Azedu.az

Təhsildə qaydalar yenidən yazılacaq - Yeni məcəllə nə üçün lazımdır?

AzEdu Təhsil Platforması

1 Oktyabr 2026, 14:29
Təhsildə qaydalar yenidən yazılacaq - Yeni məcəllə nə üçün lazımdır?

Deputat Ceyhun Məmmədov ötən gün ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib.

Millət vəkili qeyd edib ki, "Təhsil haqqında" qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunların hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bu praktika bir sıra ölkələrdə mövcuddur:

"Amerika Birləşmiş Ştatlarında da belə bir təcrübə var. Söhbət təhsillə bağlı bütün qanunların və hüquqi sənədlərin bir araya gətirilərək vahid məcəllədə birləşdirilməsindən gedir.

Bu gün Azərbaycanda “Təhsil haqqında” qanun mövcuddur. Eyni zamanda, ali təhsil, peşə təhsili və digər istiqamətlərlə bağlı qanunlar qəbul edilir. Təklif ondan ibarətdir ki, bütün bu qanunvericilik aktları bir araya gətirilərək vahid Təhsil Məcəlləsi formalaşdırılsın. Yəni məqsəd təhsil sahəsində mövcud olan bütün qanunvericilik normalarının hüquqi sənəddə sistemləşdirilməsidir.

“Təhsil haqqında” qanun qəbul ediləndən xeyli vaxt keçib. Hesab edirəm ki, təhsilin düzgün və səmərəli idarə olunması üçün, ilk növbədə, hüquqi baza gücləndirilməlidir. Təhsili yalnız qaydalarla idarə etmək mümkün deyil. Buna görə də “Təhsil haqqında” qanunda bu gün təhsil sahəsində cərəyan edən proseslər, yeniliklər və digər aktual məsələlər öz əksini tapmalıdır".

Təbii ki, burada müəllimlərin hüquq və öhdəlikləri ilə bağlı məsələlər də nəzərə alınmalıdır:

"Bu gün müəllimlərin sertifikatlaşdırılması, qiymətləndirilməsi və digər proseslər həyata keçirilir. Bütün bu məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Eyni zamanda, həm dövlətin, həm cəmiyyətin, həm də digər tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklər aydın şəkildə müəyyənləşdirilməlidir. Bütün bu məqamlar hüquqi bazada öz əksini tapmalı və sistemli şəkildə tənzimlənməlidir.

Təbii ki, Təhsil Məcəlləsinin hazırlanması qısa müddətdə baş verəcək proses deyil. Bunun üçün müəyyən zaman tələb olunur. Bu proses 2-3 il və ya daha uzun müddət davam edə bilər. Ona görə də biz bu istiqamətdə prosesə indidən hazır olmalı və təhsilin hüquqi bazasını gücləndirməliyik".

Rusiya ordusunda şok görüntülər - Acından ölürük!
Son xəbərlərDaha çox