Azedu.az

III qrupu seçənlər DİQQƏT -  bu ixtisaslar sizi işsiz QOYMAYACAQ

Ali təhsil

27 İyun 2026, 09:35
III qrupu seçənlər DİQQƏT -  bu ixtisaslar sizi işsiz QOYMAYACAQ

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olunub. Artıq abituriyentlər topladıqları ümumi balı bilir və ixtisas seçimi barədə düşünməyə başlayıblar. Lakin bir çox məzunun fikri hələ də qarışıqdır və onlar hansı ixtisasa üstünlük verəcəklərinə qərar verməkdə çətinlik çəkirlər.

Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də III ixtisas qrupu üzrə hansı sahələrin daha perspektivli olmasıdır.

Bəs əmək bazarında daha çox tələbat görən, gələcəkdə iş imkanları geniş olan və məzunlarına daha yüksək karyera perspektivi vəd edən ixtisaslar hansılardır?

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov danışıb.

İqtisadiyyatın rəqəmsallaşması fonunda kommersiya, kiber və kibertəhlükəsizlik hüququ sahələrinə tələbat kifayət qədər yüksəkdir:

“Dinamik şəkildə dəyişən qlobal və yerli iqtisadiyyat fonunda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin elan olunması əmək bazarının gələcək strukturunu müəyyən edən strateji mərhələlərdən biridir. III ixtisas qrupu daha çox humanitar və sosial elmləri əhatə edir. Subyektiv yanaşmalarda bu qrup bəzən ənənəvi sahələr kimi xarakterizə olunsa da, müasir transformasiyalar nəticəsində onun daxilində tamamilə yeni, yüksək rəqabətqabiliyyətli istiqamətlər və subsektorlar formalaşıb.

Əmək bazarında tələbat baxımından III ixtisas qrupu üzrə ən perspektivli sahələrə nəzər saldıqda hesab edirəm ki, müasir korporativ sektor və dövlət idarəçiliyi fənlərarası biliklərə malik kadrlara ciddi ehtiyac duyur. Bu kontekstdə interdisiplinar və multidissiplinar yanaşmalar əsasında formalaşmış yeni ixtisaslar xüsusi əhəmiyyət kəsb edir.

Bu mənada III ixtisas qrupu üzrə rəqabət üstünlüyü yaradan ixtisasların hansılar olduğu xüsusi maraq doğurur. Bütövlükdə iqtisadiyyatın rəqəmsallaşması və biznes subyektlərinin qloballaşması fonunda kommersiya hüquqşünaslarına tələbat kifayət qədər yüksəkdir. Buraya kiber hüquq və kibertəhlükəsizlik hüququ kimi rəqəmsal dünyanın hüquqşünaslıq sahəsində formalaşdırdığı yeni istiqamətlər də daxildir. Bu ixtisaslar həm müasir dövrün tələblərinə cavab verir, həm də perspektivli karyera imkanları vəd edir”.

İlqar Orucov III ixtisas qrupu üzrə perspektivli ixtisaslar barədə ətraflı məlumat verib:

“Nəzərə alsaq ki, III ixtisas qrupunda yüksək nəticə göstərən abituriyentlər ənənəvi olaraq hüquqşünaslıq ixtisasına böyük maraq göstərirlər, bu istiqamətin gələcək karyera imkanları da kifayət qədər genişdir. Hüquqşünaslar özəl holdinqlərdə, bank və maliyyə sektorunda, beynəlxalq audit şirkətlərində, vəkillik bürolarında, eləcə də dövlətin hüquq-mühafizə orqanlarında fəaliyyət göstərə bilərlər.

III ixtisas qrupu üzrə, eyni zamanda, ictimaiyyətlə əlaqələr və kommunikasiya menecmenti ixtisası da hesab edirəm ki, müasir trendlər baxımından kifayət qədər cəlbedici istiqamətlərdən biridir. Bir daha vurğulamaq istərdim ki, müasir əmək bazarının tələbləri fonunda brend reputasiyasının idarə olunması, böhran kommunikasiyası və rəqəmsal marketinqin sintezi ictimaiyyətlə əlaqələr sahəsini şirkətlərin strateji idarəetmə mərkəzlərindən birinə çevirib.

Bu istiqamət üzrə də karyera imkanları kifayət qədər genişdir. Məzunlar korporativ sektorun ictimaiyyətlə əlaqələr departamentlərində, marketinq və kommunikasiya agentliklərində, dövlət qurumlarının mətbuat xidmətlərində, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərə bilərlər. Ümumilikdə baxdıqda bu sahə üzrə karyera perspektivlərinin spektri kifayət qədər genişdir.

Eyni zamanda, III ixtisas qrupu üzrə Dövlət və ictimai münasibətlər (Public Administration) ixtisası da hesab edirəm ki, xüsusi diqqət çəkən istiqamətlərdəndir. Dövlət xidmətlərinin rəqəmsallaşması və institusional islahatlar fonunda strateji planlaşdırma və idarəetmə bacarıqlarına malik yeni nəsil kadrlara tələbat getdikcə artır.

Bu ixtisas üzrə də kifayət qədər geniş karyera imkanları mövcuddur. Buraya nazirliklər, dövlət agentlikləri, publik hüquqi şəxslər və regional idarəetmə orqanları daxildir. Açığı, bu qurumlar sözügedən ixtisas üzrə peşəkar və savadlı mütəxəssislərə ciddi ehtiyac duyurlar. Bu baxımdan Dövlət və ictimai münasibətlər ixtisası müasir əmək bazarının perspektivli istiqamətlərindən biri hesab oluna bilər.

Həmçinin qeyd etdiyim kimi, fənlərarasılıq və qlobal transformasiyalar ayrı-ayrı ixtisaslar daxilində yeni istiqamətlərin formalaşmasına gətirib çıxarır. Bu baxımdan yeni media, rəqəmsal jurnalistika və kontent menecmenti III ixtisas qrupu üzrə seçim edəcək abituriyentlər üçün kifayət qədər perspektivli imkanlar yaradır.

Ənənəvi medianın transformasiyası və böyük verilənlər (Big Data) əsrində informasiya axınının idarə olunması bu sahəni tamamilə yeni mərhələyə çıxarıb. Rəqəmsal media holdinqləri, kontent agentlikləri, transmedia platformaları və digər media qurumları bu istiqamətdə təhsil alacaq gənclər üçün kifayət qədər geniş karyera imkanları təqdim edir”.

İxtisas seçimi zamanı ən böyük səhvlərdən biri yalnız keçid ballarına fokuslanmaqdır:

“Mən həmçinin abituriyentlər üçün bir sıra tövsiyələr vermək istərdim. İxtisas seçimi zamanı buraxılan ən böyük səhvlərdən biri yalnız keçid ballarına fokuslanmaqdır. Hesab edirəm ki, seçilən ixtisasın texnologiya ilə kəsişmə nöqtəsi mütləq şəkildə nəzərə alınmalıdır.

Məsələn, müasir jurnalist həm də data analitikası bacarıqlarına sahib olmalı, hüquqşünas isə blokçeyn texnologiyalarından anlayışlı olmalıdır. III ixtisas qrupu üzrə sahələrin milli çərçivədən çıxması üçün tədris dili ilə yanaşı, xarici dillərin, xüsusilə də ingilis dilinin akademik və peşəkar səviyyədə öyrənilməsi vacib və həlledici amildir.

Bütövlükdə hesab edirəm ki, lokal düşünən kadrların əmək bazarında dəyəri sürətlə azalacaq. Bu baxımdan III ixtisas qrupu üzrə sahələrdə qlobal düşüncə tərzinin formalaşması olduqca vacibdir”.

Universitet və ixtisas seçimi son nöqtə deyil, uğurlu karyeranın başlanğıcıdır:

“Eyni zamanda, süni intellektin və rəqəmsallaşmanın inkişafı fonunda rutin və texniki təkrar tələb edən sahələr deyil, emosional zəka, böhran idarəetməsi, strateji müzakirə və yaradıcı təfəkkür tələb edən istiqamətlər – beynəlxalq münasibətlər, hüquqşünaslıq və ictimaiyyətlə əlaqələr sahələri daha çox üstünlük qazanacaq. Əmək bazarı artıq diplomlara deyil, bacarıqlar portfelinə investisiya edir.

Universitet və ixtisas seçimi abituriyent üçün son nöqtə deyil, yalnız fundamental bir platformadır. Uğurlu karyera üçün hesab edirəm ki, təhsil müddətində şəbəkələşmə, beynəlxalq mübadilə proqramlarında iştirak və praktiki təcrübə mütləq şərtlərdir. Bu mənada abituriyentləri başa düşmək mümkündür. Biz kifayət qədər dəyişkən bir dövrdə yaşayırıq. Lakin qeyd etdiyim məqamlar çərçivəsində ixtisas seçiminə yanaşma onların gələcəkdə uğurlu karyera qurmasında həlledici rol oynayacaq".

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox