Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-12 10:42:00
Bölgə universitetləri qardaşlaşdı

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, LDU tərəfindən sənədi rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Azərbaycan Texnologiya Universiteti tərəfindən rektor, professor Akif Süleymanov imzalayıblar. 5 il müddətinə nəzərdə tutulmuş Memoranduma əsasən, Lənkəran Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti beynəlxalq təhsil standartlarına uyğun birgə elmi-pedaqoji və elmi-tədqiqat işlərinin aparılması, müəllim, tələbə, təhsil və təcrübə proqramlarının mübadiləsi üçün elm və təhsil sahəsində əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yaratmaq barədə razılığa gəliblər.

Anlaşma Memorandumuna əsasən, hər iki ali təhsil müəssisəsi gələcəkdə tələbə, professor-müəllim heyətinin, dərc olunmuş materialların mübadiləsini həyata keçirəcəklər. Xaricdə təhsil proqramları, qanunvericilkdə nəzərdə tutulmuş qaydada ikili diplom proqramlarının təsisi, magistrant, doktorant və dissertantlara elmi rəhbərlik edilməsi, elmi konfrans, seminar və simpoziumların təşkili də Memorandumda nəzərdə tutulub.


Gələcəkdə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, əməkdaşlıq müqaviləsinin imzalanması da Anlaşma Memorandumunda əksini tapıb.