https://www.zirve.edu.az/
21.04.2018 13:22
Yeni Baş nazirin elmi və pedaqoji fəaliyyəti – Doqquzlar üçün dərslik,  geosiyasətə aid kitab...

 

 Bu gün Azərbaycanın Baş naziri postuna gətirilən Novruz Məmmədov uğurlu siyasətçi olmaqla yanaşı, həm də elm adamıdır, pedaqoji fəaliyyətlə məşğuldur.

AzEdu.az yeni Baş nazirin bioqrafiyası və elmi və pedaqoji fəaliyyəti haqqında qısaca məlumatı təqdim edir:

 

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuraraq Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin  fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə  bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

 

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

 

O, 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

 

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının  üzvüdür.

 Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

 13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

 IX sinif üçün fransız dili dərsliyi, "Fransız dilinin praktik fonetikası", "Geosiyasətə giriş", "Geosiyasətə giriş" , “Xarici Siyasətin Azərbaycan Modeli” , "Xarici siyasət: reallıqlar və gələcəyə baxış", “Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” adlı dərsliklərin müəllifidir. Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bilir.

 Yeni baş nazir həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifi, Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları