Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 13:57:00
Qubadlının tanınmış ziyalıları – 26 illik “həsrət stajı”

Bu gün Qubadlının  işğalından 26 il ötür.

AzEdu.az işğal olunan rayonumuzun təhsili və ziyalıları haqqında yazını təqdim edir:

Qubadlı rayonunda  56 ümumitəhsil məktəbi, 11 məktəbəqər təhsil müəssisəsi,  bir texniki peşə və iki musiqi məktəbi, 111 mədəni-maarif müəssisəsi, həmçinin, 60 kitabxana, 10 mədəniyyət evi fəaliyyət göstərib.

Qubadlının ziyalıları və tanınmış şəxsləri

Əliyar Əliyev -  Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. 1992-ci il 3 oktyabrda  “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri  Əliyar Əliyev qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Süleyman Rəhimov - Qubadlı rayonunun Əyin kəndindəndir. 1938-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1960-cı ildə isə Azərbaycan xalq yazıçısı adını alıb. Həmçinin, 1945-1958-ci illərdə Mədəni-Maarif işləri Komitəsinin sədri olub.

Əli İldırımoğlu – Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ə.İldırımoğlu 1988-ci ildə əməkdar jurnalist adını qazanıb. Həmçinin “Qızıl qələm” mükafatı laureatıdır.

Ramiz Rövşən – Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Şair, yazıçı, kinosenarist 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvüdür. 

Əli Əmiraslanov -  Qubadlı rayonunun Balahəsənli kəndində dünyaya gəlib. Geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü olub.