Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 20:13:00
Xarici ekspertlər Qəbələ, Qax və İsmayıllıda peşə təlimi keçdi

Qəbələ, İsmayıllı və Qax rayonlarında peşə məktəblərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də şirkətdaxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə xarici ekspert tərəfindən təlim keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  AzEdu.az-a  verilən məlumata görə,  “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində keçirilən təlim “Buğdanın becərilməsi üzrə nümayiş sahəsinin yaradılması” mövzusunu əhatə edib.

“Ulu Aqro” MMC-nin Qax Aqroparkında keçirilən təlim zamanı iştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər təsərrüfat sahəsində əyani nümayiş olunub. İştirakçılar əkin üçün buğda toxumunun hazırlanması, toxum yatağını hazırlamaq üçün müasir maşın və avadanlıqlardan istifadə, buğda səpini barədə ətraflı məlumat alıblar.

Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.