https://www.zirve.edu.az/
16.05.2018 10:41
700 bal toplayan qızın konserti olacaq: “Çox istedadlı ifaçıdır”

“O, qaçqın ailəsindəndir. Həm savadlı, həm də istedadlıdır. Ayın 19-u Azərbaycan Dövlət Filarmoniyasında konserti olacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan Zeynəb Quluzadənin müəllimi Gülşən Muradzadə deyib.

O, Zeynəbə tarix fənnini tədris edib. Şagirdinin başqa nailiyyətlərinin də çox olduğunu deyən müəllim, onun həm də istedadlı vokal ifaçısı olduğunu bildirib:

“Qızımız Zeynəb Texniki Humanitar liseyin yetirməsidir. Qəbul imtahanlarında 700 bal toplayıb. Zeynəbin bundan başqa da nailiyyətləri var. Gənclər arasında sənət keçirilən sənət olimpiadasında vokal üzrə birinci yerə çıxıb. Çox savadlı, eyni zamanda da istedadlıdır. Bundan başqa fənn olimpiadalarında da Azərbaycan dili və Ədəbiyyat üzrə qızıl medala layiq görülüb. Üzərində çox işləyir. Elə bu gün də İncəsənət olimpiadasına görə məşqləri var. Mayın 19-u Azərbaycan Dövlət Filarmoniyasında konserti olacaq. Onunla fəxr edirik”.
Gülşən Muradzadə hələ aşağı sinifdəykən Zeynəbdən bu nəticəni gözlədiklərini vurğulayıb:

“Mən ona tarix fənnini tədris etmişəm. Elə aşağı siniflərdən ondan bu nəticəni gözləyirdik. Çünki Zeynəb bütün fənlərə eyni münasibət göstərir, hər birini əla səviyyədə oxuyurdu. Çox tərbiyəli, mərifətli və savadlı uşaqdır. Onu da qeyd edim ki, Zeynəb qaçqın ailəsindəndir. Əslən Zəngilandandırlar. Zeynəb ailənin ilk övladıdır. Bir qardaşı da var, 9-cu sinifdə təhsil alır. O da Zeynəb kimi əla qiymətlərlə oxuyur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları