Azedu.az

Dünyanı dəyişdirən qadın riyaziyyatçılar: ARAŞDIRMA

Araşdırma

27 İyun 2026, 15:43
Dünyanı dəyişdirən qadın riyaziyyatçılar: ARAŞDIRMA

Riyaziyyat bəşəriyyət tarixinin ən qədim və ən mühüm elm sahələrindən biri olub. Əsrlər boyu bu sahənin inkişafında çoxsaylı alimlər mühüm rol oynayıblar. Tarixdə daha çox kişi riyaziyyatçıların adları çəkilsə də, qadın alimlər də riyaziyyatın, astronomiyanın, fizikanın və kompüter elminin inkişafına böyük töhfələr veriblər.

AzEdu.az  tarixdə iz qoymuş ən məşhur qadın riyaziyyatçıları araşdırıb:

1. Hypatia - ilk qadın riyaziyyatçı (370 – 415)

Hypatia of Alexandria - Learn english and culture with AIT

Hypatia of Alexandria qədim dünyanın ən tanınmış qadın riyaziyyatçısı, astronomu və filosofu hesab olunur. O, təxminən 370-ci illərdə Misirin İskəndəriyyə şəhərində doğulub. İskəndəriyyə o dövrdə elm və mədəniyyətin ən mühüm mərkəzlərindən biri idi və burada məşhur “Mouseion” (Museion) adlı elmi məktəb və kitabxana kompleksi yerləşirdi. Hypatia məhz bu zəngin elmi mühitdə böyümüş və formalaşmışdır.

Onun atası Theon İskəndəriyyənin tanınmış riyaziyyatçı və astronomlarından biri olub. Theon həm elmi fəaliyyət göstərir, həm də tədrislə məşğul olurdu. O, Evklidin “Elementlər” əsərinin qorunması və izahı üzərində çalışan mühüm alimlərdən biri olub. Hypatia ilk təhsilini atasından alıb və kiçik yaşlardan riyaziyyat, astronomiya və fəlsəfə ilə tanış olub.

Lakin Hypatia sadəcə atasının tələbəsi olaraq qalmayıb. Zaman keçdikcə o, öz adı ilə tanınan müstəqil alim və güclü müəllimə çevrilib. O, İskəndəriyyədə yüksək səviyyəli dərslər verən bir filosof məktəbinə rəhbərlik edib və dövrünün ən savadlı insanlarından biri kimi tanınıb.

Hypatianın elmi fəaliyyəti əsasən qədim yunan riyaziyyatının şərhi və inkişaf etdirilməsi üzərində qurulub. Onun Diophantosun “Aritmetika” əsərinə şərhlər yazdığı, həmçinin Apolloniosun “Konik kəsiklər” (Conics) əsərini izah etdiyi qəbul edilir. Bundan əlavə, o, astronomiya sahəsində də mühüm işlər görüb və müxtəlif astronomik mətnlərin redaktə olunmasına və daha aydın şəkildə izah edilməsinə kömək edib.

Hipatiya təkcə nəzəri elm ilə deyil, həm də praktiki elmi alətlərlə maraqlanıb. Onun astrolabın (göy cisimlərinin mövqeyini ölçmək üçün cihaz) inkişafında rol oynadığı, həmçinin hidrometr kimi maye sıxlığını ölçən cihazların təkmilləşdirilməsinə töhfə verdiyi qeyd olunur. Bu, onun həm nəzəri, həm də tətbiqi elmdə bacarıqlı olduğunu göstərir.

O, həmçinin çox güclü müəllim idi. Onun dərslərinə müxtəlif bölgələrdən tələbələr gəlirdi və Hypatia sadəcə bilik ötürmür, eyni zamanda düşünmə, analiz etmə və fəlsəfi yanaşma bacarıqları da öyrədirdi. Bu səbəbdən o, təkcə alim deyil, həm də intellektual lider kimi qəbul edilib.

Lakin Hypatianın həyatı dövrünün siyasi və dini gərginlikləri səbəbindən faciə ilə nəticələnib. İskəndəriyyədə Roma hakimiyyəti dövründə sivil rəhbər Orestes ilə dini lider piskopos Cyril arasında ciddi güc mübarizəsi yaranıb. Bu qarşıdurma getdikcə kəskinləşmiş və şəhərdə siyasi sabitlik pozulmuşdu.

Bu gərginliklər zamanı Hypatia haqqında müxtəlif şayiələr yayılıb. Onun guya Orestesi dəstəkləyərək siyasi uzlaşmanı pozduğu iddia edilib. Nəticədə o, fanatik bir qrup tərəfindən hücuma məruz qalıb və 415-ci ildə vəhşicəsinə öldürülüb.

Onun ölümü təkcə bir alimin faciəsi deyil, həm də elm ilə fanatizm, rasional düşüncə ilə cəhalət arasındakı qarşıdurmanın simvolu kimi qəbul edilir. Buna baxmayaraq, Hypatia yalnız ölümü ilə deyil, həyatı və elmi fəaliyyəti ilə tarixdə iz qoyub.

Bu gün Hypatia həm qədim dünyanın ən böyük qadın alimlərindən biri, həm də azad düşüncənin və elmi araşdırmanın simvolu kimi xatırlanır. O, sübut edib ki, qadınlar da ən çətin tarixi şəraitlərdə belə elmin inkişafında mühüm rol oynaya bilərlər.

2. Sofya Kovalevskaya (1850 – 1891)

Sofya Kovalevskaya

Sofya Vasilyevna Kovalevskaya XIX əsrdə qadınların elmə çıxışının çox məhdud olduğu dövrdə riyaziyyatda özünə yer açıb tanınmış ən önəmli qadın alimlərdən biri olub. O, 1850-ci ildə Moskva şəhərində doğulub və uşaqlıqdan riyaziyyata böyük maraq göstərib.

O dövrdə Rusiyada qadınların universitetə qəbul olunması qadağan olunub və bu səbəbdən Kovalevskaya rəsmi təhsil ala bilməyib. Buna baxmayaraq o, xüsusi müəllimlərdən dərs alıb və riyaziyyat biliklərini inkişaf etdirib. Erkən yaşlardan ciddi riyazi qabiliyyət göstərib və bu bacarığı ilə diqqət çəkib.

Daha sonra elmə davam edə bilmək üçün Avropaya getməyə qərar verib və 1869-cu ildə formal bir evlilik edib Rusiyadan çıxıb. Almaniyaya gedib Heidelberg Universitetində bəzi dərslərə dinləyici kimi qatılıb, amma qadın olduğu üçün rəsmi tələbə kimi qəbul olunmayıb.

Sonra Berlinə gedib və məşhur riyaziyyatçı Karl Weierstrass ilə tanış olub. Universitet qadınlara bağlı olduğu üçün rəsmi şəkildə oxuya bilməyib, amma Weierstrass onun istedadını görüb və ona xüsusi dərslər verib. Kovalevskaya bu dərslərdə çox sürətlə irəliləyib və yüksək səviyyəli riyazi bilik qazanıb.

1874-cü ildə Göttingen Universitetindən riyaziyyat üzrə doktorluq alıb. Onun dissertasiyası kısmi diferensial tənliklər üzərində olub və burada sonradan “Cauchy–Kovalevskaya teoremi” kimi tanınan mühüm nəticəni sübut edib. Bu nəticə riyaziyyatda tənliklərin həllinin mövcudluğunu və yeganəliyini izah edib.

Doktorluq almasına baxmayaraq dərhal akademik iş tapa bilməyib, çünki qadınlara universitetlərdə vəzifə verilməyib. Buna görə bir müddət elmi fəaliyyətini qeyri-rəsmi şəkildə davam etdirib.

Sonradan İsveçə gedib və Stockholm Universitetində işləməyə başlayıb. Orada riyaziyyat sahəsində ciddi elmi işlər görüb və 1889-cu ildə tam professor vəzifəsinə yüksəlib. Bu, onu Avropada professor olan ən nadir qadın riyaziyyatçılardan biri edib.

O, həmçinin dönən sərt cisimlərin hərəkəti üzərində tədqiqatlar aparıb və bu sahədə mühüm nəticələr əldə edib. 1888-ci ildə Paris Elmlər Akademiyasının Prix Bordin mükafatını qazanıb və bu uğur onun beynəlxalq səviyyədə tanınmasına səbəb olub. Kovalevskaya elmi işlərlə yanaşı yazılar da yazıb, elm və cəmiyyət haqqında fikirlərini ifadə edib və qadınların elmə daxil olması barədə fikirlər irəli sürüb.

Təəssüf ki, 1891-ci ildə 41 yaşında İsveçdə vəfat edib. Qısa ömür yaşayıb, amma riyaziyyat tarixində çox böyük iz buraxıb. Bu gün Kovalevskaya qadınların elm sahəsində qarşılaşdığı maneələrə baxmayaraq böyük uğur qazana biləcəyinin ən güclü simvollarından biri kimi qəbul edilib və adı riyaziyyat tarixində xüsusi yer tutub.

3. Emmy Amalie Noether (1882 – 1935)
 

Emmy Noether

Emmy Noether təkcə riyaziyyata deyil, həm də fizikanın inkişafına çox böyük töhfələr verib. O, simmetriya anlayışını enerji, impuls və digər fiziki kəmiyyətlərin qorunma qanunları ilə əlaqələndirib və bununla da elm tarixində inqilabi dəyişiklik yaradıb. Onun hazırladığı Noether teoremi müasir nəzəri fizikanın ən mühüm nəticələrindən biri hesab edilib. Bu teorem göstərib ki, təbiətdə mövcud olan hər bir simmetriya müəyyən bir qorunma qanununa uyğun gəlir. Məsələn, zamanın dəyişməzliyi enerjinin qorunması ilə, məkanın dəyişməzliyi isə impulsun qorunması ilə əlaqələndirilib. Bu səbəbdən Noether teoremi fizikanın ən gözəl və ən fundamental teoremlərindən biri kimi qiymətləndirilib.

Emmy Noether həm saf riyaziyyata, həm də tətbiqi riyaziyyata mühüm töhfələr verib. O, xüsusilə abstrakt cəbr, halqalar (ringlər), ideallar və cəbri strukturlar üzərində işləyib. Onun tədqiqatları müasir cəbrin inkişafına böyük təsir göstərib və bu gün də dünyanın aparıcı universitetlərində öyrənilib.

Lakin Noetherin elmi yolu asan olmayıb. O, qadın olduğu üçün universitetdə rəsmi tələbə kimi qəbul edilməyib və uzun müddət müəllim kimi işləməsinə də icazə verilməyib. Universitetlər onun fəaliyyətini ciddi qəbul etmək üçün dövrün tanınmış riyaziyyatçılarının dəstəyinə ehtiyac duyub. Məşhur alimlər David Hilbert və Felix Klein onun istedadını yüksək qiymətləndirib və universitet rəhbərliyi qarşısında onu müdafiə ediblər. Buna baxmayaraq, Noether uzun müddət əməkhaqqı almadan dərs deyib və yalnız illər sonra professor adına layiq görülüb.

Qarşılaşdığı bütün ayrı-seçkiliklərə baxmayaraq, Emmy Noether elmi fəaliyyətini dayandırmayıb. O, araşdırmalar aparmağa, tələbələr yetişdirməyə və yeni riyazi nəzəriyyələr inkişaf etdirməyə davam edib. Onun əzmkarlığı və elmə olan sevgisi sonrakı nəsil qadın alimlər üçün nümunəyə çevrilib.

1935-ci ildə Emmy Noether vəfat edib. Onun ölümündən sonra dünya şöhrətli fizik Albert Einstein The New York Times qəzetinə yazdığı məktubda onun haqqında belə deyib: "Qadınların ali təhsildə iştirak etməyə başladığı dövrdən bəri yetişən ən böyük və ən yaradıcı riyazi dühalardan biri Emmy Noether olub".  Bu sözlər onun elmə verdiyi töhfələrin nə qədər böyük olduğunu bir daha göstərib.

4. Sophie Germain  (1776–1831)

Dünyayı Değiştiren Ünlü Kadın Matematikçiler

Sophie Germain (Sofi Jermen) XVIII və XIX əsrlərdə yaşamış ən görkəmli qadın riyaziyyatçılardan biri olub. O, qadınların elm sahəsində demək olar ki, qəbul edilmədiyi bir dövrdə yaşayıb və bütün çətinliklərə baxmayaraq riyaziyyat tarixində özünəməxsus yer qazanıb. Onun həyatı elmə olan sonsuz marağın, əzmkarlığın və iradənin ən gözəl nümunələrindən biri hesab olunub.

Sophie Germain 1776-cı ildə Fransanın Paris şəhərində varlı bir ailədə doğulub. O, uşaqlıq illərini Fransa İnqilabı dövründə keçirib. İnqilab səbəbindən uzun müddət evdən çıxa bilməyib və vaxtının çox hissəsini atasının zəngin kitabxanasında keçirib. Burada riyaziyyat, fəlsəfə və elmə aid kitablar oxuyub. Xüsusilə qədim yunan alimi Arximedin ölümü haqqında oxuduğu hadisə onda riyaziyyata qarşı böyük maraq oyadıb. Arximedin elmi işinə o qədər bağlı olduğunu, hətta ölüm anında belə riyazi məsələlər üzərində düşündüyünü öyrənəndən sonra Sophie də həyatını elmə həsr etməyə qərar verib.

Riyaziyyatı daha dərindən öyrənmək üçün o, yalnız fransız dilində olan kitablarla kifayətlənməyib. Newton, Euler və Lagrange kimi böyük riyaziyyatçıların əsərlərini orijinal dildə oxuya bilmək məqsədilə latın və yunan dillərini də öyrənib. Bu, onun elmə nə qədər ciddi yanaşdığını göstərib.

Lakin ailəsi əvvəlcə onun riyaziyyata olan marağını dəstəkləməyib. Hətta valideynləri gecələr işləməsinin qarşısını almaq üçün otağındakı şamları və istilik vasitələrini götürüblər. Buna baxmayaraq, Sophie Germain riyaziyyatdan əl çəkməyib. O, gizli şəkildə işləməyə davam edib və çətinliklərə baxmayaraq öz biliklərini artırıb.

Həmin dövrdə Fransanın ən nüfuzlu ali məktəblərindən biri olan École Polytechnique qadın tələbələri qəbul etməyib. Buna görə də Sophie Germain universitetdə rəsmi təhsil ala bilməyib. Lakin o, universitetin mühazirə qeydlərini əldə edib və həmin materiallar əsasında müstəqil şəkildə təhsil alıb. Bu, onun yüksək səviyyəli riyaziyyat biliyi qazanmasına imkan verib.

Sophie Germain elmi işlərini dövrün məşhur riyaziyyatçısı Joseph-Louis Lagrangea göndərmək üçün "Monsieur LeBlanc" adlı kişi təxəllüsündən istifadə edib. O, qadın olduğunu gizlədib, çünki həmin dövrdə qadın alimlərin fikirlərinə ciddi yanaşılmırdı. Lagrange onun göndərdiyi işləri oxuyub, yüksək riyazi istedadını görüb və sonradan onun əsl kimliyini öyrənəndən sonra da dəstəyini davam etdirib.

Sonralar Sophie Germain dövrünün digər böyük riyaziyyatçıları Adrien-Marie Legendre və Carl Friedrich Gauss ilə də məktublaşıb. Xüsusilə Gauss onun elmi qabiliyyətini yüksək qiymətləndirib və yazdığı məktublarda ona böyük hörmət göstərib. Gauss qadın olmasına baxmayaraq Germainin əldə etdiyi uğurları qeyri-adi hesab edib.

Sophie Germainin ən mühüm elmi tədqiqatlarından biri Fermanın Son Teoremi ilə bağlı olub. O, bu məşhur problem üzərində uzun illər işləyib və mühüm nəticələr əldə edib. Onun araşdırmaları nəticəsində sonradan Sophie Germain teoremiSophie Germain sadə ədədləri adlandırılan anlayışlar meydana gəlib. Bu nəticələr ədədlər nəzəriyyəsinin inkişafında mühüm rol oynayıb və bu gün də riyaziyyatda istifadə olunub.

O, yalnız nəzəri riyaziyyatla kifayətlənməyib, fizika və mexanika sahəsində də araşdırmalar aparıb. Xüsusilə elastik səthlərin və metal lövhələrin titrəyişləri üzərində işləyib. Bu tədqiqatlar mühəndislik və memarlıq sahəsində böyük əhəmiyyət daşıyıb. Onun hazırladığı nəzəriyyələr sonradan körpülərin, binaların və digər konstruksiyaların möhkəmliyinin hesablanmasında tətbiq olunub.

1816-cı ildə Paris Elmlər Akademiyası onun elastik səthlərin titrəyişi ilə bağlı tədqiqatını yüksək qiymətləndirib və Sophie Germain bu akademiyanın mükafatını qazanan ilk qadın alim olub. Bu uğur onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasına səbəb olub.

Bütün bu nailiyyətlərə baxmayaraq, Sophie Germain heç bir universitetdə rəsmi vəzifə ala bilməyib. Yaşadığı dövrdə qadın alimlərə qarşı mövcud olan ayrı-seçkilik onun akademik fəaliyyətinə mane olub. Hətta 1831-ci ildə vəfat edəndə rəsmi sənədlərdə peşəsi "riyaziyyatçı" kimi deyil, sadəcə "evli olmayan qadın" kimi qeyd edilib. Bu fakt həmin dövrdə qadın alimlərin necə qiymətləndirildiyini açıq şəkildə göstərib.

Buna baxmayaraq, Sophie Germainin elmi irsi zaman keçdikcə daha çox qiymətləndirilib. Onun adı bu gün ədədlər nəzəriyyəsində, elastiklik nəzəriyyəsində və riyaziyyat tarixində xüsusi hörmətlə çəkilib. O, elmə olan sevgisi, əzmkarlığı və bütün maneələrə baxmayaraq məqsədindən dönməməsi ilə sonrakı nəsil qadın alimlər üçün ilham mənbəyinə çevrilib. Onun həyatı bir daha sübut edib ki, həqiqi istedad və elmə bağlılıq heç bir sosial maneə ilə məhdudlaşdırıla bilməyib.

5. Mariya Qaetana Anyezi (1718–1799)

Dünyayı Değiştiren Ünlü Kadın Matematikçiler

Mariya Qaetana Anyezi XVIII əsrdə yaşamış görkəmli italyan riyaziyyatçısı, filosof və dilçi olub. O, qadınların elm sahəsində çox az tanındığı bir dövrdə riyaziyyat sahəsində mühüm uğurlar əldə edib və elmi fəaliyyəti ilə qadınların da yüksək səviyyəli alim ola biləcəyini sübut edib. Anyezi riyaziyyat tarixində ilk qadın müəlliflərdən biri və ilk qadın professorlardan biri kimi tanınıb.

Mariya Qaetana Anyezi 1718-ci ildə İtaliyanın Milan şəhərində varlı, savadlı və cəmiyyət içərisində nüfuz sahibi olan bir ailədə doğulub. Atası Pietro Agnesi tanınmış tacir olub və elm adamlarını tez-tez öz evinə dəvət edib. Buna görə də Mariya uşaqlıqdan elm adamları və filosoflarla ünsiyyətdə olub, zəngin intellektual mühitdə böyüyüb.

O, çox kiçik yaşlarından qeyri-adi yaddaşı və öyrənmə qabiliyyəti ilə hamını heyrətləndirib. Cəmi beş yaşında italyan və fransız dillərində sərbəst danışıb. On iki yaşına çatanda isə yunan, latın, ivrit (ibrani), alman və ispan dillərini də öyrənib. Onun dillərə olan böyük marağı sonralar elmi fəaliyyətində mühüm rol oynayıb. Müxtəlif dillərdə yazılmış riyazi əsərləri orijinal mənbələrdən oxuyub müqayisə edə bilib.

Anyezi hələ doqquz yaşında olarkən qadınların təhsil alma hüququ haqqında yazılmış bir mətni latın dilinə tərcümə edib. Daha sonra həmin mətni atasının evində təşkil olunan elmi toplantıda əzbər söyləyib. Bu çıxış onun yüksək intellektini nümayiş etdirib və elm adamlarının diqqətini cəlb edib.

Gənclik illərində fəlsəfə, məntiq və ilahiyyatla da maraqlanıb. Lakin zaman keçdikcə diqqətini daha çox riyaziyyata yönəldib. O, xüsusilə cəbr, həndəsə və analiz sahələrini dərindən öyrənib və Avropanın müxtəlif ölkələrində yazılmış riyazi əsərləri araşdırıb.

Anyezi riyaziyyata ən böyük töhfəsini 1748-ci ildə nəşr etdirdiyi "Analytical Institutions" ("Instituzioni Analitiche") adlı iki cildlik kitabı ilə verib. Bu əsər həmin dövr üçün ən mükəmməl riyaziyyat dərsliklərindən biri hesab olunub. Kitabda cəbr, analitik həndəsə, diferensial hesab və inteqral hesab sistemli və sadə şəkildə izah olunub. O vaxta qədər müxtəlif ölkələrdə yaranmış riyazi nəzəriyyələri bir araya gətirib vahid dərslik şəklində təqdim edib.

Bu kitabın ən mühüm xüsusiyyətlərindən biri müxtəlif dillərdə yazılmış riyazi ideyaları müqayisə edib vahid sistem yaratması olub. Anyezinin güclü dil biliyi ona Avropanın müxtəlif riyaziyyat məktəblərinin əsərlərini oxumağa və onların üstün cəhətlərini bir kitabda birləşdirməyə imkan verib. Bu səbəbdən onun kitabı uzun illər Avropanın müxtəlif universitetlərində əsas dərs vəsaiti kimi istifadə olunub.

Kitab nəşr olunandan sonra böyük maraqla qarşılanıb və dövrünün məşhur riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilib. Görkəmli fransız riyaziyyatçısı Joseph-Louis Lagrange də öz tədqiqatlarında bu əsərdən istifadə edib və onun elmi dəyərini yüksək qiymətləndirib.

Mariya Qaetana Anyezi ilə bağlı ən məşhur anlayışlardan biri də "Anyezi əyrisi" (Witch of Agnesi) adlanan riyazi əyridir. Maraqlıdır ki, bu ad əslində tərcümə səhvi nəticəsində yaranıb. İtalyanca "versiera" sözü səhv başa düşülərək ingilis dilinə "witch" ("cadugər") kimi tərcümə olunub. Halbuki Anyezi özü bu əyrini sadəcə riyazi obyekt kimi təsvir edib. Buna baxmayaraq, bu ad riyaziyyat tarixində qorunub saxlanılıb və bu gün də həmin əyri onun adı ilə tanınıb.

Sonrakı illərdə Anyezi elmi fəaliyyətdən tədricən uzaqlaşıb. O, həyatını daha çox xeyriyyə işlərinə və kasıb insanlara kömək etməyə həsr edib. Maddi imkanlarının böyük hissəsini ehtiyacı olan insanlara sərf edib, xəstə və yaşlı insanlara qayğı göstərib. Hətta son illərində kasıblar evinin idarə olunmasında da iştirak edib.

1799-cu ildə Milan şəhərində vəfat edib. Onun həyatı boyu gördüyü elmi işlər sonrakı dövrlərdə daha da yüksək qiymətləndirilib. Bu gün Mariya Qaetana Anyezi yalnız XVIII əsrin ən böyük qadın riyaziyyatçılarından biri kimi deyil, həm də riyaziyyatın sistemli şəkildə öyrədilməsinə mühüm töhfə vermiş alim kimi xatırlanıb. Onun əsərləri Avropa riyaziyyatının inkişafına təsir göstərib və sonrakı nəsil alimlər üçün dəyərli mənbəyə çevrilib.

6. Məryəm Mirzəxani (1977–2017)

Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani  haqqında | WWW.YAZARLAR.AZ

Məryəm Mirzəxani müasir dövrün ən görkəmli riyaziyyatçılarından biri olub. O, təkcə İranın deyil, bütün dünyanın riyaziyyat tarixinə adını yazdırıb və qazandığı uğurlarla milyonlarla gəncə ilham verib. Mirzəxani xüsusilə həndəsə, topologiya və dinamik sistemlər sahəsində apardığı tədqiqatlarla tanınıb. Onun elmi nailiyyətləri müasir riyaziyyatın inkişafına böyük töhfə verib.

Məryəm Mirzəxani 1977-ci il mayın 12-də İranın paytaxtı Tehran şəhərində doğulub. Uşaqlıq illərində yazıçı olmaq arzusunda olub. Lakin məktəb illərində riyaziyyata maraq göstərməyə başlayıb və qısa müddətdə bu sahədə qeyri-adi istedada malik olduğu üzə çıxıb. Müəllimləri onun analitik düşünmə qabiliyyətini yüksək qiymətləndirib və müxtəlif riyaziyyat yarışlarında iştirak etməsinə şərait yaradıblar.

Mirzəxani məktəb illərində Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edib. 1994-cü ildə keçirilən olimpiadada qızıl medal qazanıb. Bir il sonra yenidən olimpiadaya qatılıb və bütün sualları düzgün cavablandıraraq tam nəticə ilə ikinci qızıl medalını əldə edib. Bununla da o, İran tarixində Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk qız şagird olub.

