XƏBƏRLƏR

06.12.2018 13:45
BANM tələbələri II Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar      

Bakı Ali Neft Məktəbinin (BANM) Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycan üzrə qalibi olan və ölkəmizi Edinburqdakı Final yarışmasında da təmsil edən tələbələri öz layihələrilə yenidən qalib olublar. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən İkinci Respublika İnnovasiya Müsabiqəsində tələbələr özlərinin “ThermoNorth” adlı startup layihələrilə birinci yerə layiq görülüblər.

Müsabiqənin əsas məqsədi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi olub. İlkin mərhələdə müsabiqədə ölkə üzrə olan gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından Final mərhələsinə cəmi 17 layihə seçilib.

BANM-ın tələbələri -  Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, BANM-ın dosenti Əmir Rza Vəxşuri müsabiqənin Finalında  “ThermoNorth”  layihəsilə qalib gəlib və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı əldə ediblər.

Qalib komanda həmçinin UNDP (United Nations Development Program) tərəfindən keçirilən “İstanbul İnnovation Days 2018”-də Azərbaycanı, eləcə də BANM-ı təmsil ediblər.

Qeyd edək ki, tələbələr  dekabrda Tokioda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransında da həmin layihəni təqdim etmək üçün dəvət alıblar və bu münasibətlə Yaponiyaya səfər edəcəklər.