Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 16:07:00
AzMİU Milan Texniki Universiteti ilə əlaqələrini genişləndirir

İtaliyanın Milan Texniki Universitetinin bərpa işləri üzrə dosenti Nora Lombardini, Memarlıq fakültəsinin müəllimləri Elena Fioretto və Klaudia Suardi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Nora Lombardini bildirib ki, Avropa İttifaqının “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində İtaliyanın Milan Texniki Universitetinin prorektoru, professor Federiko Buççi yanvarın 30-dan fevralın 1-dək AzMİU-nun qonağı olacaq. Qeyd edilib ki, italiyalı professor AzMİU-nun Memarlıq fakültəsinin müəllim-tələbə heyəti ilə görüşlər keçirəcək, mühazirə oxuyacaq.

Rektor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Milan Texniki Universiteti arasında işgüzar əlaqələrin inkişafından, bu əməkdaşlığın AzMİU-nun Avropa təhsil məkanına inteqrasiyasında böyük rolundan danışıb. O, əlaqələrin daha da genişləndirilməsində Federiko Buççinin səfərinin əhəmiyyətini vurğulayıb.