Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 11:38:47
“Suallar qəliz deyildi, amma yenə də çətinlik çəkdik” – Abituriyentlərin sınaq həyəcanı

 

Ötən gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda ikinci sınaq imtahanları keçirilib.

AzEDU.az ikinci sınaq imtahanında iştirak edən abituriyentlərdən bir neçəsinin fikirlərini öyrənib.

Aqşin Rüstəmovun sözlərinə görə ilk sınaq imtahanına nisbətən ikinci imtahanda suallar çətin olub:

“Xüsusilə də fizika fənnindən olan sualları cavablandırmaqda çətinlik çəkdim. İlk sınaqda 21 düz yazdığım halda, bu sınaqda 17 sualı düzgün cavablandıra bildim”.

Murad Cahangirli sınaq imtahanında ilk dəfə iştirak etdiyinə görə həyəcanlı olub:

“İlk imtahanda iştirak etməmişəm. Sınaq imtahanının sualları qəbul modelinə uyğun olduğuna görə, məsuliyyətim birə beş çox idi. Müəllimlərimlə ilk sınağın suallarını işləyəndə rahatlıqla məsələləri həll edə bilirdim. Amma ikinci sınaqda sualların bir qədər çətin olduğuna düşünürəm”.

Səbinə Kazımxanova da birinci sınaq imtahanında iştirak etməyib:

“Sinif yoldaşlarımın əksəriyyəti ilk sınaqda yüksək nəticə göstərib. İmtahan suallarını bəzi suallar istisna olmaqla o qədər də çətin hesab etmirəm. Sadəcə, həyəcanıma görə bildiyim bəzi sualları da səhv yazmışam”.

Sadiq İsmayılov fizika və riyaziyyat fənnindən düşən sualları cavablandırmaqda çətinlik çəkib:

“Dərs proqramını tam bitirməmişik. Buna görə imtahanda çətinlik çəkdim. Amma sualların çətin olduğunu deyə bilmərəm”.

Mirhikmət İsmayılov deyir ki, sınaq imtahanı yüksək səviyyədə təşkil olunub:

“Birinci sınaq imtahanında iştirak etməmişəm. İştirak etdiyim ilk sınaq imtahanı olduğuna görə çox həyəcanlı idim. DİM-in təşkil etdiyi imtahan mühiti digər imtahan mühitlərindən çox fərqlənir. Bəziləri istisna olmaqla, digər sualları rahatlıqla cavablandıra bildim”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları