Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 11:00:00
Fiziki məhdudiyyətlilər üçün buraxılış və qəbul imtahanında hansı güzəştlər olacaq? - RƏSMİ  

Buraxılış, eləcə də qəbul imtahanlarına hazırlaşanların arasında fiziki məhdudiyyətli və sağlamlıq imkanları məhdud şəxslər də var.

Onların həm imtahana hazırlıq prosesi, həm də imtahanda iştirakları digər abituriyentlərlə müqayisədə daha çətindir.

Bəs fiziki məhdudiyyətli və sağlamlıq imkanları məhdud şəxslər üçün buraxılış və ya qəbul imtahanlarında hər hansı güzəşt nəzərdə tutulubmu?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, hər abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı heç bir digər amil nəzərə alınmır.

Amma…

Fiziki məhdudiyyətli şəxslər üçün qəbul imtahanlarında iştirakın təmin edilməsi məqsədilə Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.

İmtahandan öncə həmin şəxslər mərkəzə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.

Qeyd edək ki, 2019-cu ilin martında IX sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi, iyunda isə II mərhələsi keçiriləcək. XI siniflər şagirdləri buraxılış imtahanını apreldə, qəbul imtahanını  isə mayda verəcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları