Azedu.az

Kənd müəllimi sertifikasiyada 55 bal topladı - “Planlı çalışan uğur qazanır”

Sertifikasiya

22 İyun 2026, 15:41
Kənd müəllimi sertifikasiyada 55 bal topladı - “Planlı çalışan uğur qazanır”

18 iyun tarixində sertifikatlaşdırma prosesinin ikinci günündə təsviri incəsənət, musiqi, fizika, kimya və biologiya fənləri üzrə müəllimlər imtahan veriblər.

İmtahanda yüksək nəticə göstərən müəllimlərdən biri də Cəlilabad rayonu Bəcirəvan kənd tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Dilqəm Abbasov olub.

AzEdu.az bu münasibətlə Dilqəm müəllimin təəssüratlarını öyrənib. 

O qeyd edib ki, fənni yaxşı bilənlər üçün imtahanı uğurla vermək mümkün idi:

“Sertifikasiya imtahanından yüksək bal toplamağı gözləyirdim. Çünki imtahana həm planlı şəkildə hazırlaşırdım, həm də repetitorluqla məşğulam. Üstəlik, iki dəfə beynəlxalq sertifikata layiq görülmüşəm, yəni beynəlxalq imtahanlarda iştirak təcrübəm var. Sualların səviyyəsinə gəldikdə isə, onları çox çətin hesab etməzdim. Məncə, suallar normal səviyyədə idi və fənni yaxşı bilən şəxslər imtahanı uğurla verə bilərdilər.

Ümumilikdə 60 sualdan 55-nə düzgün cavab vermişəm və birinci mərhələdə 55 bal toplamışam. Sualları təxminən 1 saat ərzində cavablandırdım. Kimya fənni üzrə sertifikasiya imtahanında ilk dəfə iştirak edirəm”.

Həmişə səhvlərimin üzərində işləyərək tədricən özümü inkişaf etdirmişəm:

“İmtahana tamamilə özüm hazırlaşmışam. Kimya müəllimi kimi fəaliyyət göstərdiyim və özüm də dərs dediyim üçün mövzulara yaxşı bələdəm. Daim müxtəlif mənbələri araşdırır, fərqli tipli testlər üzərində işləyirəm. Öz üzərində davamlı çalışan bir insanam. Yeganə çətinliyim test işləyərkən etdiyim səhvlərlə bağlı olub. Həmişə səhvlərimi təhlil edərək onların üzərində işləmiş və tədricən özümü inkişaf etdirmişəm. Hər hansı kursa və ya hazırlıq proqramına qatılmamışam, yalnız öz üzərimdə çalışmışam.

Keçid balını toplaya bilməyən müəllimlər haqqında onu demək istəyirəm ki, hər kəs öz fənni üzrə araşdırmalar aparsa, davamlı və sistemli şəkildə çalışsa, yüksək nəticə əldə edə bilər. Məncə, bu, tamamilə mümkündür. Tövsiyəm odur ki, öz fənləri üzərində planlı və ardıcıl şəkildə hazırlaşsınlar. Belə olduqda, mütləq yüksək nəticələr qazanacaqlar”.

Sertifikasiya imtahanları savadlı müəllimlərin tanınmasına şərait yaradır:

“Məncə, sertifikasiya imtahanlarının təhsilimiz üçün çox böyük əhəmiyyəti var. Bunu təhsil sahəsində həyata keçirilən ən mühüm islahatlardan biri hesab etmək olar. Bu imtahanlar həm təhsil sistemində savadlı müəllimlərin daha çox tanınmasına şərait yaradır, həm də onların peşəkar inkişafını stimullaşdırır. Eyni zamanda, bu prosesdən keçməklə təhsilimizin daha müsbət gələcəyinə doğru addım atmış oluruq.

Gənc müəllimlərə tövsiyəm odur ki, öz fənləri üzrə müxtəlif mənbələri və ədəbiyyatları araşdırsınlar, bu sahəyə daha çox maraq göstərsinlər. Həmçinin fənlərin tədrisi ilə bağlı təşkil olunan təlimlərdə iştirak etmək onların peşəkar inkişafına müsbət təsir göstərə bilər. Mən özüm də belə təlimlərdə iştirak etmişəm və gənc müəllimlərə də bunu tövsiyə edirəm”.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox