XƏBƏRLƏR

18.01.2020 14:40
“Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert

Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Bu, informatika fənni üzrə beynəlxalq olimpiada tarixində ilk qızıl medaldır.

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Modern.az-a danışıb:

 “Bu yaxşı bir haldır. Bildiyim qədər ilk dəfədir ki, bizim məktəblilər xaricdə keçirilən olimpiyadada informatika fənni üzrə qızıl medal qazanırlar. Bu onun göstəricisidir ki, ölkədə bu sahədə müəyyən qədər dinamika yaranıb. Artıq informatika fənninə diqqət yetirilir ”. 

Osman Gündüz informatika fənninin məktəblərdə tədrisi ilə bağlı problemlərin olduğunu da vurğulayıb:

“Düşünürəm ki, bu məsələ ilə bağlı bizdə ciddi bir problem var. Bunu da onunla izah etmək olar ki, orta məktəblərdə informatika fənninin tədrisinə o qədər də diqqət yetirilmir. Yəni orta məktəblərdə ona görə bu fənnə diqqət yetirmirlər ki, qəbul imtahanlarına salınmır. Deyək ki, siz kompüter elmi üzrə ali məktəbə qəbul olmaq istəsəniz, kimyadan imtahan verməlisiniz. Hesab edirəm ki, bu kimi problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi bir araya gəlməlidir. Çünki kompüter ixtisasını seçmək istəyənlər kimyadan yox, informatikadan imtahan verməlidirlər. Məhz bu məsəllər həll ediləndən sonra, həm məktəbin, həm də valideynin bu fənnə diqqəti artacaq”.