Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 13:24:00
Xüsusi pedaqogikaya dair təlimin iştirakçılarına sertifikat verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təlimi başa çatıb.

Universitetdən AzEdu.az-a  bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov təlimin aktuallığı haqqında danışıb. Vurğulanıb ki, “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili qaydaları” çərçivəsində ödənişli əsaslarla keçirilən bu təlim ikinci dəfədir ki, təşkil olunur.

Təlim proqramı oliqofrenopedaqogika, surdopedaqogika, tiflopedaqogika, loqopediya tədris modullarını əhatə edib. Təlim xüsusi pedaqogika, defektologiya, loqopediya ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçün təşkil edilib və onların sayının daha çox olduğu nəzərə alınaraq gələcəkdə daha bir təlimin keçirilməsi ilə bağlı müvafiq təşkilati işlər aparılacaq.

Qeyd edilib ki, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov təlimin gedişini nəzarətdə saxlayıb, iştirakçılarla görüşüb, onların rəy və təkliflərini dinləyib. Növbəti ayda xüsusi pedaqogika ilə bağlı müəllim, tərbiyəçi, tələbə və valideynlərin, ümumiyyətlə, arzu edən hər kəsin iştirak edə biləcəyi birgünlük ödənişsiz seminarın təşkili məsələsi rəhbərliklə müzakirə ediləcək.

Təlimçi, xüsusi təhsil kafedrasının müdiri, dosent Nailə Hüseynova iştirakçıların çoxluğunun xüsusi pedaqogika üzrə özünü inkişaf etdirmək istəyənlərin sayının artması və cəmiyyətdə maariflənmənin genişlənməsi ilə bağlı olduğunu qeyd edib.

Sonda iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib. Təlimdə iştirak etmiş 19 nəfərə sertifikatlar təqdim edilib.