Türkiyənin İstanbul şəhərində Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanı (YKS) zamanı mobil telefonla imtahan suallarının fotosunu çəkərək süni intellekt tətbiqi vasitəsilə həll etməyə çalışdığı müəyyən edilən şübhəli şəxs həbs edilib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlinin mobil telefonunu gizlədərək imtahan zalına daxil olduğu, imtahan zamanı isə bəzi sualların fotosunu çəkib süni intellekt tətbiqinə göndərərək cavab almağa çalışdığı aşkarlanıb.
İmtahanın bitməsindən sonra şübhəli zalı tərk etmək istəyərkən nəzarətçilər tərəfindən saxlanılıb. Aparılan yoxlama zamanı üzərində gizlədilmiş mobil telefon tapılıb və dərhal polis əməkdaşlarına təhvil verilib.
Hadisə ilə bağlı məhkəməyə göndərilən şübhəli barəsində həbs qərarı çıxarılıb.