"Yaxın Şərqdə artan geosiyasi gərginlik Fars körfəzi ölkələrinin ali təhsil sahəsində formalaşdırdıqları “təhsil habı” imicinə ciddi təsir göstərməkdədir".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, son illərdə beynəlxalq tələbələri cəlb etmək istiqamətində mühüm uğurlar qazanan bu ölkələr indi marağın azalması ilə üz-üzə qalıblar:
"Studyportals analitik platformasının məlumatına görə, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası ölkələrində- Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanında təhsilə olan tələbat 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 43%, fevral ayının əvvəli ilə müqayisədə isə 30% azalıb. Ekspertlər bu azalmanı regionda artan münaqişə riskləri ilə əlaqələndirirlər.
Xüsusilə İran ətrafında baş verən və ABŞ-İsrail hərbi əməliyyatları ilə müşayiət olunan gərginlik regionun ümumi təhlükəsizlik imicinə mənfi təsir edib. Birbaşa müharibə zonasına daxil olmasalar belə, körfəz ölkələri potensial tələbələr tərəfindən daha riskli məkan kimi qiymətləndirilir.
Halbuki, yaxın dövrədək Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələr ali təhsilin inkişafına böyük investisiyalar yatırırdılar".
BƏƏ 2025-ci ildə dövlət büdcəsinin 15,3%-ni təhsilə ayırmış, Səudiyyə Ərəbistanı isə elmi-tədqiqat xərclərini 30% artırıb",- deyə Z.Məmmədov fikrinə əlavə edib:
"Bu siyasət nəticəsində regionda beynəlxalq universitetlərin filialları açılmış, geniş proqram portfeli formalaşdırılmışdı.
ABŞ, Böyük Britaniya və Avstraliya universitetlərinin filialları ilə yanaşı, Avropa və Asiya ali məktəbləri də regionda fəaliyyətə başlamışdı. Bu isə xüsusilə Asiya və Afrika ölkələrindən olan tələbələr üçün daha əlçatan və alternativ təhsil imkanları yaratmışdı.
Son illərdə bu regiona maraq göstərənlər arasında Rusiya və postsovet ölkələrindən olan tələbələr də yer alırdı. Onları cəlb edən əsas amillərdən biri Qərb diplomunu daha “dost” ölkələrdə əldə etmək imkanı idi. Bundan əlavə, birbaşa uçuşlar, vizasız rejim və regionda fəaliyyət göstərən xarici universitet filialları mühüm üstünlüklər hesab olunurdu. Məsələn, Plexanov adına Rusiya İqtisad Universiteti kimi ali məktəblərin filialları bu prosesə əlavə təkan verirdi.
Lakin mövcud vəziyyət göstərir ki, geosiyasi risklər təhsil seçimlərinə birbaşa təsir edir.
Ekspertlərin fikrincə, gərginlik davam edərsə, region beynəlxalq tələbə axınının daha da azalması ilə qarşılaşa bilər. Bu isə yalnız universitetlər üçün deyil, həm də bu ölkələrin iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalının inkişafı strategiyası üçün ciddi çağırış yaradır.
Nəticə etibarilə, qlobal təhsil bazarı bir daha sübut edir ki, geosiyasi sabitlik ali təhsilin beynəlmiləlləşməsi üçün əsas şərtlərdən biridir".