"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb. Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri - təxminən 2%-i boş qalıb".
AzEdu.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib.
"İndi isə gəlin nəticələrə ayrı-ayrı ixtisas qrupları üzrə baxaq. I ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 97.34%-i dolub və 528 yer boş qalıb.
II ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 98.87%-i dolub və 180 yer boş qalıb.
III ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra plan yerlərinin 99,87%-i dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin əksəriyyətində qəbul balının 600-dən yüksək olması tələb olunur. Bu nəticənin əsas səbəbi həmin bal aralığında nəticə göstərən abituriyentlərin böyük hissəsinin artıq ilk yerləşdirmə mərhələsində ali təhsil müəssisələrinə qəbul olunmasıdır.
IV ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 92.38%-i dolub və 383 yer boş qalıb.
V ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 93.84%-i dolub və 282 yer boş qalıb. Nəzərə almaq lazımdır ki, bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər.
Ümumi mənzərəyə baxdıqda qəbul planının yüksək səviyyədə dolduğunu görürük. Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir.
Bu rəqəmlər həm abituriyentlərin ixtisas seçimində davranışını, həm ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, həm də mövcud plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi aydın göstərir. Xüsusilə əlavə yerləşdirmə zamanı boş plan yerinin olması heç də həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtdir.
Sonda qəbul olunan abituriyentlərə vacib bir xatırlatma etmək istəyirəm.
8 sentyabr saat 18:00 ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarixdir. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildiyiniz ixtisasdan imtina kimi qiymətləndirilir. Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8 -15 sentyabrda qeydiyyatdan keçməlidirlər.
Yeni tədris ilində tələbə adını qazanan bütün gənclərimizi bir daha təbrik edir, hər birinə uğurlar arzulayıram".