Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 15:42:53
Müəllimlərin yalnız 30 faizi öz ixtisaslarını bilir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, bu gün məktəblərimizdə öz ixtisasını bilən müəllimlər 20-30 faizi təşkil edir. O bildirib ki, bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.

M.Vəliyeva deyib ki, qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil edib. Aşağı nəticə göstərən müəllimlərin bəziləri təlimlərdə iştirak etdikdən sonra öz nəticəsini həqiqətən yaxşılaşdırıb: 

"Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonrakı dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bununla bağlı bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

AzEdu.az xəbər verir ki, öz ixtisasını bilən müəllimlərin say azlığını təsdiq edən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, belə müəllimlərin sıradan çıxarılmasına ehtiyac var:

"Məhəbbət xanımın dəyərləndirməsini tamamilə düzgün sayıram. 2 -3 il öncə sabiq təhsil naziri Mikayıl Cabbarov əyalətlərdə 2 mindən artıq saxta diplomla çalışan müəllimlərin olduğuna dair ifadə səsləndirmişdi. Saxta diplomlar əsasən Müəllimlər İnstitutunun filialları tərəfindən verilirdi. Bütün bunlar ortaya çıxsa da, təəssüf ki, heç bir tədbir görülmədi. Ona görə də hazırda Məhəbbət xanımın dedikləri tamamilə həqiqətə uyğundur.

İstənilən orta məktəbə baş çəksək, həqiqətən də müəllimlərin yalnız 20-30 faizinin öz ixtisasını bildiyini görəcəyik. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılan zaman ortaya belə bir söhbət çıxdı ki, sertifikasiya aparılsın və sertifikasiyada ixtisasını bilməyən müəllimlər çıxdaş edilsin. 

Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanlarda müəyyən qədər bu halların qarşısı alındı. Buna baxmayaraq ixtisasını bilməyən müəllimlərin sayı çoxdur. Düşünürəm ki, belə müəllimlər, heç olmasa, hissə-hissə sıradan çıxarılsın. Çünki Azərbaycan təhsilində birinci növbədə kadr problemi problem olaraq qalır”.