Azedu.az

Maarifçilik, yoxsa səs-küylü şou? - TV-lərdə təhsil müzakirələri TƏNQİD olundu

AzEdu Təhsil Platforması

12 İyun 2026, 12:40
Maarifçilik, yoxsa səs-küylü şou? - TV-lərdə təhsil müzakirələri TƏNQİD olundu

Bu gün televiziya kanallarında təhsilə dair proqramlara çox az yer verilir. Mövcud proqramlarda isə ya mövzu düzgün seçilmir, ya da həmin sahənin mütəxəssisləri düzgün müəyyənləşdirilmir.

Kütləvilik nəzərə alınarsa, TV proqramlarında təhsilə dair mövzulara daha çox üstünlük verilməli, mütəxəssislərin isə daha diqqətlə seçilməsi təmin olunmalıdır.

AzEdu.az mövzu ilə bağlı  jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmlinin fikirlərini öyrənib. 

Müsahibimiz qeyd edib ki, bəzi mütəxəssislər öz sahələrini yaxşı bilmədikləri halda ekspertlik iddiasında olurlar. Televiziya kanalları da onları proqramlara dəvət etməklə səhvə yol verirlər:

184991

"Peşəkarlıq elə bir səviyyədir ki, orada olan qeyri-peşəkar elementlər, diletant yanaşmalar istər-istəməz dərhal görünür. İndiki halda bizdə təhsillə və maarifçiliklə bağlı verilişlərin ənənəsindən müəyyən mənada danışmaq olar, çünki bizim televiziyaların yaddaşında belə bir tarixçə var. Keçmişdə birbaşa auditoriyaya yayımlanan maarifləndirici proqramlar, dil dərsləri və öyrədici verilişlər mövcud idi. İndi də televiziyalarımızda sayca çox olmasa da, ara-sıra belə layihələrə rast gəlinir. Xüsusən də dövlət büdcəsindən maliyyələşən kanallarda - İctimai Televiziyada və AzTV-də bu qəbildən olan verilişlər var. Amma mən çox arzulayardım ki, bu proqramlar sistemli şəkildə yayımlansın, yəni dəqiq bir konsepsiyası olsun və arzuolunan səviyyədə təqdim edilsin.

İkinci və ən ciddi məsələlərdən biri isə proqramlara kimlərin dəvət olunmasıdır. Bizdə ən böyük çatışmazlıq, ən ciddi nöqsan verilişə çağırılan ekspertlərlə bağlıdır. Bəziləri öz sahələrini yaxşı bilmədikləri halda ekspertlik iddiasında olurlar. Televiziya kanalları da onları proqramlara dəvət etməklə səhvə yol verirlər. Bu, bizim verilişlərdəki ən zəif həlqədir və hesab edirəm ki, həmin boşluğu düzəltmək birbaşa televiziya kanallarının borcudur. Həm ekspert seçimi ilə bağlı problemlər, həm də mövcut sistemsizlik indiki halda təhsil-maarifçilik verilişlərinin ən ciddi nöqsanıdır".

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı bildirlib ki, televiziya məkanımızda birbaşa təhsillə bağlı olan proqramların sayı yox kimidir:

184992

"Televiziya kanallarında təhsillə bağlı hazırlanan verilişlərdən bəzilərinin bir neçə istiqamətdə  çox ciddi problemi var. Əvvəlcə onu deyək ki, tv məkanımızda birbaşa təhsillə bağlı olan proqramların sayı yox kimidir. Olanlar da qısa müddətli, sırf kommersiya məqsədilə yayıma daxil olub, sonradan isə tarixə qovuşub. Yəni, hər hansı xaricdə təhsil şirkətinin, yaxud, hazırlıq kursu nümayəndəsinin gəlib, özlərini reklam edə-edə danışması qətiyyən təhsil proqramı deyil, o kommersiya məqsədli layihədir, vəssəlam.  

Lakin təhsil adına tok-şou, debat xarakterli bəzi xeyli sayda  veriliş nümunələri var ki, onlardan danışmağa belə dəyməz. Təhsil eksperti kimi şəxsən iştirak etdiyim verilişlərin bir çoxundan razı qalmışam. İstər aparıcının hazırlığı, istərsə proqramı peşəkar səviyyədə idarə etməsi, müdaxilələrin ustalıqla və anında gəlməsi kimi məsələləri mütləq deməliyəm. Amma sözsüz ki, bu, hamısına aid deyil.

Təsəvvür edin, təhsillə bağlı veriliş hazırlanır, yüz minlərlə şagird, abituriyentin marağında olan mövzu müzakirə olunur. Burada əsas məqsəd, həssas qurumda olan böyük auditoriyanın üzərindən monipulyasiya etməməkdir. Amma bir çox aparıcıları məhz bu detal hər şeydən daha çox maraqlandırır. Yüz minlərlə müəllim, abituriyent və valideynin gözləntisi, onların reklam, piar və kommersiya maraqlarına uyğun gəlir".

Ekspertlərdən bəziləri təhsilə təsadüfən gəlmiş, təhsilə aidliyi ən yaxşı halda kommersiya məqsədli ixtisas seçimləri və texniki xidmətlərlə, eləcə də xaricə uşaq yollamaqla məhdudlaşan, bu sahənin maarifçi, pedaqoji missiyasından, konseptual tərəflərindən xəbərsiz olanlardır:

"Aparıcı və ya prodüsser verilişdən qabaq çağırılan qonağa deyir ki,  "bax, bizim söz verməyimizi gözləməyin, müdaxilə edin, təki qızğın müzakirə olsun". Öz verilişinin baxımlı olmasını istəyir, bunu anladıq, amma təsəvvür edin ki, o, eyni sözü bir yox, çağırılan bütün qonaqlara deyir. Bəzilərindən isə bunu hətta tələb müstəvisində istəyir. Veriliş başlayan kimi də çağırılan "ekspertlər" bu təlimatda cani-dildən əməl etməyə çalışır. İnanın, müzakirə olunan təhsil məsələsi, mövzusu tam kölgədə qalır. Biri "dağ"dan danışanda, o birisi bütün etik çərçivələri aşaraq kobud şəkildə söz kəsir və ona "sənin o dağdan xəbərin yoxdu" modunda cavab verərək məsələni "aran"a aparır.

Elə bu dəmdə etik prinsiplərindən xəbərsiz olan aparıcı isə təbii ki, heç bir müdaxilə etmir və ürəyində bu "sanballı" müzakirəyə bir yaxşı "ura" da deyir. İnanın, elə veriliş olub ki, orada guya müzakirəyə çıxarılan təhsil mövzusuna ən sonda bir-iki dəqiqə vaxt ayırmaq mümkün olub. Veriliş sonunda qonaq və aparıcıya iradını bildirəmdə də "nə edək, verilişin formatı budur" deyərək qeyri-peşəkarlığı  bununla mühafizə etmək istəyiblər. Bəli, qonaqlar arasında zəruri hallarda edilən vacib müdaxilə ola bilər, bu, vacibdir də, amma etinasız və eqoist şəkildə kiminsə ağzından sözü almaq, çox qeyri-etik hərəkətdir.

Üstəlik, təsəvvür edin ki, ekspertlərdən də bəziləri təhsilə təsadüfən gəlmiş, təhsilə aidliyi ən yaxşı halda kommersiya məqsədli ixtisas seçimləri və texniki xidmətlərlə, eləcə də xaricə uşaq yollamaqla məhdudlaşan, bu sahənin maarifçi, pedaqoji missiyasından, konseptual tərəflərindən xəbərsiz olanlardır. Onlara yaranan bu acı mənzərə təbii ki, tamamilə sərf edir. Səsin qalın yeri onun təhsillə bağlı zəif bilgilərini tam kompensasiya edir. Təhsilə peşəkar aspektdən yanaşan, onun fəlsəfəsini bilən, pedaqoji prinsipləri heç nəyə qurban verməyən əsl ekspertlər isə məhz bu "keyfiyyət"lərdən məhrum olduqlarından, fikirlərini də tam ifadə edə bilmirlər. 

Ən böyük problem isə bəzi aparıcıların qeyri-peşəkarlığı ilə bağlıdır. Bəli, aparıcı təhsil adamı olmaya bilər. Çünki onun işi yalnız təhsillə bağlı müzakirələrə aparıcılıq etmək deyil. Amma ən azından, təyin olunan mövzuya bir gün qabaqdan hazırlaşmaq, sualları peşəkar səviyyədə hazırlamaq, mövzu üçün zəruri olan dataları əldə etmək və s. kimi elementar prosesləri həyata keçirmək olardı. 

Lakin dəvət olunan təhsil adamına danışmağa belə imkan verməyən, özünün vərdiş halına gəlmiş “uğurlu” nitq maneraları ilə ünsiyyətin idarəsini ələ keçirən aparıcı sadəcə mövzunu məhv etdiyini bilmir. İnanın, belə aparıcılara mövzunun mahiyyətinin olub-olmaması da maraqlı deyil. Onlar üçün əslində şouya çevrilmiş qızğın müzakirə daha vacibdir. İtən isə təhsildir.

Böyük istəklərimdən biri TV məkanımızda təhsillə bağlı peşəkar proqramların olması, orada uğurlu aparıcıların və ümumən yaradıcı komandanın hiss olunması, ən nəhayət isə əsl təhsil adamlarının, mütəxəssislərin dəvət olunmasıdır.

Şəxsən biz AzEdu Təhsil Platforması olaraq bu cür verilişlərə öz dəstəyimizi göstərməyə, qonaqlar, mövzularla bağlı dəstək olmağa hazırıq".

TƏCİLİ! İrandan ABŞ-yə AĞIR ZƏRBƏ - Qırıcılar məhv edildi!
Son xəbərlərDaha çox