Azedu.az

Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı açılır

Təhsil Nazirliyi

24 Sentyabr 2026, 16:30
Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı açılır

Milli Aviasiya Akademiyasında (MAA) ABŞ-nin aviasiya təhsili sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrindən biri olan Spartan Aeronavtika və Texnologiya Məktəbinin fəaliyyətə başlamasına həsr olunan açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə akademiyanın rektoru, akademik Arif Paşayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, ABŞ-nin Spartan Aeronavtika və Texnologiya Kollecinin və “Spartan Education Group”un nümayəndələri iştirak ediblər.

Akademik Arif Paşayev çıxışında müasir aviasiyanın yalnız yüksəkixtisaslı kadr hazırlığı deyil, eyni zamanda, elmi-tədqiqatların, yeni texnologiyaların və praktiki tətbiqlərin vəhdəti əsasında inkişaf etdirilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, aviasiya təhsilinin elmi potensialla dəstəklənməsi və beynəlxalq təcrübə ilə zənginləşdirilməsi Azərbaycan aviasiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın nəqliyyat infrastrukturunun, o cümlədən hava nəqliyyatı sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialının Azərbaycanda fəaliyyətə başlamasını ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

“Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Akademiyada uçuş hazırlığının təşkili, praktiki təlim imkanları və müasir aviasiya mütəxəssislərinin hazırlanması üçün yaradılan şəraitdən danışıb. O, MAA-da yeni fəaliyyətə başlayan Beynəlxalq Təlim Mərkəzinin bu prosesdə mühüm rolunu vurğulayıb. Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlamasını da bu istiqamətdə növbəti mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda ilk “FAA A&P” lisenziya proqramının təşəbbüskarı və dəstəkçisi, “ALG” şirkətinin təsisçisi Fərhad Azima isə bildirib ki, Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlaması Azərbaycan aviasiya təhsilində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən “Spartan Education Group”un Baş İcraçı Direktoru Robert Polston, Strategiya və Biznesin İnkişafı üzrə icraçı vitse-prezidenti Daniel Bregman və Direktorlar Şurasının üzvü, kapitan David Bourne ABŞ-nin aviasiya təhsili sahəsində təcrübəsi, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və yeni layihənin perspektivləri barədə fikirlərini bölüşüblər.

ADA Universitetinin prorektoru Vəfa Kazdal da çıxış edərək təhsil tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Spartan Aeronavtika və Texnologiya Məktəbinin Azərbaycanda fəaliyyətə başlaması münasibətilə tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, 63 tələbənin təhsil alacağı yeni məktəbdə tədrisin təşkilinə artıq başlanılıb. İyunun 1-dən tələbələr üçün ingilis dili kursları keçirilir. Tədris prosesinə isə noyabrın 16-dan start veriləcək.

Sonda xatirə fotosu çəkdirilib.

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox