https://www.zirve.edu.az/
05.02.2020 13:36
UNEC-in daha bir reytinqdə birinci olub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avstraliyada yerləşən uniRank reytinq təşkilatının 2020-ci ilin fevralında açıqladığı “Dünya universitetlərinin reytinqi”ndə dünyada 225-ci, Asiyada 27-ci, Azərbaycanda birinci yerdədir.

AzEdu.az-ın məlumatına görə, UNEC-dən  bildirilib ki, 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralamasında universitet ötən illə müqayisədə 497 pillə irəliləyərək dünyada 225-ci yerə yüksəlib. uniRank təşkilatının regional reytinq göstəricisi olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında isə UNEC 167 pillə irəliləyərək qitənin 27-ci ən yaxşı universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti, Pekin Normal Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, İstanbul Universiteti) və regionun bir sıra digər məşhur universitetlərini qabaqlayıb. Adıçəkilən reytinqdə UNEC Azərbaycan birincisi olub.

Qeyd edək ki, 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir. Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank reytinq təşkilatının ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir