Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 13:57:00
Ümumrespublika seminarında mühüm elmi nəticələr təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasınıln (AMEA) Geologiya və Geofizika İnstitutunda növbəti ümumrespublika elmi seminarı keçirilib.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, tədbiri institutun direktoru, akademik Akif Əlizadə açaraq seminarın gündəliyi barədə məlumat verib.

Sonra akademik Hətəm Quliyev və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Xanlar Ağayev cari ildə əldə etdikləri mühüm elmi nəticələri təqdim ediblər. Hesabatda seysmik kəşfiyyat və quyu geofiziki məlumatlar kompleksinin qeyri-xətti elastodinamikasının qeyri-klassik xəttiləşdirilmiş yaxınlaşmasına, qeyri-xətti deformasiya proseslərinin xüsusiyyətlərini nəzərə alan Berç diaqramına və deformasiyaya uğrayan bərk cism mexanikasının fundamental prinsiplərinə əsaslanan yeni geomexanik təhlil üsulu təklif edildiyi bildirilib.

İclasda, həmçinin Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın professoru Qulam Babayev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və italiyalı professor Luçiano Teleskanın hesabatı təqdim olunub. Bildirilib ki, Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin inteqrə modelinin qurulmasına imkan yaradan, zəlzələlərin ocaq mexanizmlərinin kataklastik təhlilinə və CASMO (“Dünya Gərginlik Xəritəsi”) proqramına əsaslanan kombinasiya edilmiş üsul təklif olunub.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli isə “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı”na uyğun olaraq Qafqazda ilk dəfə geoparkların yaradılması konsepsiyasının işlənildiyini və elmi cəhətdən əsaslandırıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən geologiya-minerologiya elmləri doktoru Muxtar Rüstəmov bildirib ki, Aralıq dənizi qırışıqlıq qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geoloji tarixində baykal, hersin, kimmeri və alp tektonik dövrlərində geodinamik şəraitlərin ciddi nizamlılığı müəyyən edilib.

Daha sonra professor Musa Məmmədov, AMEA-nın müxbir üzvü T.Kəngərli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Gültəkin Babayevanın birgə apardıqları elmi işin nəticələri təqdim olunub. Vurğulanıb ki, petrogeokimyəvi və geoloji-geodinamik tədqiqatlar nəticəsində Lök-Qarabağ (Kiçik Qafqaz) və Talış struktur-formasion zonalarında aşkar olunmuş normal qələvili və subqələvili pikritlərin yetgin adalar qövsü və riftogen şəraitlərdə mantiya plümunun təsiri ilə formalaşdığı və metallogenik cəhətdən nəcib metallar kimi xüsusiləşdiyi müəyyən edilib.

Sonda akademik Akif Əlizadə 2019-cu il ərzində əldə edilmiş mühüm elmi nəticələr üzrə tövsiyələrini səsləndirib.