"Təhsil sistemini ardıcıl və dayanıqlı yanaşma ilə yaxşılaşdırmaq olar".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“Artıq bunları anlamağa başlayırıq. Mən həmişə deyirəm ki, bizim bu və ya digər təklifimiz, təşəbbüsümüz və yaxud da görmək istədiyimiz iş bu tipli tədqiqatlara söykənir və ya söykənməlidir. Yəni bu, heç bir halda kiminsə arzusu deyil.
Biz hansısa təşəbbüs ortaya qoyuruqsa və yaxud onu icra etmək istəyiriksə, bunun arxasında mütləq bir təhlil var və biz həmişə həmin təhlili təqdim edirik.
Təəssüf ki, bizim tənqidçilərimiz həmin təhlillərə alternativ təhlillər ortaya qoymurlar.
Düşünürəm ki, bu olsa, biz təhsil sistemi olaraq bir addım da irəli gedə bilərik.
Çünki artıq daha maraqlı bir diskussiyanın şahidi ola bilərik. İkinci məsələ “necə?” sualında ardıcıllıq və müəyyən mənada dayanıqlılıqdır.
Bu nə deməkdir? Gəlin üç il bunu edək, sonra iki il başqa bir işi həyata keçirək, daha sonra dörd il başqa yanaşmanı tətbiq edək və sonda baxaq görək, iki il bunu edəndə nə baş verir.
Bu yanaşma ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Bunu başa düşməliyik.
Burada pilot layihələr və digər məsələlər də var. Mən ümumi olaraq fikrimin nədən ibarət olduğunu məktəb məsələsinə gələndə deyəcəyəm. Amma ardıcıllıq və fasiləsizliyin burada çox vacib olduğunu düşünürəm. Məsələn, biz başa düşürük ki, məktəbəqədər təhsil təhsilin keyfiyyətini artırır.
Sadəcə olaraq, məktəbəqədər təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini davamlı şəkildə yüksəltməliyik. Nəyə görə? Çünki bunu bir ildə qaldırmaq mümkün deyil.
Bizim başlanğıc nöqtəmiz o qədər aşağı olub ki, şərti olaraq 2015-ci ildən saysaq, 2016-cı ildə bu islahata başlamışıq və 14 faizlik əhatəlilikdən 45 faizə gəlib çıxa bilmişik.
Öz-özlüyündə buna 10 il vaxt gedib. Bu isə say etibarilə hər il 100 mindən artıq uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir.
Nəticələrə gəlincə, bu gün biz təxminən 4-5 yaşlı uşaqdan danışırıqsa, onların ilk dəfə 9-cu sinif nəticələrini 15-16 yaşlarında ölçürüksə, şərti olaraq 15 yaşında ölçdüyümüz nəticə 4 yaşlı uşaq üçün 11 il sonrakı nəticədir”.