Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 09:18:00
AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm qərarlar qəbul edilib

Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq bildirib ki, son vaxtlar rəhbərlik etdiyi qurumda bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib. İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, Akademiyanın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın təsdiq olunması, bu qurumun Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir.

Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini vurğulayan akademik Ramiz Mehdiyev bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlərin AMEA-nın Ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəldiyini qeyd edib. O, Akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşdırılması, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.

Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov gündəlikdə yer alan “AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü” ilə bağlı çıxış edərək bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxmışdır.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib. 

Akademik-katib gündəlikdəki ikinci məsələ, “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini diqqətə çatdırıb. Bildirib ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılıb və hazırlanmış təkliflər akademik Ramiz Mehdiyevə təqdim edilib. Təkliflər əsasında Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb.

Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Daha sonra AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ, ““Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin yeni tərkibi haqqında” məlumat verib. Bildirib ki, AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq edilib. Keçən müddət ərzində Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin olmasını nəzərə alaraq, Redaksiya heyətinin tərkibinin də yenilənməsinə ehtiyac yaranmışdır. Yeni tərkib müzakirə edildikdən sonra qəbul edilib.

İclasda görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edilib, yubileylə əlaqədar Tədbirlər planının hazırlanması qərara alınıb. Bundan başqa, akademik Abel Məhərrəmovun 70, AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illik yubileyləri münasibətilə onlara AMEA-nın Fəxri Fərmanının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Tədbirdə, həmçinin AMEA-nın bir sıra əməkdaşlarının elmi təcrübə keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə və universitetlərə göndərilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə müəssisənin elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Digər qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Eləcə də, Bayram Babayev Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.