Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 14:31:00
İqtisadiyyat İnstitutunun dissertanturasına qəbulun nəticələri açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclasa institutun direktoru, professor Nazim Müzəffərli sədrlik edib.

AzEdu.az-ın məlumatına görə, direktor “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”nın təsdiq edilməsi haqqında məlumat verib, həmin qaydaların bundan sonra keçiriləcək müsabiqələr üçün əsas sənəd olduğunu deyib.

İclasda 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbulun nəticələri müzakirə olunub. İnstitutun təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bildirib ki, fəlsəfə doktoru üzrə dissertanturaya müsabiqəyə 7 yerə qarşı 10 nəfər qatılıb, nəticələrə əsasən ayrılmış bütün yerlərə qəbul aparılıb. Elmlər doktoru proqramı üzrə dissertanturaya müsabiqəyə isə 8 yerə qarşı 10 nəfər qatılıb, imtahan komissiyasının qərarına əsasən cəmi 6 yerə qəbul aparılıb, digər iddiaçıların doktorluq işi yazmağa hazırlıq səviyyəsi komissiyanı qane etmədiyindən ayrılan 2 yer boş qalıb. Dissertanturaya yeni qəbul edilən dissertantların iştirakı ilə onların hər birinin dissertasiya işinin mövzusu müzakirə edilərək təsdiq olunub.

İclasda doktoranturaya test üsulu ilə qəbul imtahanları üçün nəzərdə tutulan test bankının mövcud vəziyyəti də müzakirə olunub, test bankının müasir tələblər əsasında yenilənməsi təklif edilib.

Elmi şuranın qərarı ilə sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyevin “Klasterlər: təşkili və idarə edilməsi (beynəlxalq təcrübə və innovativ inkişaf)”, maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri, dosent Yaşar Məmmədovun “Azərbaycanda audit xidməti”, AMEA-nın müxbir üzvü Əli Nuriyevin və böyük elmi işçisi Mətanət Abdalovanın “İqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşməsi ətrafında düşüncələr, təklif və tövsiyələr” monoqrafiyalarının çap edilməsi məsləhət bilinib.