Ali təhsilini Tehrandakı Şərif Texnologiya Universitetində alıb. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib və Harvard Universitetində doktorantura təhsili alıb. Burada məşhur riyaziyyatçı Curtis McMullenin rəhbərliyi altında elmi tədqiqatlar aparıb və qısa müddətdə beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edib.

Doktorluq təhsilini başa vurduqdan sonra müxtəlif universitetlərdə çalışıb. Sonralar Kaliforniyadakı Stanford Universitetində professor vəzifəsinə təyin olunub. O, Stanford Universitetində çalışan ilk qadın riyaziyyat professorlarından biri olub və burada elmi fəaliyyətini uğurla davam etdirib.

Mirzəxaninin əsas tədqiqat sahəsi Riman səthləri, hiperbolik həndəsə, moduli fəzaları və dinamik sistemlər olub. O, əyri səthlərin – kürələrin, tor (halqa və ya simit formasına bənzər səthlərin) və daha mürəkkəb həndəsi fiqurların quruluşunu və hərəkət qanunlarını araşdırıb. Onun tədqiqatları bu mürəkkəb həndəsi obyektlərin necə dəyişdiyini və müxtəlif şəraitlərdə necə davrandığını izah etməyə kömək edib.

Bu tədqiqatlar əsasən nəzəri xarakter daşısa da, onların nəticələri fizika, kvant mexanikası, kosmologiya və digər elm sahələrində də tətbiq olunub. Xüsusilə kainatın həndəsi quruluşunun öyrənilməsi və kvant nəzəriyyəsinin bəzi problemlərinin izahında Mirzəxaninin nəticələrindən istifadə olunub.

Riyaziyyat sahəsində Nobel mükafatı verilmədiyi üçün bu elm sahəsində ən nüfuzlu mükafatlardan biri Fields medalı hesab olunub. Bu mükafat hər dörd ildən bir 40 yaşdan aşağı olan və riyaziyyata mühüm töhfələr vermiş alimlərə təqdim olunub. 2014-cü ildə Məryəm Mirzəxani bu mükafata layiq görülüb və Fields medalını qazanan ilk qadın, eyni zamanda ilk iranlı alim kimi tarixə düşüb.

O, bu mükafatı Riman səthlərinin və həmin səthlərin moduli fəzalarının həndəsəsi və dinamikası sahəsində apardığı mühüm tədqiqatlara görə alıb. Onun əldə etdiyi nəticələr müasir riyaziyyatın ən mürəkkəb problemlərinin həllində yeni istiqamətlər açıb və dünyanın aparıcı riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilib.

Mirzəxani riyazi problemləri həll edərkən fərqli üsuldan istifadə edib. O, mürəkkəb düsturları əvvəlcə kağız üzərində müxtəlif şəkillər və eskizlər şəklində təsvir edib, sonra isə həmin təsvirlər üzərində düşünərək həll yolları tapıb. Bu yaradıcı yanaşma onun elmi fəaliyyətinin ən xarakterik xüsusiyyətlərindən biri olub.

Təəssüf ki, 2013-cü ildə ona süd vəzi xərçəngi diaqnozu qoyulub. O, bir neçə il xəstəliklə mübarizə aparıb, lakin 2017-ci ildə, cəmi 40 yaşında vəfat edib. Onun vaxtsız ölümü dünya elmi üçün böyük itki hesab olunub və bir çox alimlər onun gələcəkdə daha böyük nailiyyətlər əldə edə biləcəyini bildiriblər.

7. Ada Lavleys (1815–1852)

INFORMATIKA SABAHA AÇILAN PƏNCƏRƏ - ADA LAVLEYS

Ada Lavleys (Ada Lovelace) müasir kompüter elminin əsasını qoyan alimlərdən biri olub. O, tarixdə ilk kompüter proqramçısı kimi tanınıb və kompüterlərin gələcəkdə insanların həyatında necə mühüm rol oynaya biləcəyini ilk anlayan şəxslərdən biri olub. Onun irəli sürdüyü ideyalar yaşadığı dövr üçün olduqca qabaqcıl olub və sonralar kompüter texnologiyalarının inkişafında mühüm rol oynayıb.

Ada Lavleys 1815-ci il dekabrın 10-da İngiltərənin London şəhərində anadan olub. Onun atası dövrünün məşhur romantik şairi Corc Qordon Bayron (Lord Bayron), anası isə Annabella Milbanke olub. Valideynləri Ada çox kiçik olarkən ayrılıb və onun tərbiyəsi əsasən anasının üzərinə düşüb. Anası qızının atası kimi yalnız ədəbiyyata maraq göstərməsini istəməyib və buna görə də onun riyaziyyat və məntiq sahəsində təhsil almasına xüsusi diqqət ayırıb.

