Azedu.az

“Tədqiqatım Azərbaycanda yetəri qədər araşdırılmayıb” - İngiltərədə təhsil alan DOKTORANT

Xaricdə təhsil

Təhsil Nazirliyi

1 Oktyabr 2026, 12:15
“Tədqiqatım Azərbaycanda yetəri qədər araşdırılmayıb” - İngiltərədə təhsil alan DOKTORANT

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də Bristol Universitetində (University of Bristol) doktorantura təhsili alacaq Jalə Məmmədovadır.

AzEdu.az Jalə Məmmədova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Doktoranturada əsas məqsəd hazır bilikləri öyrənmək yox, yeni elmi bilik yaratmaqdır:

“Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə almışam. Universitetə 642 balla qəbul olmuşam və təhsilimi fərqlənmə ilə başa vurmuşam. Daha sonra Dövlət Proqramı çərçivəsində İngiltərənin Bristol Universitetində inklüziv təhsil (Inclusive Education) üzrə magistr təhsili almışam.

Doktoranturaya müraciət edərkən İngiltərədə bir neçə universitetə müraciət etmişdim. Doktoranturada isə, məncə, universitetdən daha çox elmi rəhbərin kim olduğu və tədqiqat istiqamətlərinin nə dərəcədə uyğun gəldiyi önəmlidir. Buna görə də ilk növbədə tədqiqat mövzuma uyğun olan professorları araşdırır və onlarla əlaqə saxlayırdım.

Bəzi professorlar mövzumu bəyənsələr də, həmin sahə üzrə çalışmadıqları üçün məni başqa mütəxəssislərə yönləndirdilər. Nəticədə tədqiqat maraqlarımızın uyğun gəldiyi və mənə elmi rəhbərlik etməyə razı olan professorlarla işləmək üçün müraciətlər etdim.

Nottinqem (Nottingham), Bristol, Sauthempton (Southampton) və Lids (Leeds) universitetlərinə müraciət etmişdim və demək olar ki, hamısından qəbul aldım. Sonda isə Bristol Universitetini seçdim.

Bunun ilk səbəbi həmin universiteti artıq tanımağım idi. Magistr təhsilimi də Bristol Universitetində aldığım üçün universitetin akademik və tədqiqat mühitini yaxşı bilirdim. Bristol həm də İngiltərənin aparıcı tədqiqat universitetlərindən biridir və təhsil sahəsində güclü tədqiqat ənənəsinə malikdir.

Digər əsas səbəb isə elmi rəhbərimin mənim tədqiqat mövzum üzrə ixtisaslaşmasıdır. Onun bu sahədə çoxsaylı nəşrləri və kitabları var və bəzi işləri mənim tədqiqat mövzuma da ilham verib. Eyni zamanda, onunla tədqiqat maraqlarımızın üst-üstə düşməsi mənim üçün çox vacib idi.

Çünki doktoranturada məqsəd yalnız mövcud bilikləri öyrənmək deyil, yeni elmi bilik yaratmaqdır. Bunun üçün də tədqiqat mövzusunu yaxşı bilən və həmin sahədə təcrübəsi olan elmi rəhbərlə işləmək böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, doktorantura təhsilimi Bristol Universitetində davam etdirməyə qərar verdim”.

Bristol Universitetinə qəbul olmasaydım Azərbaycanda doktorantura təhsili almağı düşünməzdim:

“Səbəbi isə sırf tədqiqat mövzumla bağlıdır. Mənim tədqiqat mövzum Azərbaycanda geniş araşdırılmış mövzulardan deyil və bu sahədə mütəxəssislər də, demək olar ki, yoxdur. Tədqiqatım əlilliyi olan şəxslərin ali təhsil müəssisələrinə çıxışı ilə bağlıdır. Ədəbiyyata nəzər saldıqda görürük ki, bu istiqamətdə aparıcı tədqiqatçıların və professorların əksəriyyəti xarici universitetlərdə, xüsusilə də Böyük Britaniyada fəaliyyət göstərir.

Bu səbəbdən mənim üçün xaricdə, xüsusilə də bu sahədə güclü tədqiqat mühiti olan bir universitetdə doktorantura təhsili almaq daha uyğun idi. Bristol Universitetinə qəbul olmasaydım da, məqsədim dəyişməzdi. Yenə eyni istiqamətdə davam edərək digər universitetlərə müraciət edər və qəbul almağa çalışardım”.

190433

Müsahibəyə hazırlaşarkən bir növ özüm-özümün münsifi olmuşdum: mümkün iradları düşünür, öz cavablarıma qarşı arqumentlər qururdum:

"Dövlət Proqramına müraciət prosesi mənim üçün magistraturadakından bir qədər fərqli və daha stresli keçdi. Əsas səbəb gözləmə mərhələsi idi. Müraciətimi aprelin 30-da etmişdim, amma təxminən bir-iki ay ərzində müraciətimə baxılmamışdı. Yəqin ki, müraciətlər müəyyən ardıcıllıqla nəzərdən keçirilir. Amma müraciətçi olaraq bu müddətdə istər-istəməz düşünürsən ki, görəsən, nəyisə səhv etmisən, yoxsa hansısa problem var. Müraciətimin təsdiqləndiyini bildikdə isə çox sevindim.

Növbəti mərhələ müsahibəyə hazırlıq idi. Həmin dövrdə şəxsi və ailəvi məsələlərim də var idi, amma əsas diqqətimi hazırlığa yönəltmişdim. Doktorantura müsahibəsində magistraturadan fərqli olaraq tədqiqatçı kimi bilik və bacarıqları da göstərmək lazımdır. Buna görə tədqiqatımla bağlı məqalələr və kitablar oxudum, mövzu ilə əlaqəli qanunvericiliyi araşdırdım, mövcud ədəbiyyata və elmi boşluqlara baxdım. Məqsədim müsahibədə öz tədqiqatımı və arqumentlərimi əsaslandıra bilmək idi.

Hazırlıq zamanı mümkün sualları əvvəlcədən düşünür və öz cavablarıma qarşı arqumentlər qururdum. Bir növ özüm özümün münsifi olmuşdum. Fikirləşirdim ki, münsiflər hansı iradı bildirə və ya hansı əlavə sualı verə bilərlər. Bu yanaşma mənə müsahibəyə daha hazırlıqlı getməyə kömək etdi.

Müsahibə günü də özümü kifayət qədər rahat hiss edirdim. Müsahibə zamanı cavablarımdan razı qaldığımı hiss etdim və düşündüm ki, yaxşı alındı. Bundan sonra isə yenə gözləmə mərhələsi başladı. Təxminən bir ay nəticələri gözlədim. Mənim üçün bütün prosesin ən stresli hissəsi məhz bu gözləmə idi”.

Dövlət Proqramı sayəsində maddi məsələləri düşünmədən təhsilimizə və elmi fəaliyyətimizə fokuslana bilirik:
​​​
“Dövlət Proqramının imkanlarını çox yaxşı qiymətləndirirəm. Çünki dünyanın qabaqcıl universitetlərində təhsil almaq, ilk növbədə, qəbul baxımından kifayət qədər çətindir. Eyni zamanda, belə təhsil böyük maddi vəsait tələb edir. Dövlət Proqramı sayəsində isə biz bu maliyyə məsələsini düşünmədən təhsilimizə və elmi fəaliyyətimizə fokuslana bilirik. Maddi tərəflə bağlı narahatlığın olmaması stresimizi də azaldır və daha çox elmə yönəlməyimizə imkan verir. Məncə, proqramın əsas üstünlüklərindən biri də budur.

Digər tərəfdən, biz nüfuzlu ali təhsil müəssisələrində oxumaq, dünyanın aparıcı professorlarından bilik və bacarıqlar qazanmaq imkanı əldə edirik. Sonra öyrəndiklərimizi Azərbaycana gətirərək burada tətbiq edə və başqaları ilə bölüşə bilirik.

Bununla yanaşı, xaricdə təhsil insanın dünyagörüşünü də dəyişir. Fərqli ölkələrdə olmaq, müxtəlif insanlarla tanış olmaq və onların yanaşmalarını görmək insanın düşüncə tərzinə təsir edir. Məncə, bu da Dövlət Proqramının yaratdığı mühüm imkanlardan biridir”.

Böyük Britaniyadakı təhsil təcrübəmlə Azərbaycandakı təhsil arasındakı əsas fərq təhsilin stresdən daha uzaq olmasıdır:

"Burada oxuyarkən heç vaxt özümü stres altında hiss etməmişəm. Tələsmək və stres demək olar ki, tamamilə uzaq məfhumlardır. Məsələn, hər gün dərsdə sual-cavab etmək, dərs danışmaq və ya müəllim qarşısında cavab vermək kimi bir yanaşma yoxdur. Biz dərsə gəlib müəllimi dinləyir, qrup işləri həyata keçiririk. Bilik və bacarıqlarımızı əsasən imtahanlar vasitəsilə göstəririk. Mənim imtahanlarım isə əsasən məqalə yazmaq formasında olub. Məsələn, məqaləni hazırlayıb Blackboard-a yükləyirdik.

