Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 13:25:00
Çində təqaüdlə oxumaq istəyənlərin diqqətinə-Lazımi şərt və tələblər  

Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı  elan edilib.

AzEdu.az təqaüd proqramına aid zəruri məlumatları təqdim edir:

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən,  həyata keçirilir.Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

  Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməlidir, İngilis dilli proqramlara müraciət edənlər isə müvafiq dil sertifikatına malik olmalıdır.

Ali məktəbdə qeydiyyat, təhsil haqqı, laboratoriya, təcrübə (“internship”), tədris materialları, yataqxana, aylıq yaşayış xərcləri Çin hökuməti tərəfindən qarşılanır.

Müraciət qaydaları:

1.Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidir https://www.app.htp.edu.az/.  Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan , bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verənlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;

2.Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcəkdir;

  1. Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqi mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;
  2. Müsahibə üçün təyin olunan vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
  3. Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  4. Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
  5. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunan şəxslərin adları ÇXR tərəfinə təqdim ediləcəkdir;
  6. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün ÇXR tərəfinə göndərilən namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilən universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.

  1. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. 

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar:

Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edənlərin ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır;

İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;

Bakalavriat və ya magistratura səviyyələrində oxumaq istəyənlər ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələrdə isə ən azı 500 bal toplamalıdırlar;

2018/19-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq DİM imtahanlarında iştirak etməyənlərin (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya  olimpiada nəticələri həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;

 DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olanların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin  5ballıq  sistem üzrə 4, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak edən orta ixtisas diplomu olanlara da bu qayda aid edilir;

Ölkənin yerli universitetlərində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində oxuyanlar təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;

Magistratura və ya doktorantura pillələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır;

İngilis dilində tədris olunan proqramlara müraciət edənlərin  seçilən proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavr pilləsi  üzrə IELTS) minimum 6.0, magistratura və doktorantura səviyyələri üzrə 6.5 və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;

Tələb olunan sənədlər        

  1. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir;
  2. Bakalavriat səviyyəsi üçün müraciət edənlər ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilən surəti;
  3. Hazırda oxuduğunuz təhsil müəssisəsi tərəfindən verilən təhsil aldığınıza dair arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilində);
  4. Ali təhsil haqqında sənədinin və diploma əlavənin ingilis və Azərbaycan dillərində notariat qaydada tərcümə və təsdiq edilən surəti;

5.Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə qısa xülasə (“Microsoft Word” formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmayıb;

- Bakalavriat səviyyəsi üçün - minimum 500 söz;

- Magistratura və doktorantura səviyyələri üçün - minimum 800 söz.

  1. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı elektron materiallar, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu elektron materiallar;
  2. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
  3. HSK Sertifikatı (mövcud olduğu halda);
  4. CV və ya tərcümeyi-hal (ingilis dilində);
  5. Şəxsiyyət vəsiqəsinin surəti;

11.Ümumvətəndaş pasportunun surəti;

  1. Tövsiyə məktubları (2 ədəd ingilis dilində);
  2. Sağlamlıq haqqında ərizə.

Qeyd edək ki, Çin hökumətinin 2019/20-ci tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən bakalavriat səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 25-dən aşağı olmalıdır. Eyni zamanda  magistratura üzrə oxumaq istəyənlərin 35, doktorantura üçün isə 40-dan aşağı olmalıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları