Azedu.az

Bu ixtisaslarda boş qalan yerlər tələbələrə pulsuz təhsil qazandırıb

Tələbələr

20 İyun 2026, 12:07
Bu ixtisaslarda boş qalan yerlər tələbələrə pulsuz təhsil qazandırıb

2025-ci ildə ali təhsil müəssisələrinə qəbul zamanı dövlət sifarişi əsasında ayrılmış bəzi yerlər boş qaldığından həmin yerlər digər ixtisaslara qəbul olunmuş abituriyentlər arasında bölüşdürülüb.

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, ali məktəblərə qeydiyyat başa çatdıqdan sonra bəzi abituriyentlərin təhsil almaqdan imtina etməsi və müəyyən ixtisaslar üzrə müsabiqə şərtini ödəyən namizədlərin kifayət qədər olmaması nəticəsində dövlət sifarişi əsasında ayrılan yerlərin bir hissəsi boş qalır.

Bu problemin aradan qaldırılması məqsədilə 2021-ci ildən etibarən boş qalan dövlət sifarişli yerlər həmin ixtisasın daxil olduğu ixtisas qrupu üzrə ödənişli əsaslarla qəbul olunmuş və ən yüksək nəticə göstərmiş abituriyentlər arasında bölüşdürülür. Bunun nəticəsində bir sıra tələbələr ödənişli əsasdan dövlət sifarişli təhsil formasına keçirilirlər.

Məsələn, bu il "Energetika mühəndisliyi" ixtisası üzrə dövlət sifarişi əsasında ayrılmış 39 yer boş qalıb. Həmin yerlər "Texniki və texnoloji ixtisaslar qrupu"na daxil olan digər ixtisaslar üzrə ödənişli əsaslarla qəbul olunmuş və yüksək nəticə göstərmiş 39 abituriyent arasında paylanıb. Beləliklə, onlar dövlət hesabına təhsil almaq imkanı əldə ediblər.

Məlumata əsasən, 51 nəfər Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Qarabağ Universiteti üçün nəzərdə tutulmuş əlavə yerlərə qəbul olunub.

Dövlət sifarişli yerlər üzrə müsabiqədə I ixtisas qrupundan 21 min 567 nəfər iştirak edib. Onların Azərbaycan bölməsində 67,26 faizi, rus bölməsində isə 75,35 faizi qəbul olunub. Bu qrup üzrə dövlət sifarişi 98,71 faiz yerinə yetirilib.

II ixtisas qrupu üzrə müsabiqədə iştirak edən 8 min 285 nəfərin Azərbaycan bölməsində 50,88 faizi, rus bölməsində isə 51,59 faizi qəbul olunub. Dövlət sifarişli yerlərin doluluq göstəricisi 102,58 faiz təşkil edib.

III ixtisas qrupunda 11 min 707 nəfər müsabiqəyə qatılıb. Azərbaycan bölməsində qəbul faizi 38,63, rus bölməsində isə 25,39 olub. Bu qrupda dövlət sifarişi üzrə ayrılmış yerlər 107,69 faiz dolub.

IV ixtisas qrupunda 5 min 922 nəfər iştirak edib. Azərbaycan bölməsində qəbul göstəricisi 53,39 faiz, rus bölməsində isə 60,77 faiz olub. Dövlət sifarişi 93,33 faiz yerinə yetirilib.

V ixtisas qrupunda isə 11 min 614 nəfər müsabiqədə iştirak edib. Azərbaycan bölməsində qəbul faizi 13,25, rus bölməsində isə 13,39 təşkil edib. Bu qrup üzrə dövlət sifarişli yerlərin doluluğu 103,35 faiz olub.

Qeyd edək ki, bəzi qruplarda dövlət sifarişinin yerinə yetirilmə göstəricisinin 100 faizi keçməsi məhz boş qalan yerlərin sonradan digər ixtisaslar üzrə yüksək nəticə göstərən abituriyentlər arasında bölüşdürülməsi ilə əlaqədardır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox