"Yüksək bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə müəyyən qədər arta bilər. Bu isə rəqabət mühitinin daha da güclənməsinə səbəb olacaq".
Bu fikirləri AzEdu.az-a açıqlamasında "Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyev söyləyib.

“IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyentlər, valideynlər və təhsil ictimaiyyəti arasında ən çox müzakirə olunan məsələlərdən biri bu il keçid ballarının necə formalaşacağıdır. Xüsusilə tibb, stomatologiya və digər nüfuzlu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ümumi vəziyyəti diqqətlə izləyirlər.
Bu il keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanlarını təhlil etdikdə görürük ki, sualların ümumi səviyyəsi ötən illərlə müqayisədə daha balanslı və məzmun baxımından daha məqsədyönlü hazırlanıb. Xüsusilə kimya fənni üzrə təqdim olunan tapşırıqlar abituriyentlərin yalnız əzbər biliklərini deyil, həm də məntiqi düşünmə və tətbiqetmə bacarıqlarını qiymətləndirməyə imkan verib. Bununla yanaşı, yaxşı akademik hazırlığa malik olan şagirdlər üçün yüksək nəticə əldə etmək imkanları kifayət qədər geniş olub.
Nəticələrin ilkin təhlili göstərir ki, yüksək bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə müəyyən qədər arta bilər. Bu isə rəqabət mühitinin daha da güclənməsinə səbəb olacaq. Xüsusilə tibb ixtisasını seçməyi planlaşdıran abituriyentlər arasında rəqabətin yüksək səviyyədə olacağı gözlənilir”.
Xüsusilə tibb ixtisasında keçid ballarında müəyyən yüksəliş müşahidə oluna bilər:
“Digər mühüm məqam ondan ibarətdir ki, bir çox abituriyent hələ də ikinci cəhd imtahanında iştirak etməyi və nəticələrini daha da yaxşılaşdırmağı planlaşdırır. Bu səbəbdən hazırkı nəticələr ümumi mənzərənin yalnız bir hissəsini əks etdirir. İkinci cəhd imtahanından sonra formalaşacaq yekun nəticələr keçid ballarına daha dəqiq təsir göstərəcək.
Hazırkı vəziyyəti nəzərə alaraq demək olar ki, IV ixtisas qrupu üzrə bəzi ixtisaslarda, xüsusilə tibb ixtisasında keçid ballarında müəyyən yüksəliş müşahidə oluna bilər. Lakin bu artımın miqyası ikinci cəhd imtahanının nəticələrindən, ixtisas seçimindəki prioritetlərdən və ümumi rəqabət səviyyəsindən asılı olacaq.
Ümumilikdə, bu il IV ixtisas qrupu üzrə imtahan nəticələri göstərir ki, sistemli hazırlıq keçən, mövzuları dərindən mənimsəyən və müntəzəm çalışan abituriyentlər üstünlük qazana biliblər. Bu da qəbul imtahanlarının əsas məqsədinə – həqiqi bilik və bacarığın qiymətləndirilməsinə xidmət edir”.