Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 10:00:15
Müəllim geyimi ilə fərqlənən Şəki məktəbinin direktoru: “Formanı ilk dəfə 62 yaşlı həyat yoldaşım geyindi”

“Gənc müəllim kadrlar vahid formaya daha həvəslidirlər. Bəzən yaşlı müəllim düşünür ki, onsuz da 1 ilim qalıb,c ona görə də formaya ehtiyac görmür. Amma bəzən əksi də olur. Məsələn, həyat yoldaşımın 62 yaşı var. Amma vahid formanı ilk dəfə geyinən də elə o özü olub”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Şəki şəhər Oxud kənd orta məktəbinin direktoru Ülfət Abdullayev deyib. Onun rəhbərlik etdiyi məktəb son günlər müəllimlərin vahid formaya keçməsi ilə məşhurlaşıb. Onlar bu formada şagird qarşısına ilk dəfə elə Bilik günü çıxıblar.

“Müəllimlərin təklifə reaksiyası çox müsbət oldu”

Ülfət müəllimin sözlərinə görə, vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra  reallaşıb:

“Şəki Rayon Təhsil Şöbəsinin şurasında şagirdlərin tərbiyə sistemi üçün müəllimlərin vahid formaya keçməsi məqsədəuyğun hesab olundu. Deyilən tövsiyələri əsas tutaraq təklifi məktəbin pedaqoji iclasında müzakirəyə çıxardıq. Vahid formanın şagirdlərin özünütərbiyəsinə müsbət təsir edəcəyi vurğulandı. Müəllimlərin təklifə reaksiyası çox müsbət oldu. Hətta valideynlər də onu yaxşı qarşıladılar.

Bununla da yeni tədris ilindən müəllimlərin 90 %-i vahid formaya keçdi. Digərləri də qısa müddətdə vahid formanı geyəcəklər. Onları heç kim məcbur etməyib, ideya da özlərinindir”.

Vahid formanın üstünlüklərinə gəlincə isə direktor bunu maddi bərabərlikdə görüb:

“Müəllimlərin əksəriyyəti orta təbəqəyə mənsubdurlar. Varlı və ya kasıb insanların fərqlənməməsi baxımından vahid forma çox yaxşıdır.

Üstəlik, bəzən şagirdlər məktəbli formasından yayınırlar. Amma müəllimi vahid formada görən məktəbli bu qaydaya özü də əməl edəcək”.

“Kişi müəllimlər üçün də vahid kostyum hazırlamağı düşünürük”

Ülfət müəllim bildirib ki, formanın dizaynını müəllimlər özləri seçiblər. Kostyum 40, köynək isə  təxmini 15 – 20 manata başa gəlib:

“Müəllimlər məzuniyyətdə Şəki şəhərinə gəlib birgə parça da seçdilər. Formanın dizaynını da özləri axtarıb tapdılar. Pulunu da elə özləri verdi.

Qış üçün ayrıca forma nəzərdə tutulmayıb. Amma köynəyi qollu, qalın materialla əvəz etməyi də düşünürük.

Gənc kadrlar vahid formaya daha həvəslidirlər. Bəzən yaşlı müəllim düşünür ki, onsuz da 1 ilim qalıb, formaya ehtiyac görmür. Amma bəzən əksi də olur. Məsələn, həyat yoldaşımın 62 yaşı var. Amma vahid formanı ilk dəfə geyən də elə o özü olub.

Kişi müəllimlər üçün də vahid kostyum hazırlamağı düşünürük. Bu gün təklif etdilər ki, kişilərin qalstuku qadınlardakı lentlə eyni rəngdə olsun”.

Qeyd edək ki, Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları