Azedu.az

Sinfin "ən çətin" uşaqları: Müəllimlər onlarla necə davranmağın sirrini açdı

AzEdu Təhsil Platforması

12 İyun 2026, 14:31
Sinfin "ən çətin" uşaqları: Müəllimlər onlarla necə davranmağın sirrini açdı

Məlumdur ki, bu gün məktəblərdə xaraktercə çətin, aqressiv, kobud və ya həddindən artıq intizamsız (problemli) şagirdlər var. Bu tip şagirdlərin davranışları dərs prosesinin gedişatına və sinif yoldaşlarının dərsi mənimsəməsinə də mane olur. 

AzEdu.az mövzu ilə bağlı müəllimlər arasında sorğu keçirib. 

Həmin müəllimlərə suallar ünvanlanıb ki, pedaqoji fəaliyyətləri dövründə xaraktercə çətin, aqressiv, kobud və ya həddindən artıq intizamsız (problemli) şagirdlərlə qarşılaşıblarmı?

Bu tip şagirdlərin davranışları dərs prosesinin gedişatına və sinif yoldaşlarının dərsi mənimsəməsinə necə mane olur? Bu cür şagirdləri tədrisə cəlb etmək üçün hansı metod və yanaşmalardan istifadə edirsiniz?

Mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ibtidai sinif müəllimi Təranə Nuriyeva bildirib ki, şagirdin dərs zamanı yerindən icazəsiz danışmağı, sinif yoldaşlarının diqqətini yayındırmağı, tapşırıqları yerinə yetirməkdən imtina etməsi və ya aqressiv davranış nümayiş etdirməsi ümumi sinif mühitində gərginlik yarada bilir:

184971

"Pedaqoji fəaliyyətim dövründə xaraktercə çətin, aqressiv, kobud və ya intizam problemləri olan şagirdlərlə qarşılaşmışam. Belə şagirdlərin davranışları bəzən dərsin normal gedişatını pozur, müəllimin diqqətini tez-tez fərdi problemlərin həllinə yönəldir və nəticədə digər şagirdlərin öyrənmə prosesinə mənfi təsir göstərir. Xüsusilə dərs zamanı yerindən icazəsiz danışmaq, sinif yoldaşlarının diqqətini yayındırmaq, tapşırıqları yerinə yetirməkdən imtina etmək və ya aqressiv davranış nümayiş etdirmək ümumi sinif mühitində gərginlik yarada bilir".

Bu tip şagirdlərlə işləyərkən ilk növbədə onların davranışlarının səbəblərini anlamağa çalışıram:

"Çünki əksər hallarda problemli görünən davranışların arxasında ailə mühiti, emosional çətinliklər, diqqət çatışmazlığı və ya özünüifadə problemləri dayanır. Onları tədrisə cəlb etmək üçün fərdi yanaşmadan, müsbət motivasiyadan, kiçik nailiyyətlərin qiymətləndirilməsindən və məsuliyyət verilməsindən istifadə edirəm. Həmçinin qrup işləri, oyunlaşdırılmış fəaliyyətlər, layihə əsaslı tapşırıqlar və şagirdin maraqlarına uyğun fəaliyyətlər onların dərsə marağını artırmağa kömək edir. Zərurət olduqda valideyn və məktəbin psixoloqu ilə əməkdaşlıq etmək də müsbət nəticələr verir.

Mənim fikrimcə, belə şagirdlərə yalnız intizam problemi kimi deyil, dəstəyə ehtiyacı olan fərdlər kimi yanaşmaq daha səmərəli nəticələr əldə etməyə imkan yaradır".

"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, tarix müəllimi Orxan Əhmədov qeyd edib ki, heç bir şagird səbəbsiz yerə problemli olmur:

184976

"16 illik pedaqoji fəaliyyətim dövründə xaraktercə çətin, aqressiv, kobud və ya intizamla bağlı problemləri olan şagirdlərlə dəfələrlə qarşılaşmışam. Müəllimlik fəaliyyətimin ilk illərində bu cür hallarla işləmək mənim üçün kifayət qədər çətin idi. Təcrübəsiz olduğum üçün bəzən necə davranacağımı, hansı yanaşmanın daha doğru olacağını müəyyənləşdirməkdə çətinlik çəkirdim. Lakin illər keçdikcə peşənin incəliklərini öyrəndim, daha çox təcrübə qazandım və ən əsası, hər bir şagirdin fərqli bir dünya olduğunu anladım. Şagirdləri daha yaxından tanıdıqca və sevdikcə, onların davranışlarının arxasında duran səbəbləri görməyə başladım.

Belə şagirdlərin davranışları bəzən dərsin normal gedişatını poza, sinifdə diqqətin yayınmasına və digər şagirdlərin dərsi mənimsəməsinə mənfi təsir göstərə bilir. Davamlı intizamsızlıq halları isə sinifdə psixoloji mühitə təsir edir, həm müəllimin, həm də şagirdlərin motivasiyasını azalda bilir. Ancaq illərin təcrübəsi mənə öyrədib ki, heç bir şagird səbəbsiz yerə problemli olmur. Hər aqressiyanın, hər kobud davranışın, hər etirazın arxasında eşidilmək istəyən bir uşaq dayanır".

Mənim üçün ən böyük uğur problemli hesab olunan bir şagirdin zamanla dəyişdiyini, özünəinam qazandığını və cəmiyyət üçün faydalı bir insana çevrildiyini görməkdir:

"Məhz buna görə də ilk növbədə şagirdi qınamaq deyil, onu anlamağa çalışıram. Onlarla fərdi söhbətlər aparır, problemlərini dinləyir, maraqlarını öyrənir və davranışlarının səbəblərini müəyyən etməyə çalışıram. Eyni zamanda valideynlərlə sıx əməkdaşlıq edir, zəruri hallarda məktəb rəhbərliyi və psixoloqla birlikdə fəaliyyət göstərirəm.

Bu gün geriyə baxanda anlayıram ki, müəllimlik yalnız dərs demək deyil. Müəllim bəzən bir psixoloq, bəzən bir dost, bəzən də şagirdin həyatında ona inanan ilk insan olur. Mənim üçün ən böyük uğur problemli hesab olunan bir şagirdin zamanla dəyişdiyini, özünə inam qazandığını və cəmiyyət üçün faydalı bir insana çevrildiyini görməkdir. Çünki hər bir uşağın qəlbinə gedən yol sevgi, səbir və anlayışdan keçir. Bu yol çətin olsa da, müəllimlik peşəsinin ən gözəl tərəfi də məhz budur".

"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ingilis dili müəllimi  Aynur Axundovanın sözlərinə görə, bəzi şagirdlər ailədə kifayət qədər diqqət, qayğı və emosional dəstək görmədikləri üçün məktəbdə və cəmiyyətdə diqqət çəkmək məqsədilə aqressiv və ya qeyri-adekvat davranışlar göstərirlər:

184994

"Pedaqoji fəaliyyətim dövründə müxtəlif xarakter xüsusiyyətlərinə malik şagirdlərlə, o cümlədən aqressiv, kobud və ya intizamsız davranışlar nümayiş etdirən uşaqlarla qarşılaşmışam. Belə şagirdlərin davranışları bəzən dərs prosesinin normal gedişinə təsir göstərə, sinifdə diqqətin yayınmasına və digər şagirdlərin öyrənmə prosesinə mane ola bilər.

Lakin mən hesab edirəm ki, bu cür davranışların arxasında çox vaxt müəyyən səbəblər dayanır. Bəzi şagirdlər ailədə kifayət qədər diqqət, qayğı və emosional dəstək görmədikləri üçün məktəbdə və cəmiyyətdə diqqət çəkmək məqsədilə aqressiv və ya qeyri-adekvat davranışlar göstərə bilirlər. Bu səbəbdən belə uşaqlara yalnız davranışlarına görə yanaşmaq deyil, onların daxili ehtiyaclarını anlamaq və düzgün istiqamət vermək vacibdir".

Belə şagirdlərlə işləyərkən ilk növbədə fərdi yanaşmaya üstünlük verirəm:

"Onlarla ünsiyyət qurmaq, etimad yaratmaq, güclü tərəflərini üzə çıxarmaq, məsuliyyət hissi formalaşdırmaq və onları tədris prosesinə fəal şəkildə cəlb etmək əsas məqsədlərimdəndir. Qrup işləri, oyunlaşdırma, yaradıcı tapşırıqlar, müsbət geribildirim və kiçik uğur imkanlarının yaradılması bu şagirdlərin motivasiyasını artırır.

Mənim fikrimcə, hər bir şagirdin davranışının arxasında bir səbəb var. Müəllimin vəzifəsi yalnız qayda pozuntusunu aradan qaldırmaq deyil, həmin şagirdin potensialını görmək, ona dəstək olmaq və cəmiyyətə faydalı bir fərd kimi formalaşmasına kömək etməkdir".

"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, Azərbaycan dili və ədəbiyyat müəllimi, Əlihüseyn Yaqubov bildirib ki, bəzən şagirdləri, hətta onların valideynlərini başa salmaq, hansısa fikri və qanun çərçivəsində olan məsələləri onlara izah etmək bir az çətin olur:

184972

"Zaman-zaman xarakter və davranış problemi yaşayan şagirdlərlə rastlaşırıq. Bizim Qarabağ zonasında bu cür şagirdlərin olma ehtimalı bəzən bir az daha çox olur. Çünki insanlar, xüsusən də valideynlər uzun müddət müharibə şəraitində yaşayıblar. 90-cı illərin müharibəsi, eləcə də 2016 və 2020-ci illər istər-istəməz bu insanların sosial həyat şəraitinə, xarakterinə və bir sıra digər önəmli cəhətlərinə təsir göstərib. Təbii ki, bu vəziyyət təhsil həyatında da özünü büruzə verir. Bəzən şagirdləri, hətta onların valideynlərini başa salmaq, hansısa fikri və qanun çərçivəsində olan məsələləri onlara izah etmək bir az çətin olur. Əlbəttə ki, çox olmasa da, müəyyən məqamlarda bu cür şagirdlərlə rastlaşırıq".

Əsasən yanaşmalarımizda fərqli təcrübələrdən yararlanırıq:

"Bu zaman atdığımız əsas addımlar nədən ibarətdir? Biz həmin şagirdlərlə fərdi söhbətlər aparır, ümumi görüşlər keçiririk. Onların davranışlarına müsbət təsir etmək üçün məktəbdən kənar vaxtlarımızı birgə keçirməyə çalışırıq. Məsələn, bu proseslərə bəzən idman yarışlarını da daxil edirik; o uşaqlarla birgə futbol və digər yarışlar təşkil edirik. Əksər hallarda bu tədbirlər öz müsbət effektini verir.

Amma bəzən elə çətin məqamlar olur ki, bu zaman üst qurumlara, yerli təhsil idarələrinə və xüsusi komissiyalara müraciət edir, problemləri bu yolla həll etməyə çalışırıq. Əsasən yanaşmalarımizda fərqli təcrübələrdən yararlanırıq. Uşaqların müxtəlif layihə və proqramlarda iştirakını təmin edirik ki, bu da xüsusilə həmin uşaqlara müsbət təsir göstərir, onların xarakterinin dəyişməsinə və daha intizamlı olmalarına kömək edir".

Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox