https://www.zirve.edu.az/
11.01.2019 09:30
Azərbaycan Universiteti 2019-cu ildə 5 elmi konfrans keçirəcək

Azərbaycan Universitetinin professor-müəllim heyəti tərəfindən  2018-ci ildə uğurlu elmi-tədqiqat işlərinə imza atılıb, tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması, Universitetin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılıb.

AzEdu.az xəbər verir ki, görülən işlərin məntiqi davamı olaraq 2019-cu il ərzində 2-si beynəlxalq, 3-ü isə respublika miqyaslı olmaqla 5 elmi konfransın keçirilməsi planlaşdırılır.  

15 mart 2019-cu il tarixində keçiriləcək “Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransı”nın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır.

Azərbaycan Universiteti 25-27 aprel 2019-cu il tarixlərində “V Avropa İqtisadi Konqresi”nə evsahibliyi edəcək. Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir. Bu seriyadan olan əvvəlki tədbirlər dünyanın müxtəlif ölkələrində təşkil olunub və ciddi elmi tədbir kimi dünya alimlərinin diqqətini cəlb edib.

Azərbaycan təhsilinin porblemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılması, onların həlli üçün elmi metodların işlənib hazırlanması kimi məsələlərin müzakirə olunması məqsədilə may ayında keçiriləcək  “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: Problemlər və perspektivlər” respublika konfransı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” respublika konfransı isə oktyabr ayında keçiriləcək. Konfransda davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin araşdırılması nəzərdə tutulur.

2019-cu ilin son konfransı isə “Gender problemi və müasir Azərbaycan” olacaq. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. Noyabr ayında keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.