Ada uşaqlıqdan riyaziyyata, mexanikaya və elmi yeniliklərə böyük maraq göstərib. O, dövrünün tanınmış alimlərindən dərs alıb və qısa müddətdə yüksək səviyyəli riyazi biliklər əldə edib. Gənc yaşlarından mürəkkəb riyazi problemləri həll etmək qabiliyyəti ilə seçilib.

1833-cü ildə, təxminən 17 yaşı olanda məşhur ingilis riyaziyyatçısı və ixtiraçısı Çarlz Bebbic ilə tanış olub. Bu tanışlıq onun həyatında mühüm dönüş nöqtəsinə çevrilib. Bebbic həmin dövrdə hesablamaları avtomatik yerinə yetirə biləcək Fərq maşını (Difference Engine) adlı mexaniki hesablama qurğusu üzərində işləyib. Daha sonra isə bu layihəni daha da inkişaf etdirərək Analitik maşın (Analytical Engine) adlandırdığı daha mürəkkəb hesablama sistemi hazırlamağa başlayıb. Bu qurğu müasir kompüterlərin ilk modeli hesab olunub.

1842-ci ildə italyan mühəndisi Luici Menabrea Analitik maşın haqqında məqalə yazıb. Çarlz Bebbic həmin məqalənin ingilis dilinə tərcüməsini Ada Lavleysdən xahiş edib. Ada sadəcə məqaləni tərcümə etməklə kifayətlənməyib. O, mətnə öz qeydlərini də əlavə edib və bu qeydlər orijinal məqalədən təxminən üç dəfə uzun olub. 1843-cü ildə həmin qeydlər məqalə ilə birlikdə nəşr olunub və sonradan kompüter elminin ən mühüm sənədlərindən biri hesab edilib.

Ada Lavleys qeydlərində Bernulli ədədlərinin Analitik maşın vasitəsilə necə hesablana biləcəyini addım-addım izah edib. Bunun üçün o, xüsusi alqoritm hazırlayıb. Bu alqoritm tarixdə bir maşın tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan ilk kompüter proqramı hesab olunub. Buna görə də Ada Lavleys dünya tarixində ilk proqramçı kimi tanınıb.

Lakin onun ən böyük nailiyyəti yalnız ilk proqramı yazması olmayıb. Ada Lavleys kompüterlərin gələcəkdə yalnız riyazi hesablamalar aparmayacağını əvvəlcədən proqnozlaşdırıb. O bildirib ki, belə maşınlar musiqi bəstələyə, mətnləri emal edə, şəkillərlə işləyə və müxtəlif məlumatları analiz edə bilər. XIX əsrdə irəli sürülən bu fikirlər həmin dövr üçün inanılmaz görünsə də, bu gün müasir kompüterlərin yerinə yetirdiyi funksiyaların əsasını təşkil edib.

Ada Lavleys hesab edib ki, kompüter insan kimi düşünə bilməz, lakin ona verilən təlimatları dəqiq yerinə yetirə bilər. Bu fikir sonralar proqramlaşdırma dillərinin və kompüter alqoritmlərinin inkişafında mühüm nəzəri əsaslardan birinə çevrilib.

Təəssüf ki, Ada Lavleys uzun ömür yaşamayıb. O, 1852-ci ildə, cəmi 36 yaşında uşaqlıq xəstəlikləri və ağır səhhət problemləri nəticəsində vəfat edib. Onun ölümündən sonra uzun illər elmi fəaliyyəti lazımi səviyyədə qiymətləndirilməyib. Lakin XX əsrdə kompüter texnologiyaları sürətlə inkişaf etdikcə alimlər onun ideyalarının nə qədər uzaqgörən olduğunu anlayıblar.

Bu gün Ada Lavleys kompüter proqramlaşdırmasının banilərindən biri hesab olunub. ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanmış Ada proqramlaşdırma dili onun şərəfinə adlandırılıb. Hər il oktyabr ayında dünyanın müxtəlif ölkələrində "Ada Lovelace Day" qeyd olunub və bu gün elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində çalışan qadınların nailiyyətlərinə həsr edilib.

 

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox