Təhsil sistemində rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətlə inkişafı ənənəvi öyrənmə metodlarının gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb. Bu kontekstdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təxminən üç ildən sonra dərsliklər əhəmiyyətini itirə bilər.
Nazirin fikrincə, gələcəkdə əsas diqqət cavabları əzbərləməyə deyil, düzgün suallar verməyə yönələcək.
Maraqlıdır, dərsliklərin əhəmiyyətini itirməsi ölkəmizdə təhsil sistemini daha səmərəli edəcək, yoxsa yeni problemlər yaradacaq? Bu proses yaxın üç ildə necə baş verə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən naşir və dərslik müəllifi Rafiq İsmayılov bildirib ki, süni intellekt bir çox vasitəni əvəz edə bilər, lakin yaxın gələcəkdə dərslikləri tamamilə əvəz edəcəyini düşünmür:

“Məncə, süni intellekt yaxın illərdə daha çox dərslik müəllifləri üçün effektiv və səmərəli vasitə rolunu oynayacaq. Dərslik tərtibçiləri ondan məsləhət ala, təqdim etdiyi ideyalardan yararlana bilərlər. Lakin dərslik sistemli bir vəsaitdir. O, şagirdlərin təhsil alması üçün dəqiq düşünülmüş, müəyyən struktura malik və kompleks şəkildə hazırlanmış materialdır.
Hesab etmirəm ki, hər hansı süni intellekt proqramı belə bir vəsaiti tamamilə müstəqil şəkildə hazırlaya bilsin. Çünki burada çoxsaylı amillər nəzərə alınmalıdır. Mövcud təhsil mühiti, şagirdlərin hazırlıq səviyyəsi, müəllimlərin peşəkarlıq dərəcəsi və digər vacib məqamlar var.
Süni intellekt dünyanın qabaqcıl dərsliklərini qısa müddətdə təhlil edib müəyyən təkliflər verə bilər. Amma həmin təkliflərin Azərbaycan təhsil sisteminə və yerli şəraitə nə dərəcədə uyğun olacağı ayrıca sualdır. Bunun üçün psixoloqların, təcrübəli dərslik müəlliflərinin, dizaynerlərin və digər mütəxəssislərin iştirakı tələb olunur. Hər bir dərslik böyük bir kollektiv əməyinin məhsuludur".
“Bu proses nə vaxtsa baş verə bilər, amma yaxın üç-dörd ildə bunun reallaşacağını düşünmürəm”
“Xüsusilə humanitar fənlər üzrə dərsliklərin süni intellekt tərəfindən tam əvəz olunacağını yaxın perspektivdə mümkün hesab etmirəm. Bəli, süni intellekt testlərin hazırlanmasında və digər texniki məsələlərdə kömək edə bilər. Lakin hazırda o, daha çox dərslik hazırlayan mütəxəssislər üçün faydalı resurs və mənbə rolunu oynayır.
Mən özüm də dərslik müəllifi kimi süni intellektdən istifadə edirəm. Məsələn, mətnlər hazırlayarkən, suallar tərtib edərkən onunla məsləhətləşir, mənbələr və əlavə məlumatlar əldə edirəm. Amma bu işi bütövlükdə süni intellektin öhdəsinə buraxmaq mümkün deyil.
Mən süni intellektlə işləyərkən ona müxtəlif tapşırıqlar və testlər vermişəm. Bəzən səhvlərə yol verdiyinin də şahidi olmuşam. Bu gün üçün onun hazırladığı materialların müəllimlərin gözləntilərini tam qarşılayacağını düşünmürəm.
Çünki həmin materiallarda müəllimlərin tələbləri, zövqü və peşəkar yanaşmaları tam şəkildə nəzərə alınmır. Bu baxımdan hesab etmirəm ki, süni intellekt hazırkı dərsliklərlə rəqabət apara bilsin. Mövcud dərsliklər nə qədər tənqid olunsa da, süni intellekt hələlik onlardan daha keyfiyyətli alternativ ortaya qoya bilmir".