Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzində baş tutur.
Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, İordaniya və digər ölkələrdən dövlət qurumlarının və media sahəsinin nümayəndələri iştirak edirlər.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in baş katibi, səfir Kayrat Sarıbay və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov iştirak edirlər.
Forum çərçivəsində iki panel sessiyanın keçirilməsi nəzərdə tutulub.
Onlardan biri "Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlıq, nəticələr" mövzusuna, digəri isə "Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" mövzusuna həsr olunub.
Panelin sessiyalarında Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səmədin Əsədov, Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Mehmet Daniş, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Qazaxıstan Prezidentinin yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru Askar Umarov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov, Pakistanın Federal Təhsil və Peşəkar Təlim üzrə dövlət naziri Vaciha Qəmər, Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobulcon Əhmədov, Qazaxıstanın mədəniyyət və informasiya üzrə birinci nazir müavini Kanat İsləkov, İordaniyanın Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zeyd ən-Navayseh, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti üzrə nazir müavini Salkın Sarnoqoyeva və Kamboca İnformasiya Nazirliyində dövlət katibinin müavini Prak Tavik Amida çıxış edəcəklər.