Bu yanaşma da təhsili müəyyən qədər stresdən uzaq edir. Təsəvvür edin ki, hamı bir sinifə yığılmır, qarşınıza 2-3 saatlıq vaxt qoyulmur və başınızın üstündə dayanıb sizi izləyən kimsə olmur. Evdə oturub müstəqil şəkildə işləyirmiş kimi olursunuz. Bu zaman da daha sərbəst və rahat olduğunuz üçün, məncə, daha keyfiyyətli iş ortaya qoymaq mümkündür. Eyni zamanda, bu o demək deyil ki, plagiata yol verilir və ya işlər nəzarətsiz qalır. Əksinə, bütün işlər plagiat baxımından yoxlanılır və belə bir halın qarşısını almaq üçün ciddi nəzarət var.

Digər tərəfdən, özümü pis hiss etdiyim və ya hər hansı çətinlik yaşadığım zaman kuratorla (personal tutor) danışa bilirəm. Onlar da dəstək olmağa çalışırlar. Buna görə mənim şəxsi təcrübəmdə ciddi bir stres faktoru olmayıb. Əlbəttə, bu, mənim şəxsi təcrübəmdir və bütün universitetlərə şamil etmək olmaz. Məsələn, seminar və mühazirə kimi anlayışlarla bağlı da mənim təcrübəm Azərbaycandakı təhsildən fərqli olub.

Bir digər fərq isə Böyük Britaniyada təhsilin daha çox müstəqil öyrənmə, yəni self-study (müstəqil təhsil) tələb etməsidir. Tələbəyə müəyyən materiallar təqdim olunur və həmin materialları özü araşdırıb öyrənməlidir. Məncə, Böyük Britaniyanın təhsil sisteminin əsas xüsusiyyətlərindən biri də məhz budur".

190434

Azərbaycan yeməklərindən ən çox anamın bişirdiyi qutab və kələm turşusu üçün darıxıram:

"Dərslərlə bağlı heç bir çətinlik çəkməmişəm. Magistraturada da təhsilimi Britaniyada fərqlənmə ilə başa vurmuşam. Düşünürəm ki, bu, bir qədər insanın xarakteri ilə bağlıdır. Mən əvvəllər özümü introvert hesab edirdim, amma deyəsən, ekstravertəm. Çünki insanlarla ünsiyyət qurmaq və sosiallaşmaq mənim üçün heç vaxt problem olmayıb.

Ona görə də xaricdə təhsil aldığım müddətdə bu baxımdan ciddi çətinlik yaşamamışam. Düşünürəm ki, xaricdə təhsil almaq istəyən şəxslər də mümkün qədər ünsiyyətcil olmalı, insanlarla danışmaqdan çəkinməməlidirlər. Məncə, bu zaman xaricdə təhsil prosesi daha rahat keçir. İçinə qapanıq olmaq isə bu prosesdə müəyyən çətinliklər yarada bilər.

Yemək məsələsinə gəlincə, internetdə belə bir mem var. Soruşurlar: “Britaniya yeməkləri doğrudan da pisdir?” Cavab isə belədir: “Düzgün hazırlanırsa, bəli.” Yəni Britaniya yeməkləri, açığı, mənim zövqümə görə heç də yaxşı deyil.

Hətta adi bir nümunə deyim: “McDonald's”. Azərbaycandakı “McDonald's”la Britaniyadakı “McDonald's” eyni dadı vermir. Dadı tamamilə fərqlidir. Ümumiyyətlə, “Vau, bu necə dadlı yeməkdir!” deyəcəyim çox yemək olmayıb. Britaniya mətbəxinin milli yeməkləri də çox deyil, ən azı mənim zövqümə görə.

O baxımdan, çöldə yemək istəyirsinizsə, dadlı alternativ tapmaq bəzən çətin olur. Amma bunun alternativi kimi evdə özünüz yemək bişirə bilərsiniz. Mən də əsasən belə edirəm. Bütün yeməklərimi özüm bişirirəm. Ən azı, öz bişirdiyim yeməklərin dadı mənə daha yaxşı gəlir.

Azərbaycan yeməklərindən ən çox darıxdığım bir şey yoxdur, çünki öz yeməklərimizi də bişirirəm. Amma anamın bişirdiyi qutab – biz kətə deyirik və bizim hazırladığımız bir qədər fərqli olur – onun üçün darıxıram. Bir də kələm turşusu. Burada kələm turşusu tapa bilmirəm. Bəlkə də polyak marketlərində var, bilmirəm, amma axtarmışam və tapa bilməmişəm. Açığı, onun üçün darıxıram.

Britaniyada gözlədiyimdən daha çox bəyəndiyim yemək isə “Honest Burger” adlı restorandakı burgerlərdir. Doğrudan da, məncə, dünyadakı ən yaxşı burgerlərdəndir. “Bunu heç vaxt yemərəm” dediyim xüsusi bir yemək də olmayıb. Sadəcə, ingilis mətbəxində görünüşünü bəyənmədiyim yeməkləri dadmamışam".

İnsanlar sizi qəbul edəndə mədəniyyətinizi və ölkənizi də qəbul etməyə başlayırlar. Ona görə də xaricdə özünü düzgün təqdim etmək və yaxşı təəssürat yaratmaq çox vacibdir:

"Təhsil aldığım müddətdə xarici tələbələrlə ünsiyyətim yaxşı olub. Sosiallaşmaqla bağlı problemim olmadığı üçün hər kəslə rahat münasibət qura və ünsiyyət saxlaya bilirəm. Bu baxımdan heç bir çətinlik yaşamamışam. Düzdür, bəzən xoşagəlməz hallar da yaşanır. Belə bir hal baş verəndə universitetə məlumat vermişdim və məsələni həll etmişdik. Bundan başqa, hər şey yaxşı olub.

Müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq fərqli mədəniyyətləri görmək, yeni insanlar tanımaq və şəbəkələşmək baxımından çox vacibdir. Çünki həmin insanlar gələcəkdə öz ölkələrində müxtəlif vəzifələrdə çalışa və ya cəmiyyətləri üçün önəmli şəxslərə çevrilə bilərlər. Biz də onlarla tanış olur, əlaqələr qurur, bir-birimizə kömək edir və fərqli perspektivlərimizi bölüşürük. Məncə, bunlar çox dəyərlidir.

Azərbaycan haqqında da çox danışmışam. Məsələn, musiqimizdən, muğamdan, tarixi abidələrimizdən və milli mətbəximizdən bəhs etmişəm. Hətta bəzi yeməklərimizi bişirib aparmışam ki, dadına baxsınlar və hamısı çox bəyənib. Çayımız haqqında da danışmışam. Ümumiyyətlə, ölkəmiz və mədəniyyətimizlə bağlı bildiyim və maraqlı hesab etdiyim çox şeyi onlarla bölüşmüşəm.

Bilirsiniz, insanlar sizi qəbul edəndə sizin mədəniyyətinizi və ölkənizi də qəbul etməyə başlayırlar. Sizi sevirlərsə, ölkənizə və mədəniyyətinizə də maraq göstərirlər. Ona görə də xaricdə olarkən, məncə, ilk növbədə özünü düzgün təqdim etmək və insanlarda yaxşı təəssürat yaratmaq vacibdir.

Mənim ukraynalı, polyak, britaniyalı və müxtəlif millətlərdən dostlarım və tanışlarım olub. Onların Azərbaycanı sevməsinin səbəblərindən biri də mənimlə qurduqları münasibətdir. Çünki qarşındakı insanı sevdikdə və onun yaxşı bir insan olduğunu düşündükdə, onun ölkəsinə və mədəniyyətinə də daha müsbət yanaşırsan. Məncə, bu, bir çox hallarda belədir.

Hətta dostlarımın bəziləri ailələrinə də mənim haqqımda danışıblar. Məsələn, polyak bir dostum ailəsinə “Bir azərbaycanlı ilə tanış olmuşam” deyib. Anası da ona “Azərbaycanlılar yaxşı insanlardır” cavabını verib. Məncə, belə münasibətlərin yaranması ölkəmizi xaricdə tanıtmaq baxımından da çox dəyərlidir".

190432

Dövlət Proqramının qalibi olmaq istəyənlərə tövsiyəm odur ki, cavabları əzbərləməkdənsə, məntiqli düşünməyi və fikirlərini düzgün çatdırmağı öyrənsinlər:

"İki dəfə Dövlət Proqramının qalibi olmuş biri kimi tövsiyəm odur ki, əgər xaricdə təhsil almaq şansı qazanıblarsa, əsla içinə qapanmasınlar, insanlarla sosiallaşsınlar. Çünki düşünürəm ki, belə bir fürsət hər zaman qarşıya çıxmır.

Müraciət və hazırlıq prosesində müsahibəyə ciddi hazırlaşmaq lazımdır. Burada ən vacib məsələlərdən biri fikirli olmaqdır. Yəni insanın öz fikri və danışdığı mövzu haqqında biliyi olmalıdır. Amma məncə, ən önəmlisi həmin biliyi qarşı tərəfə necə çatdırmaqdır.

Ona görə də danışıq və inandırma bacarıqları üzərində işləmək, məntiqli mühakimə yürütməyi öyrənmək vacibdir. Çox şeyi əzbərləmək mümkündür, amma müsahibə zamanı sual gözlənilməz istiqamətdən gələndə hazır cavab kömək etməyə bilər. Buna görə də müxtəlif situasiyalardan çıxmağı, praktik və analitik düşünməyi bacarmaq lazımdır. Digər tövsiyəm isə natiqlik və spikerlik bacarıqlarını inkişaf etdirməkdir. Çünki yaxşı danışıq və natiqlik bacarığı fikirlərini daha aydın və inandırıcı şəkildə çatdırmağa kömək edir. Məncə, bu, müsahibələrdə xüsusilə vacibdir".

Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox