Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 17:12:00
Məktəblərdə icma əsaslı valideyn assosiasiyası yaradılacaq  

Təhsil İnstitutu UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsini uğurla həyata keçirir. Layihənin önəmi onunla diqqətçəkəndir ki, icma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və təlim prosesində müəllimlərin köməkçilərinə çevrilirlər.

AzEdu.az xəbər verir ki, bu fikri “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatında layihə meneceri İlahə Rəsulova deyib. O bildirib ki, yeni tədris ilində layihənin fəaliyyətlərinin məzmunu yeniliklərlə zənginləşdiriləcək. Layihə çərçivəsində məktəblərdə icma əsaslı valideyn assosiasiyasının yaradılması nəzərdə tutulur. Təhsil ocağı ilə işləməyi xoşlayan və bu sahədə səriştəsi olan fəal valideynlər bu assosiasiyaya cəlb ediləcəklər. Onlar valideynləri maarifləndirmək və onların bacarıqlarını artırmaq istiqamətində fəaliyyət göstərəcəklər. Mütəmadi olaraq təlimlər keçirməklə valideynlər də məktəblə birlikdə ibtidai təhsilin yaxşılaşdırılmasına yönələn layihələrdə fəal iştirakçılar olacaqlar. Valideyn assosiasiyasının üzvlərinə bacarıqların inkişafı ilə bağlı təlimlər keçiləcək, assosiasiya ilə məktəbin birgə layihələri icra olunacaq, icma görüşləri təşkil ediləcək.

“Valideyn assosiasiyasının fəaliyyəti reallaşdıqda onun müsbət nəticələri ilk növbədə təlimin keyfiyyətinin yüksəlməsində özünü göstərəcək”, - deyə İlahə Rəsulova qeyd edib.