Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-31 07:13:33
Məktəblərdə soyqırımı anımları –“Dəyirmi masa keçirmişik, başqa heç nə!”

 

1918-ci ilin30 Mart-3 Aprel tarixləri arasında Bakı şəhərində və quberniyanın müxtəlif bölgələrində, Bakı Sovet və Daşnaksütyundan  olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 100 il ötür. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində on iki minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.

Gələcək nəsilləri bu yöndə maarifləndirmək üçün əsas iş orta məktəblərin üzərinə düşür. Bəs, orta təhsil müəssisələrində bu faciəni unutdurmamaq üçün hansı tədbirlər görülür?

AzEDU mövzu ilə bağlı Bakı məktəblərində keçirdiyi sorğunu təqdim edir:

 

Yeni Suraxanı qəsəbəsi 101 saylı orta məktəbin nümayəndəsi Nabat Mirzəyeva əməkdaşı olduğu təhsil müəssisəsinin bu tarixi faciə ilə bağlı gördüyü işlər kimi bunları deyib:

“Məktəbdə bununla bağlı dəyirmi masa keçirilib. Video və slaydlarla şagirdlərə soyqırımı haqda məlumat verilib. Başqa heç nə etməmişik”.

Bibiheybət qəsəbəsi 50 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Şəfəq İslamova isə məsələ ilə bağlı daha ətraflı danışıb:

“Bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Əslində, bu gün (dünən-red.) Şəhidlər Xiyabanını ziyarət etməyi planlaşdırmışdıq. Amma, hava şəraiti ilə əlaqədar, bunu müvəqqəti  təxirə saldıq.  Bundan əlavə, bu gün məktəbdə  iclas keçirdik. Tarix və ədəbiyyat müəllimlərimiz soyqırımı ilə bağlı şagirdlərə məlumat verdilər. Uşaq özləri də çıxışlar, şeirlər hazırlamışdılar. Məktəbdə fotostend, divar qəzetləri təşkil olunub. 27-28 mart tarixlərində məktəbimizdə soyqırımı ilə bağlı film nümayiş olunub. Biz bu tədbirləri tətildən əvvəl hazırlamışdıq”.

Əhmədli qəsəbəsi 48 saylı orta məktəbin əməkdaşı Kazımova Gülşən 31 Mart  qətliamı ilə bağlı məktəblərində müsabiqə də keçirdiklərini qeyd edir:

 “Məktəbimizdə bununla əlaqədar bədii qiraət gecəsi, inşa yazı müsabiqəsi olub. Hələ ayın 29-u  31 mart soyqırımı haqda tədbir keçirilib”.

Bakı şəhəri 3 saylı orta məktəbin nümayəndəsi  Pakizə Əsədova da görülən işlər barəsində danışanda  çox da fərqli detalları qeyd etməyib:

“Fəaliyyət planına uyğun olaraq bütün tədbirlər həyata keçirilib. Bu gün dəyirmi masa təşkil olunub, digər tədbirlərin də olacağı planlaşdırılıb”.

Bakı şəhər 1 saylı tam orta məktəbin adının çəkilməsini istəməyən  nümayəndəsi  də görülən işlərdən ətraflı danışmağa çalışıb:

“Elə bu gün uşaqları yığıb soyqırımla bağlı  məktəbdaxili tədbir keçiririk. Burada tarix, ədəbiyyat müəllimləri, kitabxanaçılar, şagirdlər iştirak edir. Dərs prosesi zamanı da şagirdlərə  bununla bağlı məlumat verilir. Bizdə təkcə bu il yox,  hər il soyqırımı ilə bağlı tədbirlər keçirilib”.

52 nömrəli tam orta məktəbin uşaq birliyinin rəhbəri Tofiqə Məcidova

“Biz dünən tədbirlər planını göndərmişik. Kitabxanada tədbir keçirib, uşaqlarla dəyirmi masa təşkil etmişik. Rəsm sərgisi, sinif guşələri, inşa yazıları da olub”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları