorun işləmə prinsipini izah etdi və çox ciddi şəkildə tapşırdı: “Uşaqlar, gələcək fizikanındır! Fizikanı mükəmməl öyrənin...”. Elmin, xüsusilə də, fizikanın müasir inkişafı  Arif müəllimin böyük  uzaqgörənliklə söylədiyi bu müdrik kəlamın necə bir  ali həqiqət olduğunu təsdiq etdi... Bəli, Əhəd Canəhmədovun belə fundamental əsərinin yaranmasında ,sözsüz ki, bir elmi sferada fəaliyyət göstərdiyi akademik Arif Paşayev kimi müdrik elm xadiminin və digərlərinin əvəzsiz rolu olub. 

 

 

Sözümüzün sonunda akademik Əhəd Canəhmədovu təbrik edir, belə nadir əsərlərinin ardını gözlədiyimizi bildiririk. Oxucularımıza isə “Mühəndislik fəlsəfəsi”ni əldə edib oxumağı, müdrikləşməyi və həyat həqiqətlərini, yaranışın sirlərini bilməyi arzu edirik.

 

Eldar  İskəndərzadə

Azərbaycan Yazıçılar, Jurnalistlər Birliklərinin və

Azərbaycan Respublikası Kinematoqrafçılar

 İttifaqının üzvü, telejurnalist.