https://www.zirve.edu.az/
14.04.2018 18:19
Nüfuzlu elmi mükafatın builki qalibləri məlum oldu

Ərəb dünyasının nüfuzlu elmi “Kral Feysəl” mükafatının 2018-ci ildəki qaliblərinin adları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından AzEDU.az-a  bildiriblər ki, bu yaxınlarda Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində kral Salman 2018-ci ilin “Kral Feysəl” mükafatını sahiblərinə təqdim edib. Bu il İndoneziya, İordaniya, Tunis, ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar “İslama xidmət”, “İslamşünaslıq”, “Ərəb dili və ədəbiyyatı”, “Tibb” və “Elm” kateqoriyaları üzrə mükafatlandırılıblar. İndoneziyalı professor İrvandi Casvir İslama xidmətlərinə görə, İordaniyanın Beynəlxalq İslam Universitetinin professoru Bəşər Avad “İslam tarixi və bioqrafik mətnlərinin tənqidi nəşrləri” mövzusundakı araşdırmalarına görə, tunisli alim, Manuba Universitetinin professoru Şokri Mabhut ərəb dili və ədəbiyyatına verdiyi töhfələrinə görə, Böyük Britaniyanın Oxford Universitetinin professoru Con M.Boll xüsusi törəməli qeyri-xətti tənliklərin öyrənilməsindəki nailiyyətlərinə görə bu mükafata layiq görülüblər.

Həmçinin amerikalı professor Ceyms P.Ellison və ABŞ-ın Texas Universitetinin nəzdindəki Parker adına Xərçəngin İmmunoterapiyası İnstitutunun direktoru Vivian Smit “Xərçəngin immunoterapiyası” mövzusunda apardıqları tədqiqatlara görə “Tibb” kateqoriyası üzrə “Kral Feysəl” mükafatı alıblar.

Qeyd edək ki, bu mükafat 1976-cı ildən İslam dünyasına və İslama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verilir. “Kral Feysəl” ərəb dünyasının Nobeli də hesab edilir. Mükafat sertifikat, 200 qramlıq qızıl medal və 200 min ABŞ dollarından ibarətdir.