Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 12:11:00
İnklüziv təhsil üzrə təlimlər təşkil olunacaq

BMT-nın Uşaq Fondu (UNICEF) Təhsil Nazirliyi ilə birgə ali təhsil müəssisələrinin müəllimləri üçün fevralın 4-dən 8-dək təlim keçirəcək.

 AzEdu.az xəbər verir ki, dərslərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və bu ali məktəbin Quba və Şəki filialları, Gəncə və Sumqayıt dövlət universitetləri də daxil olmaqla beş ali təhsil müəssisəsindən 28 müəllim iştirak edəcək. Bununla yanaşı, fevralın 11-dən 15-dək ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün ixtisasartırma kursları keçiriləcək. Kurslarda 50 təlimçidən ibarət qrup iştirak edəcək. İxtisasartırma kursları Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən aparılacaq.

UNICEF-in ölkəmizdəki nümayəndəsi Edvard Karvardin bildirib ki, əlilliyi olan uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların təhsil və inkişafına müsbət təsir göstərir. Ümumtəhsil məktəblərində yüksək keyfiyyətli inklüziv təhsilin tətbiq edilməsi üçün pedaqoji heyət təlimlərə cəlb olunacaq. 2020-ci ilədək davam edəcək təlimlərdə Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Ağcabədi və Qazaxda yerləşən universitetlərin müəllim və tələbələri iştirak edəcəklər.

Növbəti mərhələdə inklüziv təhsil üzrə yeni təlim proqramları keçiriləcək. Layihə ölkəmizin ümumtəhsil məktəblərində inklüziv təhsili tətbiq etmək bacarığına malik olan yeni nəsil müəllimlərin formalaşmasına şərait yaradacaq.