Azedu.az

Qəbul olunan tələbələrdən kağız sənəd istəyən universitetlər - VACİB SORĞU

Ali təhsil

8 Sentyabr 2026, 09:20
Qəbul olunan tələbələrdən kağız sənəd istəyən universitetlər - VACİB SORĞU

Ali təhsil müəssisələrinə  qəbul olunan tələbələrin elektron portal qeydiyyatı ilə bağlı  fərqli yanaşmalar mövcuddur. Bəzi universitetlər qeydiyyatın yalnız my.gov.az portalı üzərindən elektron qaydada aparıldığını qeyd edir, bəzi ali təhsil müəssisələrində isə müəyyən sənədlərin sonradan təqdim olunması tələb edilir.

AzEdu.az mövzu ilə bağlı bir sıra universitetlərə sorğu ünvanlayaraq yeni qəbul olunan tələbələrin qeydiyyatı zamanı my.gov.az portalı üzərindən elektron qeydiyyatdan əlavə, hər hansı kağız formada sənədin təqdim edilməsinin tələb olunub-olunmadığını öyrənib.

Xəzər Universitetindən verilən məlumata əsasən, tələbələrin sənədləri kağız formada da qəbul edilir:

"Artıq qəbul olmuş tələbələr sənədlərini universitetə təqdim edirlər. Tələb olunan sənədlər arasında 4 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış və attestatın notarial təsdiqli surəti yer alır".

Bakı Avrasiya Universitetinin (BAAU) açıqlamasına görə, yeni qəbul olunan tələbələrin qeydiyyatı my.gov.az portalı üzərindən aparılır:

"Bununla yanaşı, müəyyən sənədlərin, o cümlədən attestatın əslinin universitetə təqdim edilməsi tələb olunur. Universitetdə tələbələrin şəxsi işlərinin formalaşdırılması üçün əlavə məlumatlar da toplanılır".

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, ilkin qeydiyyat zamanı heç bir kağız sənəd tələb olunmur:

"Tələbələrin sağlamlığı nəzərə alınaraq, sağlamlıq haqqında arayışın dərslər başladıqdan sonra təqdim edilməsi nəzərdə tutulur".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məlumatına əsasən, yeni qəbul olunan tələbələrdən heç bir kağız sənəd tələb olunmur və onların universitetə yaxınlaşmasına ehtiyac yoxdur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə elektron qeydiyyatın my.gov.az portalı üzərindən tamamlanmasının kifayət etdiyi vurğulanıb.

Azərbaycan Universitetindən (AU) verilən məlumata görə, my.gov.az vasitəsilə qeydiyyatdan keçmək üçün hər hansı sənəd tələb olunmur:

"Sistemə daxil edilən məlumatlar müvafiq şöbə tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra qeydiyyat tamamlanır".

Bakı Mühəndislik Universitetində (BMU) qeydiyyatın yalnız elektron qaydada, my.gov.az portalı üzərindən aparıldığı diqqətə çatdırılıb. Əlavə olaraq hər hansı kağız formada sənəd tələb edilmir.

Bakı Slavyan Universitetindən (BSU) isə sorğumuza cavab olaraq qeyd edilib ki, yeni qəbul olunan tələbələrin qeydiyyatı zamanı heç bir sənəd tələb edilmir.

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, universitetə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək həyata keçiriləcək".

"Azərbaycan Tibb Universitetinə qəbul olunan tələbələr isə my.gov.az-da qeydiyyatdan keçdikdən sonra müvafiq sənədləri Səməd Vurğun küçəsi 163 ünvanında yerləşən universitet korpuslarına təqdim etməlidirlər.

Sənəd qəbulu zamanı 2026-cı ilin məzunlarından elektron çap olunmuş attestat, əvvəlki illərin məzunlarından attestatın əsli, 3x4 ölçüdə 4 ədəd foto, şəxsiyyət vəsiqəsinin 2 surəti, DİM-dən qəbul sənədinin çap olunmuş variantı, yaşayış yerindən arayış, oğlanlar üçün hərbi sənəd, ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi və imtiyazı olan şəxslər üçün notarial təsdiqli imtiyaz sənədinin surəti tələb olunur.

18 yaşına çatmamış abituriyentlər sənəd qəbulu zamanı valideyn və ya himayəçisi ilə iştirak etməlidirlər. Müəyyən olunmuş müddətdə my.gov.az portalında qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq".

Beləliklə, sorğuya cavab verən universitetlər arasında qeydiyyat prosesi ilə bağlı fərqli yanaşmaların olduğu görünür. Bəzi ali təhsil müəssisələrində bütün proses elektron qaydada aparıldığı halda, bəzi universitetlər tələbələrin şəxsi işlərinin formalaşdırılması üçün müəyyən sənədlərin kağız formada təqdim edilməsini istəyir.

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox