Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 14:22:20
“1 yaşında  uşağı bağçaya  qoymaq  təhlükəlidir”- Pediatrlardan dəyişikliyə ETİRAZ

“Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək. Yəni, 1 yaşında olan uşaqlar da bağçaya gedə biləcəklər.

Qanuna dəyişiklik təklifi heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Həkimlərin fikrincə, 1 yaşında uşağı zərurət olmadıqca bağçaya qoymaq düzgün deyil.

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının pediatrı Nigar Sədiyeva AzEdu.az-a açıqlamasında bildirib ki, dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var:

“Bu dəyişiklik uşaqların sosiallaşması baxımından  müsbət qiymətləndirilə bilər. Mənfi tərəfi isə budur ki, biryaşlı uşağın immun sistemi hələ formalaşmayıb. Uşaqda birdən-birə virus yüklənməsi ola bilər. Səhiyyə Nazirliyinin təqvim planında da qeyd olunduğu kimi, 1 yaş 6 aylıq uşaqlar  peyvənd olunmalıdırlar. Bu baxımdan, əgər ciddi səbəblər yoxdursa, ana məcbur qalmırsa, uşaq bu yaşda bağçaya qoyulmamalıdır. Yaxşı olar ki, ana övladına özü baxsın”.

Pediatr Vaqif Qarayev təklif olunan dəyişikliklə birmənalı şəkildə razılaşmadığını qeyd edib:

“Mən bunun əleyhinəyəm. 1 yaşında uşağa heç anası baxa bilmir, tərbiyəçi necə baxacaq? Tibbi tərəflər bir yana, söhbət hələ qulluqdan gedir”.

Psixoloq Ramil Nəcəflinin sözlərinə görə bu, zərurət olduğuna görə atılan addımdır:

“Hazırda işləyən vətəndaşlar azyaşlı uşaqlarını bağçaya qoyurlar. Bu tələbatdan irəli gələn məsələdir. Düşünmürəm ki, bunun uşaqlara hansısa psixoloji təsiri olsun. Çünki bu qanunda məcburiyyət şəklində göstərilmir. Sadəcə, bəzi valideynlərə imkan yaradılır ki, övladlarını 1 yaşından da bağçaya qoya bilsinlər. Dəyişiklik məhdudiyyətlərin aradan qaldırılması üçündür”.

Qeyd edək ki, hazırki qanunvericilikdə Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları